AZ

ISESCO Bakıda keçiriləcək COP29-un işində fəal iştirak edəcək

Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə İslam Təşkilatı (ISESCO) noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtında keçiriləcək COP29 Bakı İqlim Konfransının işində fəal iştirak etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun press-relizində deyilir.

Qeyd olunur ki, ISESCO təkcə tədbirin əsas proqramında deyil, həm də “mavi zona”dakı pavilyonu ilə təmsil olunacaq.

ISESCO pavilyonunda iqlim dəyişikliyinin təhsil, elm, mədəniyyət sahələrinə təsirinə həsr olunmuş 50-yə yaxın müxtəlif tədbir keçiriləcək. Bildirilir ki, ISESCO-nun COP29-da iştirak edəcək nümayəndə heyətinə sektor, departament rəhbərləri və ekspertlərin müşayiəti ilə baş katib Səlim Əl-Malik rəhbərlik edəcək.

“ISESCO-nun COP29-da iştirakı təşkilatın strateji prioritetlərinə və yeni baxışına uyğundur, onun ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması üzrə qlobal səyləri dəstəkləmək öhdəliyinə sadiqliyini vurğulayır. ISESCO-nun gündəliyinə Azərbaycanın Mədəniyyət Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunacaq “İrs və mədəni dayanıqlıq iqlim dəyişikliyi qarşısında” mövzusunda nazirlər görüşü, innovasiya və Yerin müşahidəsi vasitəsilə su təhlükəsizliyi, biomüxtəliflik və sülhün təşviqinə dair panel müzakirəsi, medianın gücləndirilməsi üçün “Mediaton” təşəbbüsünün başladılması və s. məsələlər daxildir”, - təşkilatın məlumatında deyilir.

Qeyd edilir ki, əsas müzakirə mövzuları ərzaq və su təhlükəsizliyi, ağıllı kənd təsərrüfatının inkişafı, fəlakətlərin idarə edilməsi, təhsilin təşviqi, insan kapitalının gücləndirilməsi, gənclərin cəlb edilməsi və bu mühüm sahələrdə ISESCO-nun səy və təşəbbüslərinin nümayişi olacaq.

“Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə mübarizədə əlamətdar hadisə olacağını vəd edir və ISESCO orada qlobal ekoloji problemlərin həllində öz qətiyyətini və fəal mövqeyini nümayiş etdirəcək”, - məlumatda deyilir.

Seçilən
32
12
ikisahil.az

10Mənbələr