Uruqvaylı yarımmüdafiəçi Federiko Valverde “Real”ı tərk edə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə İspaniyanın “El Gol Digital” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 26 yaşlı futbolçu həqiqətən də “kral klubu”nu tərk etmək variantını düşünür. Fakt budur ki, onun Karlo Ançelotti ilə münasibətləri kritik həddə çatıb.
Səbir kasasını daşıran son damla isə futbolçunun guya uydurma zədəsi olub. Ançelotti bu barədə mətbuat konfransında danışıb. Amma əslində zədə olmayıb.
Bundan əvvəl isə futbolçunun həyat yoldaşı Nina Bonino iddia edib ki, Karlo Ançelotti ərindən düzgün mövqedə yararlanmır. Ançelotti onu yarımmüdafiənin sağ cinahında sınayır. Nino “X” şəbəkəsində yazıb:
“Sussam yaxşı olar, çünki məni həbs edəcəklər. Fede meydanın mərkəzində və hücumların qarşısını alarkən daha yaxşı oynayır. Nə danışırsan? Nə vaxt başa düşəcəklər ki, Fede cinah oyunçusu deyil?”
30 yaşlı jurnalist daha sonra bu paylaşımı silib və iddia edib ki, səhifəsini sındırıblar.
2024/25 mövsümündə Federiko Valverde klub səviyyəsində 16 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 130 milyon avro qiymətləndirir.