AZ

İflic olan fəal 88-ci gündə aclığı dayandırıb

İflic olan fəal, birinci qrup əlil Famil Xəlilov 88-ci gündə aclığı dayandırıb, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov bildirib.

Onun sözlərinə görə, Xəlilov anasının, həyat yoldaşının, vəkillərinin və hüquq müdafiəçilərinin xahişlərini diqqətə alaraq bu qərarı qəbul edib. 

Səfərov qeyd edib ki, 3 aya yaxın davam edən aclıq Xəlilovun sağlamlığına zərər verib. "Onun hər iki qolu iflic idi, indi isə ayaqları da tutmur. Kənardan kömək olmadan o, hərəkət edə bilmir", deyə hüquq müdafiəçisi bildirib.

Xatırladaq ki, Famil Xəlilov mayın 2-də külli miqdarda narkotik vasitənin hazırlanması, daşınması ittihamı ilə "qanunsuz həbsinə" etiraz əlaməti olaraq avqustun 15-də aclıq elan edib. Onu 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Fəalın yaxınları onun sosial şəbəkələrdə fəal olduğunu və insan hüquqlarına riayət olunmasını tələb etdiyini, hakimiyyətin siyasətini tənqid etdiyini, həbsinin səbəbinin məhz bu olduğunu iddia edirlər. 

Famil Xəlilov serebral iflicdən əziyyət çəkir, onun qolları iflicdir. Sosial şəbəkələrdə postlarını ayaq barmaqları ilə yazırdı. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Seçilən
80
turan.az

1Mənbələr