AZ

Paşinyan dilemma qarşısında – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Medianews.az xəbər verir ki, “Ermənistanın baş naziri Nikol Paşinyan Bakıya gələcəkmi?” adlı süjetdə Azərbaycan paytaxtında qlobal iqlim problemlərinin müzakirə ediləcəyi COP29 tədbiri fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıya gəlib gəlməməsi məsələsinə toxunulub.

Bildirilib ki, Paşinyanın COP29 ilə bağlı Bakıya gəlməsi regionda sülh perspektivinin davamlılığı baxımından önəmlidir: “Sülhdən yana olan rəsmi Bakı bu məqsədlə Ermənistanın baş nazirinə dəvət ünvanlayıb. Rəsmi İrəvan cavab verməkdən hələ də yayınır. Əslində Ermənistan rəhbərliyinin dilemma qarşısında qaldığı aydın görünür. COP29 tədbiri çərçivəsində Bakıda sülh sazişi üzrə niyyət protokolu imzalana bilər. Yəni tərəflər sülh danışıqlarına və sazişin imzalanmasına sadiq olduqlarını rəsmi sənədlə təsdiqləyə bilərlər. Azərbaycan tərəfi buna hazırdır, Ermənistan isə həmişə olduğu kimi, qeyri-konstruktiv mövqeyini davam etdirir. Bu baxımdan, Paşinyanın Bakıya gəlməkdən imtina etməsi beynəlxalq ictimaiyyət qarşısında anti-sülh mövqeyinin sərgilənnməsi ilə nəticələcək”.

Qeyd olunub ki, iqlim problemlərinin müzakirə ediləcəyi COP29-da regiondakı ekoloji məsələlər də gündəmə gələcək: “Bu, regional müstəvidə ekoloji fəlakət törədən Ermənistanı beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə salır. Çünki Ermənistan işğal dövründə Qarabağda törətdiyi ekoloji fəlakəti hazırda Azərbaycanla sərhəd bölgələrində – tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda davam etdirir və bu, fəlakətdən təkcə biz yox, regionun digər ölkələri – İran, Gürcüstan və Türkiyə də əziyyət çəkir”.

Süjetdə Ermənistanın “erməni məhbusların” buraxılması qarşılığında COP29-da iştirak etməyi düşündüyü, bununla bağlı təkliflərini Azərbaycana göndərdikləri diqqətə çatdırılır. “Hraparak” nəşri yazır ki, bu məsələ Azərbaycan və Ermənistan liderlərinin Kazan görüşündə müzakirə edilib.

Erməni politoloq Qaqik Hambaryan isə iddia edir ki, Prezident İlham Əliyev tələb edərsə, Paşinyan və Mirzoyan COP29-da iştirak etmək üçün Bakıya gedəcəklər və bu, 90 faiz real görünür.

Sonda vurğulanıb ki, Ermənistan rəhbərliyini Bakıya səfər məsələsində düşündürən əsas amillərdən biri öz yurdundan qovulmuş azərbaycanlı qaçqınların təhlükəsiz şəkildə evlərinə – Qərbi Azərbaycana qayıdışıdır: “Paşinyan üçün yeganə çıxış yolunun Bakıya gəlmək və Azərbaycanın tələblərini qəbul etmək olduğu görünür. Əks təqdirdə, bölgəni ekoloji fəlakətə sürükləyən Ermənistanın bu bölgədəki mövcudluğu da sual altında qalacaq”.

Seçilən
23
medianews.az

1Mənbələr