AZ

Azərbaycan Xarici İşlər Nazirliyi “Politico”nun versiyasına etibar etməyi təklif edib

Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin Avropa İttifaqında səfiri Vaqif Sadıqov və Ermənistanın Avropa İttifaqında diplomatik nümayəndəliyinin rəhbəri Tiqran Balayan arasında münaqişənin olması ilə bağlı “Politico” saytının yaydığı xəbəri Turan-a aydınlaşdırmaqdan imtina edib. Nazirlik, sadəcə, təsdiqləyib ki, “Politico” həqiqətən Azərbaycan səfirilə ünsiyyətdə olub və o, xarici KİV-ə bildirib ki, Balayanın söylədiklərinin hamısı yalandır.

Bundan əvvəl "Ermənistanın Avropa İttifaqında diplomatik nümayəndəliyinin rəhbəri Tiqran Balayan Azərbaycanın Brüsseldəki səfiri Vaqif Sadıqovun onu öldürməklə hədələdiyini bildirdikdən" sonra Ermənistan səfirliyi Brüsseldəki digər diplomatik missiyalara rəsmi nota göndərib, “Politico” məlumat yayıb.

Bildirilir ki, insident Brüsseldə Tangla otelində Türkiyə səfirliyinin ölkənin milli bayramı münaisbətilə təşkil etdiyi qəbulda baş verib. Sadıqov “Politico”ya müsahibədə bu ittihamları "absurd" adlandıraraq rədd edib. O, qəbulu "yaxşı yemək, xoş insanlar" və "standart diplomatik hadisə" kimi xarakterizə edib. "Mənim heç bir məktub və ya ittiham barədə məlumatım yoxdur — erməni diplomatlar ağıllarına gələn hər şeyi söyləyə bilərlər", - o deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə Turan agentliyilə söhbətində ermənilərin uydurmaları ilə bağlı Sadıqovun fikirlərini təsdiq edən “Politico”nun 4 noyabr 2024-cü il tarixli nəşrinə istinad edib: "Bizim əlavə açıqlamamız yoxdur", - Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Təəssüf ki, Azərbaycan Xarici İşlər Nazirliyi əsas informasiya mənbəyi deyil və yerli jurnalistlərin tez-tez xarici KİV-dən əldə etdikləri ölkə üçün əhəmiyyətli hadisələrə şərh verməkdən yayınır. Bundan əlavə, nazirlik azərbaycanlı jurnalistlərə “Politico”nun – ABŞ-da yerləşən Amerika siyasi jurnalistika təşkilatının hər sözünə etibar etməyi tövsiyə edir.

Rəsmi Azərbaycan və Bakıda antiazərbaycan fəaliyyətində ittiham olunan Qərb jurnalistləri arasında gərgin münasibətləri nəzərə alsaq, bu, təəccüblüdür. Bakıda Qərblə əməkdaşlıq edən azərbaycanlı jurnalistləri kriminal əlaqələrdə ittiham edirlər. Bəs niyə Xarici İşlər Nazirliyi bizi xarici KİV-ə yönləndirməyə israr edir?

Seçilən
17
turan.az

1Mənbələr