AZ

AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib

“Azərbaycan Hava Yolları” (AZAL) Maldiv Respublikasının paytaxtı Male şəhərinə birbaşa uçuşlara başlayıb. Azərbaycanın milli aviadaşıyıcısına məxsus təyyarə noyabrın 9-da Velana Beynəlxalq Hava Limanına uğurla ilk enişini edib.

AZAL-dan XQ-ə bildirilib ki, sərnişinlər və uçuş heyəti hava limanında qonaqpərvərlik və dostluq rəmzi olan ənənəvi çələnglərlə səmimi qarşılanıblar.

“Bakıdan Maleyə birbaşa müntəzəm uçuşlara başlamaqdan məmnunuq. Bu uçuşlar cənnət tətili arzulayan səyahətçilər üçün yeni imkanlar yaradır. Azərbaycan bazarının qış turizmi üçün daha çox seçimlərə uzun müddətdir ki, ehtiyacı var və Maldiv adaları bu mövsümdə dünyanın ən məşhur istiqamətlərindən biridir”, – deyə AZAL-ın baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib.

Maldiv Respublikasının Marketinq və İctimaiyyətlə Əlaqələr Korporasiyasının icraçı direktoru İbrahim Şiuri qeyd edib: “Azərbaycan Hava Yolları”nı Maldiv adalarında salamlamaqdan məmnunluq duyuruq. Yeni birbaşa reyslər Azərbaycandan olan səyahətçilərə adalarımızın misilsiz gözəlliyini kəşf etmək imkanı verəcək”.

“AZAL-ın Bakıdan birbaşa uçuşlar həyata keçirməsi Velana Beynəlxalq Hava Limanı üçün mühüm bir mərhələdir. Bu marşrut Orta Asiya ilə Maldivlər arasında vacib bağlantı yaradır və əsrarəngiz adalarımıza təşrif buyuran Azərbaycan turistlərini maneəsiz əlaqə və geniş səyahət imkanları ilə təmin edir”, – deyə “Maldives Airports Company Limited” şirkətinin baş kommersiya direktoru Məhəmməd Mihad vurğulayıb.

Bakı-Male istiqamətində müntəzəm reyslər həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetiriləcək.

Aviabiletləri rəsmi www.azal.az/az/ saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Seçilən
36
40
xalqqazeti.az

10Mənbələr