ABŞ-da qara pişiyin evə gətirdiyi ölü siçanda aşkar edilən yeni virus elm dünyasını təşvişə salıb. Bu virusun insanlara yoluxma riski olması səhiyyə işçilərini də narahat edib.
Moderator.az xəbər verir ki, ABŞ-da adi görünən bir hadisə elm dünyasını təəccübləndirən bir kəşfə səbəb oldu. Florida Universitetində tədqiqatçının pişiyi Pepper evinə ölü siçan gətirərək, gözlənilməz bir kəşfin qapısını açıb.
Tədqiqatçı Con Ledniki siçanı tədqiq edərək marallarda görülən fərqli bir virusu araşdırarkən tamamilə fərqli bir nəticə ilə qarşılaşdı. ABŞ-da daha əvvəl görülməyən və dünyada yeni təsbit edilən bir virus növü olan Jeilongvirus siçanda aşkar edilib.
Pathogens jurnalında dərc edilən araşdırmaya görə, bu yeni virus növü müxtəlif heyvan növlərini yoluxdurmaq potensialına malikdir. Virusun xüsusilə gəmiricilərdə, insanlarda və primat hüceyrələrində asanlıqla çoxalması potensial epidemiya riskini artırır.
Alimlər bu kəşfin aysberqin görünən tərəfi olduğunu düşünürlər. Florida Universitetinin tədqiqatçısı Emily DeRuyter, bu növ virusun gözlənilməz olduğunu və bir çox naməlum virusun insanlarla yaxın yaşayış sahələrini paylaşan heyvanlarda sirkulyasiya edə biləcəyini bildirir.
Lakin virusun insanlara keçmə riski hələ tam məlum deyil. İnsanlar vəhşi siçanlarla tez-tez qarşılaşmadığından, virusun ötürülmə ehtimalı aşağı hesab olunur. Yenə də elm adamları virusun siçanlarda xəstəliyə səbəb olub-olmaması və Floridadakı insanlara keçmə riskinin olub-olmaması ilə bağlı daha çox araşdırmaya ehtiyac olduğunu söyləyirlər.