AZ

BMT də Fransanın cinayətlərini İFŞA ETDİ – Fransız müstəmləkəçiliyinin SONU YAXINLAŞIR – TƏHLİL

Fransada insan haqları, o cümlədən, ifadə, sərbəst toplaşmaq azadlığı ilə bağlı ciddi problemlərin olduğu məlumdur. Xüsusilə də, Fransa hakimiyyəti öz hüquqlarını tələb edən xalqlara qarşı repressiv tədbirlərə, hətta silaha əl atmaqdan çəkinmir. Artıq Parisin bu cür neokolonialist siyasəti BMT tribunasında da ifşa olunub.

Belə ki, BMT-nin İnsan Hüquqları Komitəsi dünən Fransada insan hüquqlarının vəziyyətinə dair nəticələri dərc edib. Sözügedən hesabatda Fransanın miqrantlara və dənizaşırı ərazilərdə insanlara qarşı törətdiyi qanun pozuntuları öz əksini tapıb.


Miqrantların hüquqları necə pozulur?

Sənəddə bildirilir ki, Fransada miqrantlarla bağlı müvafiq sığınacaq proseduruna əməl olunmur:

“Eləcə də əcnəbi vətəndaşların öz hüquqlarına dair məlumatlara çıxışına şərait yaradılmır. Komitə həmçinin miqrantların Böyük Britaniya-Fransa sərhədindəki müvəqqəti sığınacaqlardan, eləcə də, Fransanın xaricdəki Mayotte ərazisindəki gecəqondulardan sistematik evakuasiyasından narahatdır. Bu evakuasiya zamanı bəzən həddindən artıq güc tətbiq olunur. Bu da həmin insanların üzləşdiyi onsuz da acınacaqlı həyat şəraitini daha da pisləşdirir".

BMT-nin İnsan Hüquqları Komitəsinin yayımladığı sənəd Fransa hökumətinin miqrantlara qarşı zorakılıq faktlarını da üzə çıxarıb:


“Komitə nümayişçilərin polis tərəfindən özbaşına yoxlanması və həbslərin artması nəticəsində sərbəst toplaşmaq hüququna qarşı təhdidlər barədə məlumatlardan narahatdır. Fələstin xalqını dəstəkləməklə bağlı keçirilən son nümayişlər də daxil olmaqla, "ictimai asayiş üçün təhdid" bəhanəsi ilə hakimiyyət tərəfindən nümayişlərə qadağaların artması narahatlıq doğurur". 

Fransanın Yeni Kaledoniyadakı cinayətləri

BMT-nin hesabatında Fransanın Yeni Kaledoniyada törətdiyi hüquq pozuntuları da ifşa olunub:

“2024-cü ilin may ayından etibarən Yeni Kaledoniyada konstitusiya qanununa təklif edilən dəyişikliyə qarşı etirazlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları zorakılıq tətbiq edib. Nəticədə kanak xalqının 10 nümayişçisi və iki jandarm həlak olub, yüzlərlə insan xəsarət alıb. Bu səbəbdən BMT-nin İnsan Hüquqları Komitəsi Fransanı nümayişlər zamanı zərurilik və mütənasiblik prinsiplərinə hörmət etməyə, qanuni özünümüdafiə halları istisna olmaqla, silahdan istifadəni məhdudlaşdırmağı təmin etməyə çağırır”.

Komitə həmçinin Yeni Kaledoniyada həddən artıq güc tətbiqi barədə iddiaların dərhal və qərəzsiz şəkildə araşdırılması, günahkarların məsuliyyətə cəlb edilməsi və zərərçəkənlərə təzminat ödənilməsi tələb edilir.

BMT-nin İnsan Hüquqları Komitəsi Fransanın hesabatı ilə bağlı yekun müşahidələr qəbul edib:

“Fransa xalqların, xüsusilə Yeni Kaledoniya və Fransız Polineziyasının yerli xalqlarının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini asanlaşdırmalı və sürətləndirməlidir.  Fransa öz müqəddəratını təyinetmə prosesi ilə bağlı hər hansı bir tədbir həyata keçirməkdən öncə Yeni Kaledoniya və Fransız Polineziyasının yerli xalqları ilə məsləhətləşərək onların razılığını almalıdır.”

Yeni Kaledoniyada nə baş vermişdi?

Xatırladaq ki, bu ilin may ayında Yeni Kaledoniya əhalisi Fransanın seçki islahatlarına etiraz olaraq ayağa qalxdı. Lakin hər zamankı kimi Fransa etirazların qarşısını zor gücü ilə aldı.

Etirazçıları dağıtmaq üçün rəsmi Paris əraziyə qoşun yeritdi. Nəticədə, Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərində 140 nəfər etirazçı həbs edildi. İğtişaşlar zamanı 3 yerli gənc həlak oldu. Yüzlərlə dinc sakin yaralandı və onlarla ev, ticarət mərkəzləri yandırıldı.

Etirazlar iyun ayında da davam etdi. Nəticədə, iyunun 12-də Yeni Kaledoniyada çox mübahisəli seçki islahatları pozuldu. Amma bu uğur kanaklar üçün itkisiz başa gəlmədi. Son zorakılıq hadisələri nəticəsində azı 7 nəfər yerli sakin öldü, 370-dən çox insan yaralandı.

Bununla belə Makronun bədnam planı pozuldu. Əgər seçki qaydalarına dəyişikliklər qəbul edilsəydi, ən azı 10 il ada dövlətində yaşayan Fransa vətəndaşları yerli seçkilərdə iştirak edə və səs verə bilərdilər. Bu isə arxipelaqın sakinlərinin gələcəkdə səslərinin oğurlanması ilə nəticələnə bilərdi.

BMT rəsmiləri də Fransanın əməllərini ifşa edir...

Xatırladaq ki, ötən ayın axırlarında BMT-nin İnsan Hüquqları Komitəsinin 142-ci sessiyası çərçivəsində Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın icrası ilə əlaqədar Fransanın milli hesabatı dinlənilən zaman da bu ölkənin ünvanına ciddi tənqidlər səsləndirildi. Hesabatdan sonra bir sıra beynəlxalq təşkilatlar Fransada insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar açıqladılar.

Həmin dinləmələr zamanı BMT-nin İnsan Haqları Komitəsinin sədr müavini Jose Manuel Santos Pais isə Fransa tərəfinin verdiyi məlumatları alt-üst edən məqamlara toxundu. O, xüsusən də Fransa təhlükəsizlik qüvvələrinin Yeni Kaledoniyada kanak xalqının nümayişçilərinə qarşı qəddar davranışını tənqid etdi.

Jose Manuel Santos Paisin fikrincə, Fransanın hakimiyyət orqanları qarşı tərəflə dialoq qurmaq əvəzinə bölgəyə böyük hərbi qüvvələr göndərib, bu prosesdə həddən artıq güc tətbiq edib. Məhz bu səbəbdən də nümayişlər zamanı xeyli ölən və yaralanan olub.

Fransanın əməllərinin ifşasında Azərbaycanın rolu

Təbii ki, Fransa müstəmləkəçiliyinin BMT səviyyəsində tənqid olunmasında Bakı Təşəbbüs Qrupunun mühüm rolu var. Belə ki, Yeni Kaledoniyada baş verən hadisələrə Bakı Təşəbbüs Qrupu ilk gündən ciddi münasibət göstərib. Dəfələrlə bəyanatla çıxış edib.

Bu dəstəyin digər nümunəsi isə Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə 17-18 iyul tarixində Bakıda birinci qurultayın keçirilməsidir.
 

Qurultay adları çəkilən koloniyalarda Fransa hökuməti tərəfindən həmin ərazilərin əsl sahibləri olan yerli xalqlara qarşı törədilən çoxsaylı cinayətlər və qeyri-qanuni hərəkətlər haqqında beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə XXI əsrin bəlalarından biri olan kolonializm probleminə diqqət çəkməyə çox böyük töhfə verdi.


Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ artıq bir ildən çoxdur ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizəyə dəstək verir.

Bizim.Media-nın analitik qrupu

Seçilən
46
50
bizim.media

10Mənbələr