Millət vəkili Jalə Əliyeva Kürdəmir rayonunun Köhünlü kəndində Köhünlü , Söyüdlər, Sovla, Qaramahmudlu və Şüşün kənd sakinləri ilə ilk görüşünü keçirdib.
XALQ.AZ məlumat verir ki,görüş Köhünlü kənd orta məktəbində baş tutub. Görüşdən əvvəl Jalə Əliyeva 1-ci Qarabağ müharibəsi şəhidi Cəfərov Müşfiq Məhəmməd oğlunun xatirə kompleksini ziyarət edib. Şəhidlərimizin ruhuna dualar oxunub.
Görüş iştirakçıları Jalə Əliyevanı deputat seçilməsi münasibətilə təbrik ediblər, xoş arzularını bildiriblər.
Görüşdə çıxış edən Jalə Əliyeva göstərdikləri dəstəyə görə seçicilərinə minnətdarlığını bildirib. Jalə Əliyeva deyib ki, hər bir millət vəkilinin ən ümdə vəzifəsi qanunverici orqanın təmsilçisi kimi, seçiciləri ilə dövlət arasında körpü rolunu oynamaqdan, seçicilərini layiqincə təmsil etməkdən, ölkə miqyaslı və qlobal əhəmiyyətli qanunların hazırlanıb qəbul olunmasında yaxından iştirak etməkdən, dövlətinə dəstək olmaqdan, ölkəsinin maraqlarını beynəlxalq aləmdə qorumaqdan və sair bu kimi öhdəliklərdən ibarətdir.
Millət vəkili daha sonra, yuxarıda adı çəkilən kəndlərdən olan seçicilərini qəbul edib, onları maraqlandıran suallarla bağlı fikirlərini bildirib, irəli sürülən problemlərin həlli ilə bağlı elə qəbulun gedişatı zamanı əlaqədar qurumlarla telefon danışığı aparıb, eyni zamanda qaldırılan bəzi həllivacib məsələləri yazılı şəkildə də əlaqədar qurumların diqqətinə təqdim edəcəyini bildirib.
Qəbula gələnlər onları diqqətlə dinlədiyi, həssas və səmimi yanaşdığı üçün millət vəkilinə məmnunluqlarını ifadə ediblər, qaldırdıqları məsələlərin həllinə köməklik göstərməsini ondan xahiş ediblər.