AZ

Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşdü

Mədəniyyət naziri Adil Kərimli noyabrın 6-da Dövlət Film Fondunda Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən elan olunmuş film layihələri müsabiqəsi və post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsində qalib gələn şirkətlərin nümayəndələri ilə görüşüb.

Musavat.com xəbər verir ki, Mədəniyyət Nazirliyi və ARKA-nın məsul şəxsləri, tanınmış kino xadimlərinin də iştirak etdiyi görüşdə agentliyin 2023–2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi və post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi, həmçinin dəstək verilən digər filmlərin hazırkı vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparılıb, rejissor və prodüserlərin rastlaşdığı problemlər dinlənilib.

ARKA-nın fəaliyyəti haqqında məlumat verən mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, qurumun əsas hədəfi film istehsalçıları üçün əlverişli ekosistemin yaradılmasıdır. Bildirilib ki, ARKA tərəfindən ötən il elan olunan film layihələri müsabiqəsində ərsəyə gətirilən işlərin müdafiə (pitçinq) mərhələsi gerçəkləşib. Bu mərhələdə layihələr Seçim komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri tərəfindən qiymətləndirilib. Bu müsabiqə vasitəsilə 40-dan çox film istehsalata buraxılıb.

Nazir söyləyib ki, ölkəmiz 2023–2024-cü illərdə beynəlxalq film müsabiqələrində uğurla təmsil olunub: “Bu, çox müsbət haldır və bizi sevindirir. Lakin nəticələr bizim üçün, yəqin ki, sizlər üçün də hələlik qənaətbəxş deyil. Çünki bu sahədə potensial olduqca çoxdur və ondan istifadə etməliyik. Bunun üçün də film çəkilişləri zamanı infrastruktur baxımından meydana gələn çətinlikləri və problemləri müzakirə etmək vacibdir”.

Sonra kommersiya və animasiya filmlərinin çəkilməsi, film istehsalı üçün maliyyə mənbəyinin tapılması, vahid dövlət satınalma müqaviləsi, kino tənqidi sahəsinin inkişafı, kino sahəsində vergi güzəştləri, orta nəsil rejissorların işə daha çox cəlb edilməsi, sənədli filmlər studiyalarının yenidən bərpa olunması, idman filmlərinə dəstək, televiziya filmlərinin maliyyələşdirilməsi və s. mövzularda təkliflər səsləndirilib.

Diqqət mərkəzinə çəkilən məsələlərə münasibət bildirən nazir kinonun ümumi inkişafına xidmət edəcək hər bir rəy və təklifin nəzərə alınacağını söyləyib.

Görüşdə həmçinin kino sahəsində kadr çatışmazlığı, filmlərin dublyajı ilə bağlı bir sıra fikirlər, o cümlədən tənqidi mülahizələr səslənib, bu xüsusda boşluqların olduğu vurğulanıb.

Nazir mədəniyyətin bir çox sahəsində kadr çatışmazlığının özünü göstərdiyini bildirib. Deyib ki, Mədəniyyət Nazirliyi tərəfindən kino sahəsində kadr hazırlığına böyük əhəmiyyət verilir və bununla bağlı Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq mövcuddur.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd proqramı” həyata keçirilib. Proqramda qaliblər gələn gənclərdən 6 nəfəri (ötən il 1 nəfər olub) xaricdə kino sahəsi üzrə nazirliyin qrantı əsasında təhsil alır.

Bədii, sənədli kino ilə yanaşı, animasiya filmlərinin istehsalına da toxunan nazir bu sahənin inkişafına xüsusi diqqət ayrılacağını söyləyib.

Adil Kərimli görüşün sonunda kino ictimaiyyəti ilə belə geniş tərkibdə, işgüzar və səmimi atmosferdə ünsiyyətdən məmnunluğunu bildirib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Seçilən
28
11
publika.az

10Mənbələr