AZ

Müşfiq Cəfərov: “Azərbaycan COP29-a layiqincə hazırlaşıb”

“Noyabrın 11-dən 22-nə kimi Azərbaycan ilin ən əlamətdar hadisələrindən birinə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Bakının bu mötəbər tədbirə hazırlaşması üçün cəmi bir ildən də az vaxtı olmasına baxmayaraq, dövlətimiz bu beynəlxalq tədbirə layiqincə hazırlaşıb. 

Deputat söyləyib ki, Azərbaycan on minlərlə qonağı, o cümlədən ekspertləri, hökumət strukturlarının nümayəndələrini və dövlət başçılarını qəbul etməyə tam hazırdır: “Azərbaycan bütün ölkələri, hətta Ermənistanı konfransda iştirak etməyə dəvət edib. Təbii ki, bu, təxminən otuz ildir münaqişədə olan ölkələr arasında münasibətlərin normallaşması prosesi istiqamətində yaxşı əlamət kimi qiymətləndirilməlidir”.

M.Cəfərov bildirib ki, amma Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən, yeni müharibənin qızışdırılmasında maraqlı olan qüvvələr də var: “COP29-a saylı günlər qalıb və sosial şəbəkələrdə, bir sıra Qərb mediasında siyasi kontekstdə Azərbaycana qarşı qərəzli mövqe müşahidə olunur. Hazırda Bakıda COP29-un keçirilməsinə mane olmaq üçün beynəlxalq mətbuatda Azərbaycana qarşı qarayaxma kampaniyası gedir”.

M.Cəfərov qeyd edib ki, ABŞ Konqresinin hər iki palatasındakı erməni lobbisi bu günlərdə xeyli fəallaşıb, gah Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını tələb edən qanunvericilik təşəbbüsləri irəli sürür, gah da Ermənistana yüz milyonlarla dollar dəyərində yardım paketinin ayrılmasına nail olmağa cəhd edir: “Qərb mətbuatında əvvəlcədən hazırlanan tezislər əsasında avtomatik olaraq anti-Azərbaycan məqalələri yazanlarla yanaşı, dövlətimizə qarşı sanksiyalar tətbiq edilməsini də təklif edənlər mövcuddur. Lakin bütün hallarda Azərbaycan bu mötəbər tədbirə layiqincə ev sahibliyi edəcəkdir”.

 

İsmayıl Bakuvi

Seçilən
18
iqtisadiyyat.az

1Mənbələr