İranın radikal “Bəsic Tələbə Hərəkatı” Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində İran Prezidenti Məsud Pezeşkiandan açıq şəkildə bu sammiti boykot etməsini istəyib.
News24.az xəbər verir ki, bu barədə İranın SNN xəbər agentliyinin Teleqram səhifəsi məlumat yayıb.
“Sionist rejim (İsrail nəzərdə tutulur – red.) son bir ildə bir sıra beynəlxalq toplantılarda aldadıcı şəkildə iştirak etməklə Fələstin və Livana hücumları ört-basdır etməyə səy göstərib. İsrail son fəaliyyətində Azərbaycanda keçiriləcək COP29 konfransının gedişatını öz maraqlarına uyğun dizayn etməyə hazırlaşır.
Bu rejimin konfransda legitimləşdirilməsi İranın iqtisadi və siyasi suverenliyini zəiflətməklə yanaşı, bəlkə də İsrailin Qərbi Asiya bölgəsində maraqlarını təmin etmək və varlığını möhkəmləndirmək üçün bir yoldur”, - Pezeşkiana müraciətdə vurğulanıb.
İddia edilib ki, sionist rejimə dəstək vermək üçün Azərbaycanın son bir ildəki “düşmən mövqeyi” və konfransın arxasında duran məqsədləri nəzərə alınaraq, İran prezidenti səfərdən imtina etməli və rəsmi Bakıya “sanksiya tətbiq edilməlidir”./axar