Olaylar xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib.
Bildirilib ki, cari ilin 10 ayı ərzində yol hərəkəti qaydalarının piyadalar tərəfindən pozulması nəticəsində qeydə alınan 23 yol qəzasında 9 nəfərin həyatını itirməsi, 15 nəfərin xəsarət alması deyilənləri təsdiq edir.
"Dəfələrlə media subyektlərində, sosial şəbəkələrdə piyada məsuliyyətsizliyinin real görüntülərlə işıqlandırılmasına, rəsmi xəbərdarlıqların edilməsinə, maarifləndirmə tədbirlərinin aparılmasına baxmayaraq, hələ də piyadalar arasında təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşanlara rast gəlirik ki, bu da onları yol qəzalarının qurbanına çevrir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları yolu keçərkən diqqətli olmağa, xüsusilə telefon və sair bu kimi vasitələrdən istifadə etməkdən çəkinməyə, eynisəviyyəli piyada keçidlərində ləngiməməyə, yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, svetoforun tələblərinə riayət etməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə çağırır",- müraciətdə deyilib .