AZ

Dünyanın hər yerindən insanlar Yer kürəsini xilas etmək üçün Bakıda birləşiblər - Burkina Faso nümayəndəsi

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki həmsöhbətimiz Burkina Faso nümayəndəsi Abubakar Tarore oldu.

O, Trend-ə açıqlamasında bildirib ki, Misirdə və BƏƏ-də, indi isə Bakıda COP29-da iştirak edir.

"Bakı Olimpiya Stadionunun ərazisində tədbirin çox yaxşı təşkil edilməsini və yaradılmış infrastrukturu, müxtəlif ölkələrin iclas otaqları və pavilyonlarını qeyd edə bilərəm.

Hamımız bura bir məqsəd üçün toplaşmışıq - bizim bir planetimiz, bir yerimiz var. Təbiətlə çox diqqətli olmalı, ətrafımızdakı dünyanı qorumalıyıq. İqlim dəyişikliyi realdır və bu, hər yerdə həll oluna bilməyəcək dərəcədə dünyaya çox böyük ziyan vurur.

Mənim ölkəmdə əsas ekoloji problem torpağın deqradasiyasıdır. Belə olur ki, uzun müddət davam edə bilən quru mövsüm başlayır, ondan sonra güclü yağışlar başlayır və daşqınlar baş verir. Bu da çoxlu heyvanların və kənd təsərrüfatı məhsullarımızın tələf olmasına gətirib çıxarır. Bu da sağlamlığımız üçün ciddi problemlər yaradır. Bizim üçün COP29 dünyanın hər yerindən insanların yer üzünü xilas etmək üçün bir araya gəldiyi möhtəşəm hadisə idi", - o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Seçilən
13
2
milli.az

10Mənbələr