AZ

Qərbi Azərbaycan Xronikası: “XIX-XX əsrin əvvəllərində erməniləşdirilən kəndlər”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "XIX-XX əsrin əvvəllərində erməniləşdirilən kəndlər" adlı süjet hazırlanıb.

“Report” xəbər verir ki, bugünkü süjetdə ermənilərin “addəyişmə terroruna” məruz qalan Ağxaç, Ağhəmzəli, Ağcaarx toponimləri haqqında söz açılır.

Bildirilir ki, ermənilər Qərbi Azərbaycanın yaşayış məntəqələrindən əhalini zaman-zaman deportasiyaya məruz qoyduqdan sonra həmin əraziləri mərhələli şəkildə xarabalığa çevirib, adını dəyişdirib və siyasi məkrə əl ataraq müxtəlif qərarlarla ləğv ediblər.

AĞXAÇ - Dərələyəz mahalının Paşalı, sonralar Əzizbəyov və Vayk adlandırılan rayonda kənd olub. Burada 1831-ci ildən yalnız azərbaycanlı yaşayıb. XIX əsrin 50-60-cı illərində kəndə ermənilər köçürüldükdən sonra qarışıq kəndə çevrilib. 1918-1919, eləcə də 1928-1929-cu illərdə azərbaycanlılar kənddən sıxışdırılıb çıxarılıblar.

AĞHƏMZƏLİ - Zəngibasar mahalının Zəngibasar, sonralar Masis adlandırılan rayonda kənd adıdır. Ermənilər bu kəndə 1828-ci ildən sonra İrandan köçürülüb. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunublar. Onlar 1920-ci ildə evlərinə dönsələr də 1948-1949-cu illərdə Azərbaycana köçürülüblər. 1967-ci il mayın 25-də kəndin adı dəyişdirilib Marmaraşen qoyulub.

AĞCAARX - Sərdarabad mahalının Sərdarabad, sonralar Oktemberyan adlandırılan rayonda kənd olub. 1831-ci ildən azərbaycanlıların yaşadığı kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunub və buraya xaricdən köçürülən ermənilər yerləşdirilib. 1946-cı il aprelin 4-də kəndin adı dəyişdirilib Arevik qoyulub.

Sonda vurğulanır ki, ermənilərin bütün cəhdlərinə, fərman və qərarlarına baxmayaraq, bu yurd yerləri unudulmayıb, dilimizin ən qədim qatlarında mühafizə olunub və bu gün gələcək nəsillərə çatdırılır.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Seçilən
129
4
far.az

10Mənbələr