AZ

COP29 çərçivəsində MAQATE rəhbəri Grossi Tehrandan gözlənilən danişiqlar barədə açiqlama verdi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Grossi Bakıda COP29 çərçivəsində jurnalistlərə Tehranda İran rəhbərliyi ilə keçirəcəyi planlaşdırılan danışıqlar haqqında məlumat verdi.

“Nyu-Yorkda yüksək səviyyəli görüşlərimiz oldu. Ancaq bu dəfə, Tehranda, yaxın vaxtlarda İranın prezidenti, xarici işlər naziri və digər yüksək vəzifəli şəxslərlə görüşəcəyəm. İranın nüvə proqramı ilə bağlı müzakirələri davam etdirəcəyik. Bunlar çox vacib danışıqlardır,” - deyə Grossi bildirib.

Grossi, geosiyasət, iqlim dəyişikliyi və enerji məsələlərinin bir-biri ilə sıx əlaqədə olduğunu vurğulayıb.

“Mən düşünürəm ki, enerji təhlükəsizlik aspektinə də malikdir. Bunu nəzərdən qaçırmaq olmaz, bunu kənara qoymaq mümkün deyil,” - deyə o əlavə edib.

Grossinin bəyanatı, beynəlxalq ictimaiyyətin İranın nüvə fəaliyyəti ilə bağlı artan narahatlıqları fonunda səslənib. MAQATE daha əvvəl İrana əməkdaşlığı bərpa etməyi və uranın zənginləşdirilməsi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirməyi çağırıb.

Gözlənilən danışıqların əsas diqqət mərkəzində İranın nüvə proqramının cari vəziyyəti, İran və MAQATE arasında mümkün əməkdaşlığın bərpası və qeyri-bəyan edilmiş yerlərdə aşkar olunan uran hissəciklərinə dair izahatlar olacaq.

Grossinin Tehrana səfəri, İranın nüvə proqramı ətrafında gərginliyin azaldılmasında və nüvə təhlükəsizliyi məsələlərində İran ilə beynəlxalq ictimaiyyət arasında etimadın bərpasında mühüm addım ola bilər.

Seçilən
40
16
turan.az

10Mənbələr