"Bəyin oğurlanması" filmində İsrafilin "Monqol dublyonkası gəlmişdi, monqol turistlər alıb apardı" zarafatı hamının yadındadır. Son günlər isə ölkəmizə Monqolustandan gətirilən ət məhsullarının artması ilə bağlı xəbərlər yayılıb.
Publika.az musavat.com-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə ət satışı ilə məşğul olan müxtəlif şəxslər bu ölkədən gətirilən ətləri reklam edir, bəzi restoranlarda həmin ətlə bişirilən yeməklər təklif olunur. Dövlət Gömrük Komitəsinin məlumatı da təsdiq edir ki, həqiqətən də Azərbaycan Monqolustandan ət idxalını kəskin artırıb. 2023-cü ildə Azərbaycan bu ölkədən cəmi 40 ton təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti idxal edib. 2024-cü ilin təkcə birinci rübündə ölkəmizə Monqolustandan 121 ton ət gətirilib. Məlumata görə, bu ətin kilosu Azərbaycana 4 manata gəlib çıxır.
Bəs bu məhsullara nəzarət və yoxlama necə həyata keçirilir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Monqolustan böyük qoyun əti ixracatçısıdır, bu ətlər ən çox İrana gedir: "Bu məhsul ekoloji təmiz hesab olunur. Əlbəttə, bu məhsul yerli Qarabağ qoyunları ilə eyni deyil. Merinos tipli qoyunlar müsəlman ölkələrinə ixrac olunur. Bu məhsulun gətirilməsi tam nəzarət altındadır. Oradakı qoyunçuluq təsərrüfatlarına da nəzarət edilir. Azərbaycana gətirilən məhsullara isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət edilir. Bu məhsullar əsasən restoranlara göndərilir. Az bir hissəsi sənayedə istifadə olunur. Bu ətlər açıq şəkildə az satılır. Ölkəmizə kilosu 12-13 manata gəlib çıxır. Qeyd edim ki, təxminən 5 ildən sonra ölkəmizə xaricdən qoyun əti gətirilməsinə ehtiyac olmayacaq. Çünki işğaldan azad edilmiş ərazilərdə heyvandarlıq geniş inkişaf edəcək".
Bəs Monqolustandan bu ətlərin ölkəmizə gətirilməsi daxili bazarda qiymətlərə necə təsir edəcək?