AZ

"Biz bunu istəməzdik"

Azərbaycanın qadınlardan ibarət yığmasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının 2025-ci il mövsümünün püşkünü dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis “report”a açıqlamasında C Liqasına qayıtdıqları üçün təəssüfləndiklərini söyləyib.

“Təəssüflər olsun ki, C Liqasına qayıtdıq. B Liqasında qalmaq istəyirdik, olmadı. Əvvəlki oyunlarda qazandığımız təcrübənin bizə çox faydası olacaq.

Təəssüfləndiyimiz hal odur ki, üç komandadan ibarət qrupa düşmüşük və burada Litva və Monteneqro ilə mübarizə aparacağıq”, - deyə S.Əsgərov bildirib.

Baş məşqçi Monteneqronun onlar üçün arzuolunmaz rəqib olduğunu bildirib:

“Neçə ildir Monteneqro bizim qrupda yer alır. Bunu istəməzdik. C Liqasında olmasına baxmayaraq, Monteneqro həm futbolçu, həm də kollektiv baxımından çox keyfiyyətli və yaxşı rəqibdir. Düzdür, son iki oyunda - həm səfərdə, həm də evdə Monteneqronu məğlub etmişik. Lakin bu fikirlə yanaşsaq, böyük problemlər yaşaya bilərik. Bunları unutmaq lazımdır, rəqibə fərqli yanaşmalıyıq. Yalnız belə olan halda istədiyimiz nəticəni əldə edə bilərik. Onu deyim ki, rəqib də bizi yaxşı tanıyır. Daha ciddi hazırlaşacaqlar və son məğlubiyyətləri unutdurmaq üçün köklənəcəklər”.

S.Əsgərov hər iki komandanı təhlil etdiyini vurğulayıb:

“Litvaya qarşı yığma səviyyəsində heç vaxt oynamamışıq. Yoldaşlıq görüşlərində belə qarşılaşmamışıq. Yaxşı rəqiblərdəndir. Hər iki yığmaya qarşı çox ciddi hazırlaşacağıq. Təbii ki, komandaları təhlil etmişik. Buna baxmayaraq, yenə də məlumat toplayırıq. Beynəlxalq oyunlarını təhlil edirik. Hər iki matça maksimum hazırlaşacağıq. Məqsədimiz C Liqasında maksimum nəticə göstərib, B Liqasına qayıtmaqdır".

Azərbaycanın qadınlardan ibarət yığması UEFA Millətlər Liqasının 2025-ci il mövsümündə C Liqasında Litva və Monteneqro ilə eyni qrupda mübarizə aparacaq.

Seçilən
34
sportinfo.az

1Mənbələr