“İranın hava məkanının bağlaması, İranın İsrailə qarşı hansısa cavab tədbiri görmək niyyətində olduğuna işarədir. Ona görə də İran mülki təyyarələrin hava məkanına daxil olmasının qarşısını alır və bu təhlükədən qorumaq məqsədi daşıyır. Çox güman ki, İran öz ərazisində yerləşən ballistik raketlər vasitəsilə İsrailə cavab zərbəsi vurmaq niyyətindədir”.
Bunu Moderator.az-a açıqlamasında siyasi şərhçi Murad Sadəddinov deyib.
Siyasi şərhçi qeyd edib ki, bu gün ABŞ-də seçkilərdir və İranın İsrailə cavab tədbirinin bu gün və yaxud sabah baş tutacağını demək çətindir:
“Amerika Birləşmiş Ştatlarının bəyanatında qeyd edilib ki, İran İsrailə hücum edərsə, ABŞ artıq İsrailin qarşısını ala bilməyəcək. Bu, birmənalı olaraq onu göstərir ki, bundan əvvəlki İsrailin cavab tədbirlərində Bayden administrasiyası dəfələrlə İsrailə təzyiq göstərirdi ki, İsrail İranın xüsusi olaraq nüvə obyektlərinə və neft sahəsində olan obyektlərinə zərbələr endirməsin. Çünki İsrailin İranın nüvə obyektlərinə və neft sahəsində olan obyektlərinə hücumu ABŞ-də keçiriləcək seçkilərə və neft qiymətlərinə ciddi təsir göstərə bilərdi”.
Ekspert vurğulayıb ki, ABŞ –də hakimiyyətə Harris gələrsə, bu vaxta qədər demokratların apardığı İrana qarşı siyasətin davamı olacaq:
“Seçkilərdə respublikaçılar qalib gəlsələr, İrana qarşı aparılan sanksiyalar daha da sərtləşəcək. Çünki Trampın İrana qarşı qəti ritorikası var. Tramp Ağ Evdə prezident olarkən İrana qarşı çox ciddi tədbirlər görmüşdü, hətta İranla bağlanmış sazişini də ləğv eləmişdi. Bu baxımdan çox güman ki, respublikaçılar qalib gələrsə, İrana qarşı tədbirlər görülməsini dəstəkləyəcəklər”.
Mehin Mehmanqızı