Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Hürriyet” qəzetinə verdiyi müsahibədə Türkiyənin Ukrayna ilə davam edən hərbi-texniki əməkdaşlığını sərt tənqid edib.
Lavrov deyib: “Ankaranın Ukrayna rejimi ilə əməkdaşlığı Türkiyənin vasitəçilik iddiaları fonunda anlaşılmazlıq yaradır. Türkiyə silahlarının Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçilərinin və mülki vətəndaşların öldürülməsi üçün istifadə edilməsi dərin narahatlıq doğurur”.
O, bu addımların iki ölkə arasında etibara və əməkdaşlığa mənfi təsir göstərə biləcəyini ifadə edib.
Lavrov əlavə edib: “Türkiyənin vasitəçi olaraq mövqeyini qorumaq istəyərkən eyni zamanda hərbi-texniki sahədəki fəaliyyətləri ziddiyyətli görünür. Biz Ankaranın bu siyasətini sual altında qoyuruq”.
Sergey Lavrovun bu açıqlamaları Moskva-Ankara münasibətlərində yeni sualların və gərginliyin yaranmasına səbəb ola biləcək mahiyyət daşıyır. Nazirin bu tənqidi eyni zamanda Türkiyənin Qara dəniz regionundakı balanslı mövqeyinə və Rusiyanın bu məsələdəki mövqeyinə diqqət çəkir. Ankara vasitəçilik təklifləri ilə beynəlxalq arenada sülhün dəstəkləyicisi kimi görünmək istəsə də, hərbi-texniki əməkdaşlıq fərqli bir mənzərə yaradır və Rusiya tərəfinin gözündə inandırıcılığı azaldır.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Musavat.com-a şərhində bildirib ki, Rusiyanın Ukraynaya hərbi texnika satdığına görə Türkiyəni tənqid etməsinə heç bir haqqı yoxdur.
O vurğulayıb ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən dövlətdir, Rusiyanın Krımı ilhaqını tanımayıb:
“Türkiyənin Rusiya ilə olduğu kimi, Ukrayna ilə də sıx tərəfdaşlıq münasibətləri var. Türkiyə bölgənin aparıcı dövlətlərindən biri kimi tərəfdaş saydığı istənilən dövlətə silah və hərbi texnika sata bilər. Buna baxmayaraq, Türkiyə Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün vasitəçilik təşəbbüsləri ilə çıxış edib, tərəflər sonuncu dəfə İstanbulda görüşüblər. Rusiya prezidenti Vladimir Putin Türkiyənin bu təşəbbüslərinə görə dəfələrlə həmkarı Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib. Nə baş verdi ki, Putinin xarici işlər naziri Türkiyə haqqında fərqli fikirlər söyləməyə başladı? Lavrov nazir olduğu dövrdə o qədər ziddiyyətli fikirlər söyləyib ki, onu ciddi qəbul edənlərin sayı xeyli azalıb. Sergey Lavrov bir neçə il əvvəl açıqlamalarında deyirdi ki, guya Qarabağ Azərbaycanın daxili məsələsi deyil. Yəni bununla işarə edirdi ki, Azərbaycan Rusiyanın Qarabağdakı maraqlarını nəzərə almalıdır. Azərbaycan yalnız öz maraqlarından çıxış edərək, ərazi bütövlüyünü, Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini bərpa etdi və Lavrov bu reallığı qəbul etmək məcburiyyətində qaldı. Sergey Lavrov “Ankaranın Ukrayna rejimi ilə əməkdaşlığı Türkiyənin vasitəçilik iddiaları fonunda anlaşılmazlıq yaradır” deyərkən gərək güzgüyə baxardı. Kreml Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa çalışarkən, İkinci Qarabağ müharibəsi zamanı hərbi texnikanı Ermənistana daşıyırdı. Ona görə Lavrovun Türkiyəni tənqid etməyə heç bir əsası yoxdur”.
Nigar HƏSƏNLİ,
Musavat.com