AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının XIII turunda keçirilmiş “Səbail” – “Turan Tovuz” oyunundakı (1:1) mübahisəli epizodları şərh edib.
Sportnet.az xəbər verir ki, belçikalı funksioner bununla bağlı AFFA-nın rəsmi saytına açıqlama verib.
O, qarşılaşmanın 42-ci dəqiqəsində baş vermiş vəziyyəti belə dəyərləndirib: “Səbail”in müdafiəçisi Mert Çelik topu cərimə meydançasından uzaqlaşdırır. O, yerə enərkən “Turan Tovuz”un futbolçusu İsmayıl Zülfüqarlının ayağını tapdalayır və müdaxiləyə məruz qalan oyunçu yerə yıxılır. Hakim penalti təyin edir. “Səbail”in müdafiəçisi rəqibin ayağına qəsdən təmas etməsə də, hakimin bu qayda pozuntusunu penalti ilə cəzalandırması doğrudur. Qonaqların yarımmüdafiəçisi Kristian da Silva penalti zərbəsini yerinə yetirir və topu dirəyə vurur. Meydana qayıdan topu onun komanda yoldaşı Ayxan Quseynov birbaşa qapıya vurur. Hakim qolu təsdiqləyir. VAR penalti zərbəsini yoxlayır. Burada görünür ki, futbolçu zərbə zamanı təyin olunmuş məsafəyə riayət etmir (qayda pozuntusu) və mövqeyindən üstünlük qazanaraq müdaxilə edir. Oyun qaydalarına 2024-cü ildə edilmiş dəyişikliklərə əsasən, qol ləğv edilməli və oyun sərbəst zərbə ilə bərpa olunmalıdır. Hakimin və VAR-ın yekun qərarı doğrudur”.