AZ

Ziyarətçilər Yaşıl Zonada

COP29 Sədrliyinin yaratdığı və idarə etdiyi Yaşıl Zona müxtəlif maraqlı tərəflərin bir araya gəldiyi, iqlim dəyişmələri ilə bağlı dinamik müzakirələrin aparıldığı və ekoloji çağırışlarla bağlı innovativ həllərin nümayiş olunduğu məkan kimi ziyarətçilərin böyük marağına səbəb olub. Bunu Yaşıl Zonaya giriş üçün əldə edilən biletlərin sayının anbaan artması da təsdiqləyir.

COP29 Əməliyyat Şirkətindən verilən məlumata görə, noyabrın 11-dən etibarən qapılarını ziyarətçilər üçün açan COP29-un Yaşıl Zonası iqlim dəyişmələrinə qarşı mübarizə üzrə potensial həll variantlarının nümayişi, fikir və təcrübə mübadiləsi, eləcə də müzakirələr, panel sessiyaları, sərgilər və digər interaktiv tədbirlər üçün mərkəz rolunu oynayır, həm yerli, həm də beynəlxalq auditoriya tərəfindən böyük maraqla qarşılanır.

Bildirilib ki, noyabrın 9-da “iTicket.az” platforması vasitəsilə fəaliyyətinə start verilən Yaşıl Zona ödənişsiz biletlərin paylanması prosesinin yalnız ilk iki saatı ərzində bu məkanı ziyarət etmək istəyənlər tərəfindən 5 mindən çox bilet alınıb. “Müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyətləri ilə bağlı bir sıra innovativ təşəbbüs və müzakirələr üçün dinamik platforma olan COP29 Yaşıl Zonasının proqramı iqlim dəyişmələri üzrə həllərin təşviqində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bununla yanaşı, Yaşıl Zonada fəaliyyət göstərən dinamik “Extreme Hangout” sahəsi 6-18 yaşlı uşaq və gənc eko-çempionlar üçün nəzərdə tutulmaqla yaradıcı proqram təklif edir. Burada keçiriləcək müxtəlif mədəniyyət tədbirləri, performans və interaktiv sessiyalar həm uşaqlar, həm də onların valideynləri üçün maraq kəsb edəcək”, – deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, konfrans iştirakçılarının tədbir məkanına rahat çatmaları üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən xüsusi marşrutlu avtobuslar ayrılıb. İştirakçılar rəqəmsal nəqliyyat xəritəsindən istifadə etməklə şəhərin müxtəlif strateji məkanlarında yerləşən nəqliyyat qovşaqlarından ən yaxınını seçərək uyğun marşrutu təyin edə bilərlər. Yeri gəlmişkən, konfrans müddətində nəqliyyat məsələləri ilə bağlı daha ətraflı məlumat COP29-un rəsmi veb-saytının nəqliyyat bölməsində yerləşdirilib.

Seçilən
112
37
xalqqazeti.az

10Mənbələr