AZ

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR – AÇIQLAMA

Azərbaycanda avtomobil istehsalında kəskin artım qeyd alınıb. Belə ki, rəsmi məlumata görə, ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-sentyabr aylarında 562.3 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 53.4 faiz artıb. Cari ilin yanvar-sentyabr aylarında ölkədə 3623 ədəd minik avtomobili istehsal olunub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, minik avtomobil istehsalı 71.7 faiz (və ya 1513 ədəd) artıb. Xatırladaq ki, 2023-cü ildə ölkədə 2110 ədəd minik avtomobili istehsal olunub.

Ölkədə avtomobil istehsalında kəskin artımın qeydə alınması daxili bazarda qiymətlərə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev “Trend”ə açıqlamasında deyib ki, yerli istehsal aktual və vacib məsələdir.

O bildirib ki, yerli avtomobillər digərlərinə nisbətən qiymət baxımından istehlakçılara daha ucuz başa gəlir:

“Artıq, demək olar ki, taksi parkımız yenilənməkdədir. Buna yaşı 10 ildən yuxarı olan avtomobillərin ölkəyə idxalının qadağan edilməsi, utilizasiya prosesinə start verilməsi təsir göstərib. İndiki məqamda yerli istehsalın həcminin artması çox vacibdir”.

Mütəxəssisin sözlərinə görə, istehsalda kəskin artım daxili bazarda müəyyən qisim avtomobillərin qiymətlərinə təsir göstərə bilər:

“Lakin ciddi qiymət fərqini müşahidə etməyəcəyik. Çünki yalnız daxili istehsal hesabına tələbi qarşılamaq qeyri-mümkündür. Azərbaycana Koreya, Yaponiya və xüsusən də Çindən avtomobillər idxal olunur. Yerli avtomobil istehsalında artım ikinci əl avtomobil bazarında yaşı 10 ilə qədər olan minik nəqliyyat vasitələrinə müəyyən mənada təsir göstərə bilər. Bunun digər avtomobillərə o dərəcədə də ciddi təsiri olmayacaq”.

Qeyd edək ki, Azərbaycanda ötən ilə nisbətən yük avtomobili istehsalında da artım qeydə alınıb. Belə ki, bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 394 ədəd yük avtomobili istehsal olunub. 2023-cü ilin müvafiq dövründə isə bu göstərici 285 ədədə bərabər olub.

Beləliklə, ölkədə yük avtomobili istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38.2 faiz (və ya 109 ədəd) artıb. Cari ilin yanvar-sentyabr ayları ərzində isə traktorların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14.8 faiz azalıb.

Seçilən
75
50
medianews.az

10Mənbələr