AZ

Elman Nəsirov: "Guya ABŞ-nin "Teneo" lobbi şirkəti ilə COP29-la bağlı əməkdaşlıq edirik, yuxularında gördüklərini həqiqət kimi danışırlar..."

"Bir anlıq təsəvvür edin ki, Azərbaycanda radikal müxalifət daha şər-böhtan atmır, riyakarlıq etmir və bu peşəsindən əl çəkib. İnanın ki, ölkəmizdə radikal müxalifətin mövcudluğu qətiyyən hiss edilməz. Onlar sanki öz fəaliyyətlərinin mühüm göstəricisini ancaq dezinformasiya yaymaqda, şər-böhtan atmaqda, ləkəməkdə, gecə-gündüz yalan, iftira atmaqda görürlər. Yenə də öz köhnə amplualarındadırlar. Necə ki anti-Azərbaycan beynəlxalq dairələr ölkəmizə qarşı COP29 ərəfəsində ləkələmə kampaniyasına başlayıblar. Hətta Avropa parlamenti bir qədər də irəli gedib, COP29-un boykot edilməsinə qədər ağlasığmaz, mənasız iddialarla çıxış edirlər. Bu vəziyyətdə içərimizdə olan radikal müxalifət də onlarla sinxron şəkildə fəaliyyət göstərir. Başqa cür ola da bilməz. Çünki ağaları, yiyələri məhz belə buyurur. Yəqin ki, burada "əl əli, əl də üzü yuyar" prinsipi işləyir. Pulu verən musiqini sifariş etmiş olur. Radikal müxalifət COP29-a qarşı öz ağlı, çəkisi səviyyəsində uydurmalar irəli sürməyə başlayıb. İndi də bizi ittiham edirlər ki, guya ABŞ-nin "Teneo" lobbi şirkəti ilə COP29-la bağlı əməkdaşlıq edirik. Hansı fakta, arqumentə söykənirsən? Yoxsa gecə yatıb yuxunda gördüklərini səhər sayıqlama şəklində söyləyirsən? Heç bir əsas, fakt yoxdur. Yuxularında gördüklərini səhər həqiqət kimi danışmağa başlayırlar. Bu şəkildə ölkədə, cəmiyyətdə Azərbaycan ictimaiyyətində heç bir hörmət qazanmaq olmaz".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

"Bu gün niyə sosial bazanız yoxdur? Niyə seçkilərdə iştirak etmirsiniz? Xalq tərəfindən boykot edildiyiniz bir reallıqda seçkini boykot xəttini seçirsiniz. Səbəb bəllidir. Səbəb budur ki, seçkiyə gedib biabırçı məğlubiyyət yaşamaq istəmirsiniz. İşiniz-gücünüz ancaq öz mövcudluğunuzu bu şəkildə qoruyub saxlamaqdan ibarətdir. Xalqın gözü tərəzidir. Xalq görür ki, ölkə Prezidenti cənab İlham Əliyev COP29-u keçirməklə dünyanın diqqətini Azərbaycana cəlb edir. Dünyanı narahat edən problemlərin həlli Azərbaycan paytaxtında tapılır. Nəzərə alın ki, bugünkü dünya üçün bir nömrəli təhdid daha beynəlxalq terrorçuluq deyil, məhz iqlim dəyişikliyi ilə bağlı məsələlərdir. Bu baxımdan Azərbaycan dövləti artıq regional səviyyəni çoxdan aşıb, dünyanı narahat edən problemlərin həlli mərkəzinə çevrilib. Bax, bunu həzm edə bilmirlər. "Azərbaycan üçün nə yaxşıdırsa, onlar üçün pisdir, nə pisdirsə, onlar üçün yaxşıdır" prinsipi ilə fəaliyyət göstərirlər. Onlara yazığım gəlir, çünki bu, növbəti qarayaxma kampaniyasıdır. Onsuz da reytinqləri sıfıra bərabər olan radikal müxalifətin sıfırdan da aşağı enməsini labüd edir. Ağıllarını başlarına yığa bilmirlər ki bilmirlər. Bunun üçün gərək insanın ilk növbədə başı olsun. Radikal müxalifətdə bu da yoxdur", - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 5 Noyabr 2024, 12:03   
Seçilən
5
pravda.az

1Mənbələr