COP29 çərçivəsində baş tutan Liderlər Sammitində Prezident İlham Əliyev olduqca vacib mesajlar verdi. İlk növbədə COP29-un sədri kimi Azərbaycanın inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcəyini bəyan etdi. Dövlət başçımız COP çərçivəsində ölkəmizə qarşı başlayan qarayaxma kampaniyasını, boykotu təşviq edən qərəzli dairələrin də cavabını verdi. Bakı COP-a 196 ölkədən gəlmiş və 72 min iştirakçının qeydiyyatdan keçməsi bu qərəzli dairələr üçün ən böyük zərbədir. Dövlət başçımızın da söylədiyi kimi, “onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb”.
İkili standartlar, siyasi riyakarlığa adət etmiş bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və media orqanlarının cəhdləri bu dəfə də boşa çıxdı. Zəngin neft və qaz ölkəsi olsa da Azərbaycan paralel olaraq yaşıl keçidin güclü carçısıdır. Ölkəmizin milli öhdəlikləri və prioritetləri COP29 iştirakçıları tərəfindən də təqdir olunur.
Azərbaycan COP29-un ev sahibi bu geniş platforma vasitəsilə çoxtərəfliliyin önəmini də dünyaya bəyan etdi. Ölkəmizin təşəbbüsləri iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınması baxımından yüksək qiymətləndirilir.
Dövlət başçımız Azərbaycanın yaşıl enerji gündəliyini də təqdim etdi. Belə ki, bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı imzalanacaq saziş də böyük perspektivlər vəd edir.
COP29 çərçivəsində aparılan müzakirələrdən aydın olur ki, bütün tərəflər Bakı konfransına həlledici nəticələrin əldə olunacağı platforma kimi baxır.
Könül Nurullayeva, Milli Məclisin deputatı
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta