AZ

Şuşa – mənəvi ucalıq, qəhrəmanlıq şəhəri!

8 Noyabr Zəfər Günü Şuşada inzibati binanın qarşısında təntənəli konsert keçirilib. Konsertdə respublikanın əməkdar artisti Mətanət İsgəndərli, Fikrət Əmirov adına Dövlət Rəqs Ansamblı, Gülay Zeynallı və digər müğənnilər musiqili proqramla çıxış ediblər. Konsertin sonunda atəşfəşanlıq olub.

Bu xəbəri oxuyanda yaddaşımda 4 il əvvəl Şuşanın düşməndən azad edilməsi ilə bağlı keçirdiyim həyəcanlı və xoşbəxt anlar canlandı. Bəli, bu gözəl, bənzərsiz şəhərin, sadəcə hər dəfə adı səslənəndə belə dünyalar qədər sevinirik. Onun dünəni də, bugünü də bizim üçün çox əzizdir, doğmadır, müqəddəsdir. Bura Şuşadır! O, xan qızı Natəvanın, Böyük Üzeyirin, əvəzsiz və bənzərsiz səsli Bülbülün və Xanın yurdudur!

Bura hər birimiz üçün Vətənimizin ən gözəl və ən munis guşəsidir. Onun 28 il düşmən əsarətində qalması ürəyimizi sızladırdı. İlahi ədalət öz yerini tapmalı idi və tapdı da! Bu, xoşbəxt gün 2020-ci ilin noyabrın 8-də baş verdi. Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu yüksək qəhrəmanlıq nümayiş etdirərək coğrafi mövqeyinə görə alınmaz qala sayılan Şuşanı düşməndən azad etdi.

Bu, qəlbimizi əbədi qürur hissi ilə dolduracaq tarixi hadisə idi. Bu, müqəddəs döyüş idi. Bu, millətin şərəf və namus savaşı idi! Bu, Çanaqqala (1915), Bakının azad edilməsi (1918) savaşları qədər taleyüklü qələbə idi. Bu, güclü və yenilməz millətin Tarixi Zəfəri idi!

O gün xalqımızın ən xoşbəxt günü idi! Prezident İlham Əliyev Şuşanın azad edilməsi ilə bağlı müjdəni Azərbaycan xalqına hər bir soydaşımız üçün müqəddəs məkan olan Şəhidlər xiyabanından verdi:

– Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!

Cənab Prezidentin müjdəsi Azərbaycanı ayaq üstə qaldırdı. Yadımdadır, insanlar sonsuz bir coşqu ilə küçələrə, meydanlara axışaraq qürur və böyük sevinc dolu hisslərini paylaşır, bir-birinə gözaydınlığı verirdilər.

“Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Prezident İlham Əliyevin yuxarıda qeyd etdiyim xalqa müraciətində səslənən bu səmimi sözlər bu gün də ürəklərdə böyük əks-səda doğurur. Bəli, 2020-ci il noyabrın 8-i Şanlı Qələbəmiz, Zəfər günü kimi Azərbaycan tarixinə əbədi yazıldı! Dünya gördü ki, Azərbaycan dövləti və xalqı güclüdür, qüdrətlidir, ən başlıcası ədalətlidir!

Şuşanın azad edilməsi əməliyyatı haqlı olaraq Azərbaycanın hərb tarixinin ən parlaq səhifələrindən biri sayılır. Bu, dostun da, düşmənin də şahidi olduğu reallıqdır. Milli Ordunun əsgər və zabitləri planetin gözü qarşısında mümkünsüz görünəni mümkün etdilər. Dünyanın ən ünlü siyasətçiləri ordumuzun hünərinə heyran qalmışdılar. Adlı-sanlı hərbi strateqlər Şuşa uğrunda ölüm-dirim savaşı ilə bağlı heyrətlərini bu gün də də gizlədə bilmirlər!

Bəli, bu gün Şuşanın bayramıdır. Azərbaycan Prezidentinin 31 iyul 2023-cü il sərəncamına əsasən 8 Noyabr Şuşa Şəhəri Günü elan edilib. Şuşanın ad günü həm də Zəfər Günümüzdür! Bayramın mübarək, əziz Şuşam! Bayramın mübarək, Azərbaycan!

Unutmayaq ki, Şuşa təkcə bizim üçün deyil, bütün türk xalqları üçün əziz və müqəddəs bir məkandır. Şuşa Turanın dostluq və qardaşlıq rəmzinə çevrilib. Təsadüfi deyil ki, 2020-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalayıblar.

Həmin tarixi məqamda Türkiyə Prezidenti deyib: “Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır!”.

Xatırladaq ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun inkişafına dair xüsusi qərarlar məhz Ulu öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, gözəl Şuşa 28 il yağı düşmənin əsarətində çırpınmışdır. Belə ki, şəhər 1980-cı illərin sonlarından Kremlin gizli xeyir-duası ilə ölkəmizə qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.

Dörd il əvvəl, Şuşa Zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.

İki il əvvəl Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin əsl tarixi simasının bərpası istiqamətində uğurlu layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

Şuşa bu gün Qafqazın ən ünlü turizm məkanlarından birinə çevrilmişdir. Tanınmış qazaxıstanlı şairə-publisist Nəsiha Gumarqızı hər dəfə ölkəmizə təşrif buyuranda Şuşanı ziyarət etməyi özünə borc bilir. O, bir neçə gün əvvəl Şuşadan qayıtmışdı. Təəssüratını bu sözlərlə ifadə etdi:

–Şuşanın qeyri-adi bir aurası var. Buraya bir dəfə gələn insan onun saflığına, gözəlliyinə qəlbən elə vurulur ki, bir daha onu ziyarət etmək istəyir. Şuşa şəxsən mənim qəlbimdə əbədi yaşayan böyük bayramdır. Qarabağ Azərbaycandır!

Məsaim ABDULLAYEV
XQ

Seçilən
47
xalqqazeti.az

1Mənbələr