AZ

Trampın qələbəsi dünyaya necə TƏSİR EDƏCƏK? - RƏY

Donald Tramp seçkilərdə qələbə qazandı. Onu prezidentliyi dövründə ABŞ dövlətinin xarici regionlarla bağlı siyasətində müxtəlif dəyişikliklər gözlənilir.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

"Nəzərə alsaq ki, Donald Tramp əsasən Amerika siyasətində izolyasionist tərəfdarı kimi çıxış edir və məhz öz tərəfdarlarını da Amerika siyasətindən, Amerika vətəndaşlarının maraqlarını təmsil edəcək prezident kimi bəyanatlar verir. Xüsusilə də, ABŞ-ın Avropada gedən müharibə - Rusiya-Ukrayna qarşıdurması kontekstində verdiyi bəyanatlar çox maraqlıdır. Çünki, Tramp dəfələrlə bəyan edib ki, “o prezident olsaydı, heç vaxt, xüsusilə də Rusiya-Ukrayna müharibəsinin, o cümlədən, Yaxın Şərqdə gedən münaqişənin olmayacağını” bildirmişdi. Xüsusilə də, onun Avropalı həmkarları qarşısında verdiyi bəyanatlar, Avropaya müvafiq investisiyaların, iqtisadi əlaqələrin yenidən baxılması kimi bəyanatları da Avropada çox ciddi narahatlığa səbəb olmuşdu”.

Deputat qeyd edib ki, Trampın digər bir məsələdə bəyanatı NATO ilə bağlıdır. O dəfələrlə vurğulamışdı ki, NATO tərəfindən yüklərin ABŞ-ın çiyinləri üzərində daşınmamalıdır. O, bütün avropalı həmkarlarından tələb etmişdi ki, onlar öz 2% ümumdaxili məhsullarını NATO-nun müdafiə xərcləri üçün ayırmalıdırlar. Əks halda, ABŞ-ın da NATO-ya verəcəyi dəstək və töhfə azaldılacaq, beləliklə də, avropalılar, xüsusilə də Rusiya-Qərb qarşıdurması kontekstində Rusiya ilə üz-üzə qalacaqları barədə bəyanatlar vermişdi.

Millət vəkili bildirib ki, bu bir daha onu göstərir ki, ola bilər ki, Tramp bu məsələlərdə avropalı həmkarlarına daha çox təzyiq etsin, onların NATO qarşısındakı öhdəliklərini yerinə yetirməsi məsələsinə qayıtsın. Xüsusilə də, Rusiya-Ukrayna qarşıdurmasında atəşkəsin elan edilməsi və münaqişənin dondurulması kimi məsələlərə fokuslana bilir. Ancaq Trampın digər bir məsələdə, Yaxın Şərqdə davam edən münaqişədə İsrailin tam tərəfdarı olması və İsrailə tam dəstək verməsi məsələsi də diqqətdən qaçmamalıdır. Tramp İsraili dəstəkləyir və bu məsələdə heç bir kompromisin olmayacağını da dəfələrlə bəyan etmişdi. Bu da Yaxın Şərqdə aqressiv amerikan siyasətinin davam edəcəyini və Yaxın Şərqdəki ölkələrin də xarici siyasətlərini korrektə etmələri anlamına gəlir.

“Hesab edirəm ki, bu baxımdan da, Yaxın Şərq ölkələri Amerikadakı seçkiləri çox yaxından izləyirlər. Trampın Cənubi Qafqazla bağlı siyasətini neytral dəyərləndirirəm. Seçkilərdən öncə prezident namizədliyi kimi bəyanatlar səslənir ancaq, prezident rəsmi seçildikdən sonra faktiki olaraq, məsələlər sırf dövlət departamentinin müəyyən etdiyi xətt üzrə müəyyənləşir. Ona görə hesab etmirəm ki, Yaxın Şərqdən, Ukraynadan, Avropadan fərqli olaraq Trampın Cənubi Qafqazla bağlı siyasətində ciddi dəyişikliklər olsun. Çünki, Cənubi Qafqaz reallığını Azərbaycan özü yaratmışdır. Azərbaycan 44 Günlük Vətən Müharibəsində, bir neçə saatlıq antiterror tədbirləri ilə geosiyasi reallıq yaratmışdır ki, artıq bunu bütün güc mərkəzləri - ABŞ, Rusiya, Fransa, ATƏT-in keçmiş Minsk qrupu həmsədrləri tam qəbul ediblər. Bütün dünyanın istədiyi bir məsələ idi ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunsun. Yəni, burada heç bir şəkildə Cənubi Qafqazda vəziyyəti dəyişmək hansısa başqa bir yönə aparmaq mümkün deyildir. Hətta, hazırda Avropa İttifaqının bu məsələlərlə bağlı canfəşanlığını görürük ki, onlar Ermənistanda revanşizmi alovlandırmaq cəhdlərini göstərirlər. Ancaq biz burada onu nəzərə almalıyıq ki, bu mümkün deyildir və xüsusilə də ABŞ xarici siyasətində də bu məsələlərə nə qədər cəhd olunsa da, reallığı dəyişmək mümkün deyil”,- deyə T.Gəncəliyev vurğulayıb.

Aminə Nəzərova

Seçilən
17
50
operativmm.az

10Mənbələr