AZ

Uşaq və gənclərin iqlim hədəfləri

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası başlanğıcda iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyini götürüb. Bununla əlaqədar ölkəmiz “Uşaqlar, gənclər və iqlim fəaliyyəti bəyannaməsi”nə imza atıb.

İmzalanma mərasimində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev, BMT-nin Uşaq Fondunun icraçı direktoru Ketrin Rassell, COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, yüksək səviyyəli dövlət rəsmiləri, həmçinin Azərbaycanın uşaqları və gəncləri iştirak ediblər.

İmzalanma mərasimində çıxış edən COP29 prezidenti Muxtar Babayev bildirib ki, bu gün biz Azərbaycanın uşaqlar və gənclər üçün əhəmiyyətli olan iqlim prosesinə sadiqliyini bir daha təsdiq edirik. O, hər kəsi iqlim fəaliyyətlərinin uşaqlar və gənclər üçün daha davamlı bir gələcək yaratmağa necə töhfə verəcəyini düşünməyə çağırıb.

UNICEF-in icraçı direktoru Ketrin Rassell çıxış edərək deyib ki, uşaqların iqlim dəyişmələri üzrə siyasətlərin mərkəzinə yerləşdirilməsi və iqlim dəyişmələrinin təsirlərindən onları qorumaq üçün həll yollarına sərmayə yatırılması vacibdir. O, Azərbaycanın bu bəyannaməni imzalaması uşaqları iqlim gündəminin mərkəzinə qoyan növbəti bir addım kimi dəyərləndirib.

COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova isə çıxışında bildirib ki, ölkəmiz “Uşaqlar, gənclər və iqlim fəaliyyəti haqqında” bəyannaməni imzalamaqla uşaqlar və gənclərin hamımız üçün xüsusi diqqət mərkəzində olması siqnalını verdi. COP29 sədrliyinin uşaqları və gəncləri bu ilin iqlim siyasətində ön plana çəkmək öhdəliyini götürdüyünü xatırladan L. Həsənovanın sözlərinə görə, iqlim dəyişikliyi müzakirə edilərkən uşaqları və gəncləri diqqətdə saxlamalıyıq. “Qərarlarınızın indiki və gələcək nəsillərə təsir edə biləcəyini düşünün. Önümüzdəki həftələr ərzində və sonrakı aylarda gənclər üçün iqlim fəaliyyətində irəliləyiş əldə etmək üçün əlavə imkanlar olacaq. İqlim maliyyəsinin uşaqlar və gənclər üçün əlçatan olması təmin edilməlidir”, – deyə o, əlavə edib.

Yeri gəlmişkən, UNICEF Azərbaycan hökumətinin bu bəyannamənin imzalamaqla götürdüyü öhdəliyi alqışladığını bəyan edib. Belə ki, bu bəyannamə inklüziv, həmçinin, uşaqlar və gəncləri rəhbər tutan iqlim siyasətlərini və fəaliyyətlərini sürətləndirmək üçün yerli və qlobal səviyyələrdə qəbul edilmiş ilk belə çərçivədir. İqlim dəyişmələri uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir. Bir milyarda yaxın uşaq – yəni dünyanın uşaq əhalisinin yarısı – iqlim dəyişmələri və çirklənmənin təsirlərindən “son dərəcə yüksək risk” altında olan 33 ölkədən birində yaşayır.

UNICEF digər ölkələri də bu bəyannaməni imzalamağa və uşaqları iqlim dəyişmələrinin pisləşən təsirlərindən qorumaq üçün öhdəlik götürməyə çağırır. Belə ki, bəyannamənin icrasını dəstəkləmək üçün qurum hökumətlər və tərəfdaşlarla birgə, uşaqlar üçün vacib olan təhsil, sosial müdafiə və səhiyyə kimi mövcud sistemləri uyğunlaşdırmaq və gücləndirmək üzərində çalışır. Məqsəd bu xidmətləri iqlim dəyişmələrinə davamlı və təsirlərə cavab verə bilən etməkdir.

 

Seçilən
29
42
xalqqazeti.az

10Mənbələr