"Akif Qurbanov, Ruslan İzzətli və siyasi məhbuslar dərhal azad edilməlidir"
III Respublika Platforması (ResPlatforma) 11-22 noyabr 2024-cü il tarixlərində Bakı şəhərində keçiriləcək COP29 beynəlxalq tədbiri ilə əlaqədar tənqidi bəyanat (11/2024, 08 noyabr 2024) yayıb.
ResPlatforma bəyanatında öz Əsasnaməsinin müvafiq qaydalarını, eləcə də Quruluş Bəyanında göstərdiyi Post-Qarabağ Gündəliyinin aparıcı elementlərindən olan iqlim dəyişikliyinin vurduğu zərərin aradan qaldırılması hədəfini əsas götürür.
Bəyanatda qeyd edilir ki, ResPlatforma Azərbaycan siyasi səhnəsində "Yaşıl gündəliyi" olan ilk və yeganə siyasi təşkilatdır.
Bununla yanaşı, ResPlatforma insan hüquqlarına dair beynəlxalq hüquqi öhdəliklərə, o cümlədən Paris Razılaşmasına istinad edərək iqlim dəyişikliyi və insan hüquqları mövzularının vəhdət təşkil etdiyini və bu baxımdan iqlim dəyişikliyinin zərərinin azaldılması siyasəti çərçivəsində insan hüquqları öhdəliklərinə riayət edilməsinin labüd olduğunu ifadə edir.
Daha sonra, Bəyanatda 2023-cü ilin noyabr ayından Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin pisləşdiyi, eləcə də Azərbaycan hökuməti tərəfindən siyasi müxalifətə, müstəqil vətəndaş cəmiyyətinə və tənqidçi mediaya qarşı misli görülməmiş repressiyalar həyata keçirdiyi şərh edilir.
ResPlatforma onu da vurğulayır ki, repressiya qurbanları sırasında ResPlatformanın spikeri və lideri Akif Qurbanov və Qurucu Heyət üzvü Ruslan İzzətli də var.
Onlar siyasi motivli cinayət işi üzrə 2024-cü ilin mart ayından həbsdə saxlanılırlar.
ResPlatforma Bəyanatda toxunduğu məsələlərə əsasən COP29 iştirakçılarına bir sıra çağırışlar edir.
Bu çağırışlara Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsinin aydın şəkildə qınanması və repressiya qurbanlarının, o cümlədən Akif Qurbanovun və Ruslan İzzətlinin dərhal azad edilməsinin və hüquqlarının tam bərpasının tələb edilməsi aiddir.
Eyni zamanda, ResPlatforma COP29 iştirakçılarını repressiya qurbanlarını, o cümlədən Akif Qurbanov və Ruslan İzzətlini həbs yerlərində ziyarət etməyə çağırır.
III Respublika Platforması...
III Respublika Platforması 07 dekabr 2023-cü ildə desentralizasiyaçı demokratiya və hüququn aliliyi ideyaları ətrafında birləşən siyasətçilər tərəfindən təsis edilmiş və iştirakçılığı təşviq etməyi hədəf götürən siyasi hərəkatdır.
Strukturun məqsədi Azərbaycanda əsl respublika quruluşunu bərqərar etməkdir.
Platformanın qurucu heyətinə siyasi və ictimai fəallar - Akif Qurbanov, Araz Əliyev, Elman Fəttah, Rövşən Ağayev, Ruslan İzzətli, Səməd Rəhimli və Yadigar Sadıqlı daxildir.
Akif Qurbanov bir il müddətinə qurucu heyətin Spikeri vəzifəsinə seçilib.
Platformanın Spikeri Akif Qurbanov və Qurucu Heyətinin üzvü Ruslan İzzətli 2024-cü ilin martında həbs edilib.