AZ

Rusiyada hərbi hissədən kütləvi qaçış – Yanvarda Ukraynaya göndəriləcəkdilər

Rusiyanın Novosibirsk regionunda yerləşən Koçenevo hərbi hissəsindən hərbçilərin kütləvi qaçışı baş verib.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı Koçenevski rayonunun rəhbəri Yevgeni Antipov Telegram kanalında yayıb. Onun sözlərinə görə, 10 hərbçi hərbi hissə rəhbərliyinə məlumat vermədən taksi ilə hissə ərazisini tərk edib.

Həmin şəxslər daha 20 nəfərlə birlikdə Koçenevo hərbi hissəsinə əvvəllər də hərbi xidmətdən yayındıqları üçün gətiriliblər. Onlar Ukraynadakı müharibəyə göndərilmələrinə etiraz edirlər, bundan əvvəl də döyüşə getməmək üçün hərbi hissələrini tərk etmişdilər. Daha sonra tutularaq yenidən Koçenevo hərbi hissəsinə gətiriliblər. Yanvarda onların Ukrayna ərazisinə aparılması nəzərdə tutulurdu.
Qaçan hərbçilərin 19-44 yaş aralığında olduqları bildirilir. Mətbuatın yaydığı məlumata əsasən qaçanlardan 4 nəfəri artıq saxlanılıb. Qarnizonu tərk edənlərin əksəriyyəti Krasnodar diyarından olan şəxslərdir. Onlardan beşi Krasnoyarsk vilayətində, biri Novosibirsk vilayətində, biri Tomsk vilayətində doğulub. Hərbçilərin hərbi rütbələri və mövqeləri açıqlanmır.

Qeyd edək ki, Rusiya ordusunda Ukrayna müharibəsinə getmək istəməyənlərin, eyni zamanda Ukrayna tərəfinə könüllü əsir düşənlərin sayı sürətlə artır. Rusiya hakimiyyəti bunun qarşısını almaq üçün əsirlikdən qayıdanların cəzalandırılması mexanizmini işə salıb. Artıq ilk 2 nəfər Ukraynaya könüllü əsir düşdüyünə görə 10 illik ağır rejimli həbsə məhkum edilib. Lakin bu addım da insanların işğalçı müharibədə ətdən divara çevrilməmək istəyinin qarşısını ala bilmir…

Seçilən
55
2
tribunainfo.az

3Mənbələr