Son günlər "Cəbrayıl" xoş günlər keçirmir.
Birinci Liqa təmsilçisində maliyyə böhranı yaşanır.
Klub daxilindən xoş olmayan məlumatlar almaqdayıq. Sportinfo.az-a müsahibə verən klubun himayədarı və direktoru Şahin Məmmədov başverənlərə aydınlıq gətirib.
- Şahin müəllim, mövsümə pis start götürməmisiniz. Bəs bir anda nə baş verdi ki, klubda xaos yaşanır?
- İlk başdan onu deyim ki, bir aydan artıqdır tam olaraq komandadan uzaqlaşmışam.
- Səbəb?
- Şəxsi işlərlə bağlı. Başqa proyektlərim var.
- Futbol sektorundan tam uzaqlaşırsız?
- Yox, elə futbolla bağlı.
- Bəs "Cəbrayıl"?
- "Cəbrayıl"la Cavid Hüseynov məşğul olur.
- Niyə?
- Çünki komandanın təsisçisi odur.
- Olmaya baş məşqçi Elhad Nəziri ilə aranızda yaşanan qalmaqala görə kənara çəkilmək qərarı vermisiniz?
- Hansı komanda var ki, 3 il ərzində Region Liqasından Birinci Liqaya kimi yüksəlsin?
- Azərbaycan futbolunda reqlament 3 ildi doğru-düzgün işləyir. Ona görə də bizdə belə halın yaşandığını demək çətindir.
- Düşünürəm ki, bizin nailiyyətlər düzgün işimizin nəticəsidir. Uğur heç nədən yaranmır. Baş məşqçi Elhad Nəzirini seçməkdə düzgün qərar vermişik. O, yeni nəsil gənc məşqçilər arasında ən perspektivlisidir. Ölkə çapında futbolu yaxşı bilən məşqçilərdən biridi.
- Amma şəxsi münasibətləriniz yolunda deyil. Hətta məşqdən kənarlaşdırmısınız...
- Onun işinə qəti qarışmamışıq. Çox inandığım bir məşqçidir. Bu üzdən də onu komandaya baş məşqçi təyin etmişik. Aramızda hər hansı narazılıqdan söhbət gedə bilməz. İyul ayından komanda məşqlərə başlayıb. Bütün məşqlərimizin görüntüsü var. Məşqçini məşqdən kənarlaşdırılması halı baş verməyib.
- Klub və baş məşqçi haqqında xoş sözlər səsləndirdiniz. Hər şey yolundadırsa, bəs özünüz niyə getdiniz?
- Mən ambisiyalı adamam. Divizionda 10 komanda var. Legioneri olmayan 2 klubdan biri bizim komandadır. Dildə çox şey danışmaq olar. Amma statistika hər şeyi deyir. Heyətin əksəriyyəti gənclərdir. Yaxşı perspektivi olan uşaqlardır. Onlara inkişaf üçün imkanlar yaratmaq istəyirik. Gələcəkdə Azərbaycan futboluna fayda versinlər. Bəli, infrastrukturla bağlı problemlərimiz var. Qidalanma, tibbi xidmət istədiyimiz kimi deyil. Bunlar da arzuladığımız kimi deyil. Amma əlimizdən gələni edirik. Sizə bir sual verim.
- Buyurun
- Birinci Liqada legionerlər bizə lazımdır?
- Məncə, rəqabəti artırmaq üçün keyfiyyətli legionerlər da lazımdır.
- Mən buna bir söz demirəm. Şəxsi fikirlərdir. Amma mənə görə yerli futbolçuların inkişafı üçün onlar oynamalıdır. Biz çalışdığımız budur. Bu yolda olanlara dəstək olmaq da lazımdır. Amma adımız neqativ hadisələrdə çəkilir.
- Bir aydı komandadan uzaq olduğunuzu dediniz. Bu, birdəfəlik ayrılıqdır, yoxsa dönüşünüz olacaq?
- Yox, birdəfəlik getdiyimi deməyək. Yenidən qayıda bilərəm. Biz bir yerdəyik. Sadəcə şəxsi işlərimə görə uzaqlaşmışam. Yenə oturub gələcək planlar barədə danışacağıq.
- Klub hər ilə daha üst Liqaya vəsiqə qazanır. Düşünmürsünüz ki, böyümək üçün Cəbrayıldan olan iş adamları da artıq dəstək göstərməlidir?
- Düşünmürəm. Futbol elə sahədir ki, gərək buradan qazanc olmadığını dərk edib pulunu xərcləyəsən. Ora ayırdığın puldan gözünü çəkməlisən. Dünya futbolunda da çox sayda klubda vəziyyət belədir.
XANOĞLAN İMANOV