"İri korporasiyalar iqlimin qorunmasına töhfə verməlidir, Macarıstanın məqsədi istixana qazı emissiyalarını 50% azaltmaqdır".
Publika.az xəbər verir ki, bu barədə Bakıda keçirilən COP29 liderlərinin sammitində Macarıstanın Baş naziri Viktor Orban bildirib.
"Biz şirkətlərin və fermerlərin qarşısına qeyri-real hədəflər qoya bilmərik. Biz onlara əməli dəstək təklif etməliyik. "Yaşıl" keçid və iqlim dəyişikliyi ilə mübarizə işgüzar dairələrə qarşı yönəlməməlidir. Əksinə, bu proses qarşılıqlı olmalıdır, maliyyə təminatları olmalı, əhəmiyyətli investisiyalar yatırılmalıdır. İri korporasiyalar iqlimi qorumaq üçün öz töhfələrini verməlidirlər", - Orban deyib.
Onun fikrincə, qlobal iqlim siyasəti ideoloji mülahizələrə və ya həyəcan təbili çalmağa deyil, sağlam düşüncəyə əsaslanmalıdır.
"Həmçinin Macarıstan vətəndaşlarının maraqlarını nəzərə almaq lazımdır. Biz enerjinin saxlanması, elektrik nəqliyyat vasitələrinin inkişafının mühüm iştirakçısıyıq, onun payını 70%-ə çatdırırıq", - Orban xatırladıb.