AZ

Ukraynada savaş bitir, İranla başlayır

İrana irimiqyaslı hücum olarsa, Cənubi Qafqaza milyonlarla qaçqın gələcək - Azərbaycan uçun risklər... 

BMT TŞ-nin 5 daimi üzvü və Almaniyanın da daxil olduğu “altılıq” ölkələri ilə İran arasında 21 ay davam edən müzakirələrdən sonra İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması, sadəcə, dinc məqsədlər üçün uranın zənginləşdirilməsi proqramına icazə verilməsi və bunun əvəzində İrana qarşı sanksiyaların götürülməsini nəzərdə tutan anlaşma 2015-ci ildə imzalanmışdı. Tramp isə hakimiyyətə gəldikdən sonra (2016) anlaşmanın müddətini uzatmaqdan imtina etdi, ABŞ bu tarixi razılaşmadan çıxdı. Donald Tramp general Qasım Süleymaninin öldürülməsinə görə birbaşa əmr verdiyini demişdi. 

Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski Ermənistan mediasına açıqlamasında belə deyib ki, hazırda İranın iştirakı ilə Yaxın Şərqdə genişmiqyaslı müharibə 100 faiz mümkündür. Satanovski hadisələrin belə bir inkişafının Cənubi Qafqaza, o cümlədən Ermənistana təsir edəcəyini ehtimal edir. “İrana ciddi, irimiqyaslı hücum olarsa, o zaman İrandan Cənubi Qafqaz regionuna və xüsusilə Ermənistana yüz minlərlə, bəlkə də milyonlarla qaçqın gələcək”, - Satanovski əlavə edib.

Rəşad

 Rəşad Bayramov 

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov müharibə ehtimalının Azərbaycana da təsirsiz ötüşməyəcəyini qeyd etdi: “Trampın hakimiyyəti dövründə ABŞ-ın İranla münasibətlərində hər hansı dəyişiklik olacağını düşünmürəm. Tramp hər nə qədər müharibələri dayandıracağam desə də, İsrail-İran qarşıdurmasında İsrailə Bayden hakimiyyətindən daha çox dəstək verəcəyi ehtimal edilir. Bunun üçün Trampın birinci hakimiyyəti dövründə İranla bağlı mövqeyinə baxmaq kifayət edər. Belə ki, məhz onun hakimiyyəti dövründə ABŞ nüvə anlaşması sazişindən çıxaraq İrana qarşı sanksiyaları bərpa etdi. Trampın İran siyasəti özündə "maksimal təzyiq"i ehtiva edirdi. İranlı diplomatların ABŞ-a səfərlərinə qoyulan qadağalar, hətta BMT iclaslarında iştiraka icazə verilməməsi və ya icazənin məhdudlaşdırılmış şəkildə olması, Qasım Süleymaninin ölümü, Qüdsün İsrailin paytaxtı kimi tanınması və s. hamısı Tramp hakimiyyəti dövründə olub. Həmin dövrdə İranın 1500-dən artıq şirkət və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq olunub ki, bu da İran iqtisadiyyatına 70 milyard dollardan çox zərbə vurub. 

İndi isə vəziyyət daha da fərqlidir. İranda artıq sanksiyalara qarşı belə demək mümkünsə, bir immunitet formalaşıb. Rusiya, Çin və Hindistanla ikitərəfli iqtisadi münasibətlər İrana olan sanksiya təzyiqlərini azaldıb. Odur ki, indi Trampın daha effektiv təsir vasitələri düşünməsi lazımdır.

Biz Trampın seçkiqabağı platformasına və “Layihə 2025" adlı proqramına baxdıqda görürük ki, bu sənəddə İran adı 58 dəfə təkrar olunur və İrana qarşı yenə də "maksimum təzyiq" strategiyasının əsas götürüləcəyi bildirilir. Xüsusilə də nüvə obyektləri və nüvə infrastrukturu ilə bağlı daha kəskin addımların atılacağı qeyd olunur. Bunun necə baş verəcəyini təbii ki, zaman göstərəcək. Təzyiqlər effekt verməyəcəyi halda və İsrail-İran müharibəsi ehtimalında ABŞ-ın bütün imkanları ilə müharibəyə qoşulacağı ehtimalı da kifayət qədər yüksək görünür. 

Bunun baş verəcəyi halda təbii ki, bizim də bu müharibədən təsirlənəcəyimiz sözsüzdür. Təkcə elə qaçqın axını, bunların isə sayı az olmayacaq, ölkədə iqtisadi baxımdan xoşagəlməz vəziyyətin yaranmasına səbəb ola bilər".

ABŞ-ın

 Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Trampın İranla bağlı sərt siyasətinin davam edəcəyini düşünür: “İranın İslam inqilabından bəri ABŞ-la münasibətləri konfliktlidir. 11 sentyabr hadisələrindən az sonra, 2002-ci ildə ABŞ prezidenti Corc Buş İranı "Şər Oxu"nda yer alan üç dövlətdən biri (digər ikisi isə İraq və Şimali Koreya) adlandırmışdı. İndiyədək də ABŞ-ın İrana bu mövqedən yanaşması dəyişməyib. Barak Obama dövründə ikitərəfli münasibətlərə müəyyən korrektələr edilməyə çalışıldı. Obamanın 2013-cü ildə Həsən Ruhani ilə telefon danışığı 1979-cu ildən bəri iki dövlət arasında ali səviyyəli ilk rəsmi təmas idi. Məqsəd İranın uranı zənginləşdirməsinin və nüvə silahı əldə etməsinin qarşısını almaq idi. 5+1 (BMT TŞ üzvləri+Aİ) ilə İran arasında danışıqlar 2015-ci ilin iyulunda tarixi sənədin imzalanması ilə yekunlaşdı. Lakin Trampın 2016-2020-ci illəri əhatə edən birinci prezidentliyi dövrü ABŞ-ın ənənəvi İran siyasətinə geri dönüşü bu müqavilədən çıxması, hakimiyyətdən getməyə bir neçə gün qalmış Qasım Süleymanini öldürmə əmrini verdiyini iddia etməsi İranla münasibətlərin sərtləşməsi ilə yekunlaşdı. Bu mövqe təbii olaraq, İranın regional müharibəyə sürüklənməsi təhlükəsini də özündə daşıyırdı. 2020-ci ildə Tramp hakimiyyətdən getmədən az öncə məşhur “Pew Research Center”in keçirdiyi ictimai rəy sorğusuna görə 54% amerikalı düşünürdü ki, Trampın siyasəti İranla “genişmiqyaslı hərbi konflikti” artıra bilər. Demokrat Partiyası yönümlü respondentlərin 81%-i, Respublikaçı yönümlülər isə 26% bu fikirdə idilər. Lakin maraqlıdır ki, Bayden administrasiyası da, Avropa İttifaqının marağına rəğmən İranla nüvə sazişini bərpa etmədi. Halbuki ittifaq bunu çox vacib hesab edir. Bu məsələdə Avropa İttifaqı-ABŞ mövqeləri fərqlənir. ABŞ-da əvvəlki vitse -prezident Pompeo nüvə sazişinin bərpası üçün 12 şərt irəli sürmüşdü ki, bunlar: İranın HƏMAS-a, “Hizbullah”a, Yəməndə Husilərə, Talibana dəstəkdən imtina etməsi, Suriyadan bütün SEPAH güclərini çıxarması, İraqda hərbi-paramilitar fəaliyyətlərə son verməsi, “İsrailə ölüm” şüarından imtina etməsi idi. Lakin bütün bunlar İrana “Öz regional siyasətindən tamamilə imtina et!” demək olduğu və yerinə yetirilməsi mümkün olmayan tələblər olduğu üçün, o cümlədən biz ötən dövrdə bəhs olunan fəaliyyətlərin daha da artırıldığını müşahidə edirik, Trampın hakimiyyət başına qayıdışı onu ehtimal etməyə əsas verir ki, o, sərt İran siyasətinə qaldığı yerdən davam edəcək. Bura İsrailin maksimum dəstəklənməsi də aid edilə bilər. Bu siyasətin Cənubi Qafqaza mümkün təsirləri ondan ibarət ola bilər ki, Azərbaycan İrana qonşu dövlət olaraq regional münaqişə kontekstində öz neytrallığını qorumaqda çətinlik çəkə, ABŞ-dan müvafiq təzyiqlərlə üzləşə bilər. Ermənistana gəlincə, onların İranla isti münasibətləri sirr deyil. Lakin amerikayönümlü siyasəti erməniləri də çıxılmaz vəziyyətə sala bilər. Bütün bunların fonunda Azərbaycanın region ölkələrini daha çox 3+3 formatında regional əməkdaşlığa cəlb etmək üçün təsir göstərəcəyi və sərt güc göstərilərinin arta biləcəyi ehtimal oluna bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Seçilən
1
1
musavat.com

10Mənbələr