AZ

“Çətin günlərində heç bir sənətçidən dəstək görmədik, ən böyük arzusu yarım qaldı...” - Eldəniz Zeynalovun gəlini

“Çox təəssüf ki, nə qaynatamı görmüşəm, nə də qaynanamı. Məmməd həmişə valideynlərindən ürək dolusu danışardı. Ona deyirdim ki, atanla dost, ananla isə bir rəfiqə kimi olardım. Uşaqlıqdan Eldəniz Zeynalovu tanıyırdım, filmlərini izləyirdim. Qonşular həmişə Eldəniz müəllimdən, həyat yoldaşından böyük həvəslə, sevgiylə danışardılar. Mən indi də onları çox sevirəm. Çünki onlar mənim ürəyimin parçasının valideynləri idi”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Eldəniz Zeynalovun gəlini, oğlu Məmməd Zeynalovun həyat yoldaşı İradə Zeynalova deyib.
 
O daha sonra əlavə edib:
 
 
“Məmmədin ən böyük arzusu xaricə köçmək, orada yaşamaq  və oğlumuzu orada oxutdurmaq idi. Nədənsə ən böyük arzusu bu idi. Qismət olmadı. Demək ki, alın yazısı belə imiş. Mən bu gün Eldənizi layiqincə böyüdürəm. 1-ci sinfə gedir, dərslərini yaxşı çalışır. Məmmədin çətin günlərində Eldəniz müəllimin sənət yoldaşlarının heç birindən dəstək görmədik. Onları da qınamıram, hər kəsin öz problemləri var”.      
 
İradə xanım bildirib ki, övladının cərrah olmasını istəyir:
 
“Ən böyük arzum budur ki, Eldəniz cərrah olsun. Amma görürəm ki, incəsənətə üstünlük verir. Deyir ki, böyüyəndə kino çəkəcəm. Əvvəl istədim ki, onu incəsənətdən uzaqlaşdırım, gördüm ki, mümkün deyil. Bu qanla-canla gəlir”.
 
 
İradə Zeynalova deyir ki, ikinci dəfə ailə həyatı qurmağı düşünmür:
 
“Ailəm mənə heç vaxt ailə həyatı qurmaqla bağlı heç nə deməyib. Hər saniyə Məmməd ağlımdadır. Biz xoşbəxt idik. Çünki bir-birimizi sevib evlənmişik. Düzdür, hər ailədə söz-söhbət olurdu, bizdə də. 2 dəqiqə keçmirdi ki, barışırdıq. Bir-birimizlə küsülü qala bilmirdik. Hər şey geridə qaldı, yarım qaldı. Oğlumuzu birdəfəlik  böyüdəcəkdik, qismət olmadı. Məmmədlə yaşadığım hər gün mənim üçün artıq bir xatirəyə dönüb. Yuxularıma gəlir. Deyir ki, xəstəyəm. Hər dəfə sanki narahat, nigaran olurdu bizə görə”.
phrase_var_article.chosen
162
33
moderator.az

10phrase_var_article.sources