AZ

TFF türkiyəli hakimin avrokubok matçına təyinatını niyə gizlətdi?

Hakimlik mövzusu uzun illərdi, Türkiyə futbolunun əsas ''qanayan yarasıdı''.

Federasiyada tez-tez rəhbərlik dəyişsə də, hakimliyi yeni səviyyəyə qaldırmaq mümkün olmur. Hər il klubların əksəriyyəti hakimlikdən şikayət edir. Elə bu il də istisna deyil. ''Qalatasaray'' - ''Beşiktaş'' derbisində yol verdiyi səhvlərə görə Arda Kardeşlerin bir neçə həftəlik cəza alacağını xəbər vermişdik. Ən son ''Trabzonspor'' - ''Fənərbaxça'' oyunu da zəif hakimliklə müşayiət olundu. Ancaq federasiya bu çılğın matça 26 yaşlı təcrübəsiz Oğuzhan Çakırı təyin edəndə onun işinin öhdəsindən gələ bilməyəcəyini anlamalı idi. Həmin oyunda VAR hakimi Atilla Karaoğlanın qərarları da böyük müzakirələrə səbəb oldu. Elə Joze Mourinyo da oyundan sonra Karaoğlanı yıxıb-sürüyərək bir daha oyunlarında onu hakim kimi görmək istəmədiklərini qeyd etdi.

Bu arada bu hadisələrin fonunda türkiyəli hakimlər avrokuboklarda oyunlara təyinat almaqda davam edir. Karaoğlan noyabrın 7-də Konfrans Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Varşavada baş tutacaq ''Legiya'' ilə Minsk ''Dinamo''sunun oyununa təyinat alıb. Ən diqqətçəkən məqam odu ki, Türkiyə Futbol Federasiyası öz internet saytında bu təyinatla bağlı heç bir məlumat yerləşdirməyib! Halbuki elə həmin saytda digər təyinatların hər biri qeyd olunub. Məsələn, Zorbay Küçük ilə Kadir Sağlama UEFA Gənclər Liqasında oyunlar verilib.

Eləcə də Xəlil Umut Melər Küveyt çempionatına dəvət olunub. O, ''Əl-Səmiyə'' - ''Əl-Ərəbi'' oyununu idarə edəcək. Bu təyinatlar bir-bir qeyd olunduğu halda TFF-nin Karaoğlanın təyinatını ictimaiyyətdən gizlətməsi maraq doğurur. Çox güman ki, federasiya bu hakimə də cəza verməyi planlaşdırırdı. Ona görə də cəza vermək istədiyi hakimin avrokubok oyununa təyinat almasını açıqlamağı lazım bilməyib. Varşavadakı qarşılaşmada Karaoğlanın yan xətt köməkçiləri Ceyhun Səsigüzel ilə Abdulla Özkara olacaqsa, VAR hakimi funksiyasını Ərkan Əngin yerinə yetirəcək.

ƏLİ

Seçilən
15
football-plus.az

1Mənbələr