AZ

“Qarabağ”ın uğurlu çıxışı olmasaydı, Azərbaycan futboluna maraq çoxdan ölərdi

Azərbaycanın intellektual kəsimi onu çox sevir. “Nə? Harada? Nə zaman?" elitar klubunda qazandığı beynəlxalq uğurlarla ölkəmizin adını ucaldıb, xalqımızı qürurlandırıb.

Kapitanı olduğu komanda ardıcıl 7 final seriyasında qalib gəlib. “Büllur bayquş”, “Brilyant bayquş”, “Klubun ən yaxşı kapitanı” poqonu mükafatlarına layiq görülüb.

Bu oyunun idman variantında dünya çempionu olub. Beynəlxalq "Nə? Harada? Nə zaman?" Klubları Assosiasiyası tərəfindən 2010-cu ilin adamı seçilib.

Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda uğurla təmsil etdiyinə görə "Tərəqqi" medalına layiq görülüb. İctimai Televiziyanın baş direktoru olandan sonra gördüyü işlərlə “İstedadlı adam, hər sahədə istedadlıdır” deyimini doğruldub.

Çoxları bilmir ki, vaxtilə futbolçu ola bilərmiş. İndi həm də, ən sevdiyi sahədə - futboldadır.

Ölkə futbolunun rəhbərlərindən biri kimi Azərbaycan mediasına ilk müsahibəsində demək olar ki, bütün problemli nöqtələrə toxunmağa çalışdıq, çıxış yolları haqda fikirlərini öyrəndik.

Publika.az Sports.az-ın AFFA-nın vitse-prezidenti, İTV-nin baş direktoru Balakişi Qasımovla eksklüziv müsahibəni təqdim edir.

“Təəssüf ki, bu gün klubların əksəriyyəti üçün uşaq futbolu prioritet deyil”

- Sizi yaxından tanıyanlar bilir ki, əla futbol oynayırsınız və bu idman növü ilə uzun illər məşğul olmusunuz. Niyə futbolçu olmamısınız?

- Əvvəllər hər həftə futbol oynayırdım, bəzən vaxt tapanda daha tez-tez də oynamaq imkanım olurdu. Amma sonra zədələr başladı: əvvəlcə ayağım sındı, daha sonra dizimin lateral və medial bağları qopdu. İndi ancaq yuxularımda və “PlayStation”da futbol oynayıram…

Niyə futbolçu olmadım? O vaxtlar çox çətin idi: Sovet İttifaqı yenicə dağılmışdı, müharibə gedirdi, hər bir sahədə, o cümlədən futbolda qeyri-sabit vəziyyət hökm sürürdü. Son ana qədər davam etdim, amma sonra başa düşdüm ki, məşqlər təhsilimə mənfi təsir edir. Seçim etmək məcburiyyətində qaldım. Düşünmürəm ki, məndən böyük futbolçu çıxardı. O qədər istedadlı uşaqlar var ki, gənc yaşlarında ümid verirlər, amma sonra yollarını davam etdirə bilmirlər. Heç vaxt seçimimdən peşman olmamışam. Allaha şükür, hər şey mənim üçün yaxşı alındı.

- O dövrdə futbolla harda məşğul olmuşdunuz və hansı problemləri xatırlayırsınız? İndiki uşaq futbolu ilə müqayisə apara bilərsinizmi?

- Mənim məşqçim Yaşar Abdulov idi. Tofiq Bəhramov adına stadionda, əksər vaxtlar tablonun arxasındakı meydançada məşq edirdik. Problemlərə gəldikdə, buts və futbol forması tapmaq çətin idi. Qumlu meydançalarda, bəzən isə asfaltın üstündə məşq edirdik. Toplar da müxtəlif olurdu. Amma o vaxt bizim üçün bu problemlər əhəmiyyət kəsb etmirdi — əsas o idi ki, futbol oynaya bilək. İndi uşaqların məşq edib oynadıqları meydançaların vəziyyəti mənim uşaqlıq dövrümlə müqayisədə yaxşıdır, amma futbolun inkişaf etdiyi ölkələrdə mövcud olan futbol meydançaları ilə müqayisədə qənaətbəxş deyil.

Aşağı keyfiyyətli süni örtüklü meydançalar uşaq futbolunda zədələrin əsas səbəblərindən biridir. Zənnimcə, keyfiyyətli meydançalar və stadionlar olmadan ölkədə futbolun inkişafı mümkün deyil. Əminəm ki, indi işlənib hazırlanmaqda olan strategiyada bu və digər problemlərin həll yolları göstəriləcək və AFFA klublarla birlikdə bu problemləri aradan qaldırmaq üçün əlindən gələni edəcək. Təəssüf ki, bu gün klubların əksəriyyəti üçün uşaq futbolu prioritet deyil...

- AFFA İcraiyyə Komitəsində futbol adamlarının təmsil olunmaması haqda fikir var… Veteranlarımızın hər hansı qlobal, məntiqli fikir, ideya verəcək intellekti, yüksək təşkilatçılıq bacarığı varmı? İcraiyyə Komitəsindən kənarda qalan neçə belə futbol veteranı tanıyırsınız?

- Səməd Qurbanov, Qurban Qurbanov və Maqsud Adıgözəlov - bunlar futbol adamlarıdır, elə deyilmi? Onların sayının az və ya çox olması məsələsi isə hazırkı İcraiyyə Komitəsinin tərkibinə səs verənlərə aid bir sualdır. Onların arasında futbol aləmindən olan insanlar az idimi? Hesab edirəm ki, İcraiyyə Komitəsindən kənarda da ideya və işi ilə ölkə futboluna töhfə verə biləcək futbol adamları az deyil. Biz istənilən ideya və problemi müzakirə etməyə hazırıq.

- "Sabah" Futbol Klubunun qurucusu və ideya müəllifi olduğunuz deyilir. Bu klubla sizi nə birləşdirir? Özünüzü futbol adamı sayırsınızmı?

- Bu layihəni başlamağı təklif edən şəxs mən deyildim, amma ilk gündən komandaya dəstək verənlərdən biri olmuşam. Futbola sevgim və “Sabah” klubuna yaxınlığım məni futbol adamına çevirirmi? Düzünü desəm, bunu siz daha yaxşı bilərsiniz. Bir şeyi dəqiq deyə bilərəm: mən futbolda yad аdam deyiləm.

“Rövşən Nəcəf müasir və təcrübəli menecerdir, futbola sevgi ilə yanaşır və onu dərindən anlayır”

- Rövşən Nəcəf Azərbaycan üçün taleyüklü bir vəzifədədir. Həmin postda ola-ola həm də ölkəmizdə dünyanın 1 nömrəli idman növünün inkişafına lazımi vaxt ayırması qeyri-mümkündür. AFFA prezidentliyinə daimi və yalnız bu işlə məşğul olacaq bir şəxsin seçilməsi daha faydalı və doğru deyildimi?

- Rövşən Nəcəf AFFA-nın məsul dövlət vəzifəsi daşıyan ilk prezidenti deyil. Əgər yanılmıramsa, Fuad Musayevdən sonra yalnız futbolu idarə edən federasiya prezidenti olmayıb. Üstəlik, eyni vəziyyət digər idman növlərində də müşahidə edilir. Bu yanaşmanın həm üstünlükləri, həm də çatışmazlıqları var, amma bizim reallıqlarımızda üstünlüklər daha çoxdur. Rövşən Nəcəf müasir və təcrübəli menecerdir, futbola sevgi ilə yanaşır və onu dərindən anlayır. Əminəm ki, tezliklə onun fəaliyyətinin bəhrəsini görəcəyik.

- Rövşən Nəcəf bir neçə ay öncə bizi qəbul etdi, futbolun təbliği və inkişafında jurnalistikanın əhəmiyyətindən danışdı. İdman mediasına AFFA-nın dəstək verəcəyini və bu cür görüşlərin tez-tez olacağını bildirdi. Amma ilk və son görüş oldu...

- Rövşən Nəcəf mediaya açıq adamdır. Məncə, onun öz şəxsi təşəbbüsü ilə idman jurnalistləri ilə görüşməsi və onları dinləməsi də bundan xəbər verir. Ola bilər ki, işlərinin çoxluğu ilə əlaqədar ötən müddətdə yenidən jurnalistlərlə görüş keçirmək mümkün olmayıb. Amma əminəm ki, həmin görüş sonuncu deyildi, çünki idman jurnalistlərinin fikirlərinə böyük önəm verilir. Hətta strategiya hazırlanarkən idman jurnalistləri AFFA-ya dəvət olunaraq onların da fikir və təklifləri dinlənilib.

- AFFA-nın rəhbərliyi dəyişəndən futbolumuzda hər hansı canlanma, yenilik görünmür. Üstəlik, Elxan Məmmədovun dövründəki rəhbər kadrların demək olar hamısı yenə işlərinə davam edirlər. Elşad Nəsirov və komandası yenə futboldadır. Yeni rəhbərliyin hansısa bir əməli fəaliyyətini nə vaxt görəcəyik?

- Mən sizi və dəyişikliklərin daha sürətlə baş verməsini istəyən digər futbol ictimaiyyəti nümayəndələrini başa düşürəm. Bu, yəqin ki, normaldır. Pis işləyən sistemi bir anda dağıtmaq mümkündür, amma bu, adətən, səmərəli olmur. Əsaslı dəyişikliklər etmək üçün əvvəlcə sistemin problemlərini və onların kökünü araşdırmaq lazımdır. Yalnız bundan sonra kadr məsələlərinin həllinə keçmək olar. Düşünürəm ki, hansısa kadrın “kiminsə adamı” olub-olmaması önəmli deyil. Əsas məsələ odur ki, həmin şəxs yeni qaydaları qəbul etsin və onlara əməl etməyə hazır olsun. Yaxın gələcəkdə də kadr dəyişiklikləri istisna edilmir. Əslində, artıq müəyyən dəyişikliklər də olub. Məsələn, Hakimlər Komitəsinin rəhbəri dəyişdirildi. Ötən mövsümlə müqayisədə ilk dövrə ərzində mübahisəli hakim qərarlarının sayı daha azdır. Hakimlik sahəsində gənc kadrların yetişməsi çox önəmlidir və bu məsələ Hakimlər Komitəsinin rəhbərinin qarşısındakı əsas hədəflərdən biridir.

Milli komandanın baş məşqçisi vəzifəsinə Fernandu Santuşun təyin edilməsini də aktivə yazmaq olar. O, Azərbaycan futboluna maksimum hörmətlə yanaşır, ölkəmizdə yaşayır və köməkçiləri ilə birlikdə ölkə çempionatının oyunlarını izləyir. Yeganə çatışmazlığı odur ki, sehrbaz deyil. Ona zaman vermək lazımdır. Əminəm ki, o, milli komandamızı daha yaxşı vəziyyətə gətirəcək. Artıq iki dəfə milliyə çağırılacaq futbolçuların siyahısını mətbuat konfransı keçirərək açıqlayıb. Hətta federasiya prezidenti belə, axıra qədər kimlərin dəvət olunacağını bilmirdi. Əvvəllər də belə idi?!

Federasiya daxilində də kadr dəyişiklikləri olub, məsələn, Maliyyə departamentinə yeni rəhbər təyin edilib. Əvvəllər bəzi sahələrdə tenderlər keçirilmirdi, indi isə keçirilir. Düşünürəm ki, federasiya daxilində görülən işlər barədə Sərxan Hacıyev daha ətraflı danışa bilər.

- Bu suala ətraflı cavab versəniz, hamı üçün maraqlı olar. Siz Azərbaycanın ən zəki insanlarından birisiniz. Maraqlıdır, Balakişi Qasımov Azərbaycan futbolunun bu bataqlıqdan çıxmasının yolunu necə görür?

- Düşünürəm ki, bizi çox uzun və çətin bir yol gözləyir. Biz səbrli olmalı və yorulmadan işləməliyik. Bunu təkcə AFFA-nın əməkdaşları və İcraiyyə Komitəsi deyil, bütün futbol ictimaiyyəti - klublar, jurnalistlər, veteranlar, azarkeş klubları və digərləri də etməlidir.
Nizam-intizam, şəffaflıq və ədalət prinsiplərinə əməl etməklə insanlarda futbolumuza və onun gələcəyinə inam yarada bilərik. Biz elə etməliyik ki, Bakıda və əlbəttə, regionlarda daha çox uşaq futbol bölmələrinə qoşulsun. Futbolun inkişafına nail olmaq regionlarsız mümkün olmayacaq.

Əminəm ki, indi işlənib hazırlanmaqda olan strategiyada futbol infrastrukturunun yaxşılaşdırılmasının vacibliyi vurğulanacaq. Həm əhali, həm də kommersiya strukturları arasında Azərbaycan çempionatına marağın artırılması da çox önəmlidir. Region komandalarının ev oyunlarını Bakıda yox, öz meydanlarında keçirməsi vacibdir. Bu, regionlardakı uşaqlar üçün də böyük stimul olacaq.

Bütün oyunlar kabinetlərdə və çayxanalarda yox, futbol meydanında, hamının gözü qarşısında olmalıdır. Bir daha qeyd edirəm - qaydalar istisnasız hamı üçün eyni olmalıdır.

Düşünürəm ki, yeni dövlət proqramı tərtib edilsə, bu, futbolun inkişafına böyük təkan verəcək. Peşəkarlar tərəfindən hazırlanmış və futbol ictimaiyyəti arasında geniş müzakirədən keçmiş Azərbaycan futbolunun inkişaf strategiyası yeni dövlət proqramının əsasını təşkil etsə, çox sevindirici olar. Amma bu dəfə həmin proqram əvvəlki kimi yox, qüsursuz şəkildə yerinə yetirilməlidir.

"Təkcə hər şəhərdə deyil, hər kənddə uşaqların zədəsiz məşq edə biləcəyi keyfiyyətli futbol meydançaları olsun"

Seçilən
6
1
publika.az

2Mənbələr