AZ

İrəvandan növbəti SİYASİ TƏXRİBAT: Ermənistan sülh məsələsi üzərindən… – MÜSAHİBƏ + FOTO

Son dörd ildə sülh prosesini müxtəlif manevrlərlə gecikdirən Ermənistan tərəfi Azərbaycana yeni təkliflər göndərib. Bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan açıqlama yayıb. Onun sözlərinə görə, Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini təqdim edib.

Diqqət çəkən budur ki, Azərbaycanın əsas tələblərindən biri Ermənistanın konstitusiyasından ölkəmizə qarşı hər hansı ərazi iddialarının çıxarılmasıdır. Bu tələb Azərbaycanın suverenliyini qorumaq və gələcəkdəki təhlükəsizlik zəmanətlərini təmin etmək üçün vacib amildir. Lakin rəsmi İrəvan bu tələbi yerinə yetirməkdən indiyə qədər yayınır və müxtəlif bəhanələrlə prosesi uzadır. Bununla da sülh müqaviləsinin imzalanması və regionda davamlı sülhün təmin olunmasına mane olur.

Mövzu ilə bağlı Medianews.az-ın suallarını siyasi elmlər doktoru, professor Elşad Mirbəşir cavablandırır.

– Elşad müəllim, Ermənistan tərəfi Azərbaycana yeni təkliflər göndərib. İrəvanın bu addımını necə dəyərləndirmək olar?

– Ermənistanın sülh ritorikasına üstünlük verdiyi zaman-zaman müşahidə olunur. Lakin reallıqda isə İrəvan sülhə aparacaq istiqamətdə hansısa prinsipial addım atmaq istəyindən uzaqdır. Azərbaycan öz ərazilərini Ermənistan işğalından azad etdikdən sonra Bakı və İrəvan arasında sülhün imzalanması üçün olduqca ədalətli, beynəlxalq hüquq normalarına uyğun olan şərtlərini irəli sürdü. Həmin şərtlər ətrafında da Ermənistan tərəfi o zaman spekulyasiyalar etməyə başladı. Amma bütün hallarda etiraf etmək məcburiyyətində qaldı ki, bəli, o şərtləri Ermənistan tərəfi alıb və sülh gündəliyini irəli aparmaq istəyindədir. Lakin Azərbaycan prinsipial şərtlərinə Ermənistan heç bir halda əməl etmirdi. Məsələn, ərazilərimizi işğaldan azad etdikdən sonra irəli sürdüyümüz şərtlər içərisində qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, Ermənistanın Azərbaycana olan ərazi iddialarından birdəfəlik əl çəkməsi, silahlı birləşmələrini, qoşunlarını Azərbaycanın ərazisindən çıxarması və sairə kimi vacib məqamlar yer almışdı. Bu istiqamətdə Ermənistan hər hansı bir addım atmadı. Sadəcə olaraq sülhdən danışırdı. Diplomatik dildə buna zaman qazanma və yaxud vaxtı uzatmaq deyə bilərik.

– Vaxtı uzatmaqla Ermənistan nəyə nail olmağa çalışır?

– Ermənistan burada iki məqsədi güdür. Bu gün də biz İrəvanın davranışlarında bunu müşahidə etməkdəyik. Birinci məqsəd ondan ibarətdir ki, sülh ritorikasına üstünlük verir və dünyaya nümayiş etdirir ki, Ermənistan sülh istəyir. Ortada sülh yoxdursa, deməli bunun səbəbkarı Azərbaycan kimi görünə bilər. Yəni, Ermənistan burada Azərbaycana qarşı siyasi təxribatlarla məşğul olur və bu istiqamətdə də havadarları İrəvana dəstək olur. İkinci məqam isə ondan ibarətdir ki, Ermənistan sadəcə olaraq zaman qazanaraq özü üçün əlverişli bir məqamın gələcəyinə ümid edir. Bu həmçinin onun göstəricisidir ki, Ermənistan Qərbdən aldığı dəstəyə ümid edərək uyğun bir zamanda Azərbaycana qarşı revanş etmək istəyir. Zaman-zaman da Ermənistan rəhbərliyinin Azərbaycana qarşı əsassız iddiaları eşidilir. Bu baxımdan hesab edirəm ki, İrəvan bu gün də Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması üçün hər hansı bir prinsipial addıma atmaq niyyətində deyil. Yenə də siyasi spekulyasiyalarla, manevrlərlə məşğuldurlar.

– Sizcə, İrəvanın bu davranışı nə vaxta və hara kimi davam edəcək?

– Ermənistanın manevr etmək imkanları olduqca məhduddur. Rəsmi İrəvan çox aydın dərk edir ki, yekun sülh sazişinin imzalanmaması Ermənistanın özü üçün çox böyük təhlükədir. Azərbaycan kifayət qədər güclüdür, özünün güc mövqeyini müəyyənləşdirib. Bu güc mövqeyi getdikcə daha da möhkəmlənməkdədir. Bu baxımdan Ermənistanda Azərbaycana qarşı revanşa meylilik həmin ölkənin özü üçün təhlükəlidir. Bu haqda İrəvanda təsəvvürlər mövcuddur. Ermənistan vaxt qazanmağa çalışmaqla yanaşı, sülhün əldə olunması üçün addımlar atmaq məcburiyyətindədir. Məsələn, son təkliflərin göndərilməsi, ayrıca olaraq Ermənistan rəhbərliyinin açıq qalan məsələlərlə də bağlı razılığa gəlmə imkanlarının olduğunu səsləndirməsi onu nümayiş etdirir ki, İrəvan bütün hallarda narahatdır. Onlar bilirlər ki, sülh məsələsi üzərindən uzun zaman manevr edə, spekulyasiyalarla məşğul ola bilməyəcəklər. Çünki Qərbin də Ermənistana vəd etdiyi dəstək hiss olunmur. Yəni Ermənistan gözləntilərinə uyğun Qərbdən dəstək ala bilmir. Qərbin belə bir dəstək vermək istəyi olsa da imkanları nisbətən məhduddur. Ona görə də İrəvan çox yaxşı anlayır ki, o hazırda Cənubi Qafqaz regionunda Azərbaycanın qarşısında tək qalmış vəziyyətdədir. Azərbaycan qeyd etdiyim kimi, kifayət qədər böyük potensiallara malikdir. Bu, siyasi, hərbi, iqtisadi potensialdır ki, Ermənistanın Azərbaycan səviyyəsinə gəlib çatmaq imkanı ümumiyyətlə mövcud deyil. Deməli, Azərbaycana qarşı mübarizə apara da bilməz. O baxımdan hesab edirəm ki, Ermənistan tərəfi sülhün əldə olunması istiqamətində özünü maraqlı tərəf kimi göstərməyə çalışır.

– Xatırlayırsınızsa, Zəngəzur dəhlizi istiqamətində sadələşmiş sərhəd və gömrük keçid şərtlərinin tətbiq olunması iddiasını da İrəvan irəli sürmüşdü. Bunu da Ermənistanın növbəti manevr cəhdi kimi qeyd edə bilərikmi?

– Bəli, Zəngəzur dəhlizi istiqamətində sadələşmiş sərhəd və gömrük keçid şərtlərinin tətbiq olunması iddiasını da Ermənistan irəli sürüb. Elə burada da manevr cəhdləri mövcuddur. Çünki 2020-ci il 10 noyabr tarixində imzalanmış Birgə bəyanatın 9-cu maddəsində Zəngəzur dəhlizinin açılması şərtləri aydın ifadəsini tapıb. Yəni, ortada Ermənistanın da imzaladığı bir sənəd mövcuddur. Lakin Ermənistan görünür ki, öz maraqlarına uyğun hansısa şərtlər daxilində nəqliyyat kommunikasiya əlaqələrinin açılmasında maraqlı olduğunu göstərməyə çalışır. Kazanda BRICS plenar iclası çərçivəsində də Azərbaycan Prezidenti Cənab İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında nəqliyyat kommunikasiyasının açılması məsələsi ətrafında da müzakirələr getmişdi. Bundan sonra da Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın yeni təklifi ortaya çıxdı. Əslinə qalsa, Ermənistanın bu yeni yox, yenilənmiş təklifi ola bilər. Çünki bənzər təklif ilə Paşinyan vaxtilə Tbilisidə fikir səsləndirmişdi.

– Sülh sazişinin imzalanması üçün Azərbaycanın üzərində prinsipial olaraq dayandığı, lakin Ermənistanın hələlik yerinə yetirmədiyi şərtlər nədən ibarətdir?

– Bu gün Ermənistan Azərbaycanın irəli sürdüyü prinsipial şərtlərlə bağlı hansısa açıq məsələlərin qalması şərti ilə sülh müqaviləsi imzalamağa can atır. Amma bizim mövqeyimiz ondan ibarətdir ki, regionda dayanıqlı, etibarlı sülhün əldə olunması üçün Ermənistan konstitusiyasında mütləq şəkildə dəyişiklik etməlidir. Bu, çox vacib məsələdir. Təbii ki, digər vacib məsələlər də səsləndirilib. Ancaq o istiqamətdə də Ermənistan hansısa addım atmaq niyyətində deyil və əks-mövqe nümayiş etdirməkdədir. Məsələn, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı da biz eyni fikirləri səsləndirə bilərik. Ona görə də Azərbaycan tərəfi Ermənistandan həmişəki tələbini etməkdədir. Konstitusiyasında dəyişiklik edilməlidir və Azərbaycanın irəli sürmüş olduğu ədalətli şərtlər nəzərə alınmalıdır. Belə olacağı halda Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Bütün hallarda hesab edirəm ki, Ermənistan sülh məsələsi üzərindən manipulyasiyalar etmə imkanlarının məhdud olduğunu dərk etməkdədir. Ona görə düşünürəm ki, tədricən olsa da Azərbaycanın şərtləri əsasında sülh müqaviləsi imzalamaq məcburiyyətində qalacaq.

Nailə QASIMOVA

Seçilən
12
1
medianews.az

2Mənbələr