AZ

İlham Əliyev Ruanda Prezidenti ilə görüşdü – Yenilənib


Prezident İlham Əliyev noyabrın 13-də Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, COP29-a dəvətə, bu tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Ruanda Prezidenti qeyd edib ki, dövlət başçısının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində çıxışı çox dolğun və məzmunlu olub.
Prezident İlham Əliyev dəvəti qəbul edib COP29 tədbirində iştirakına görə Pol Kaqameyə minnətdarlığını bildirib.
Dövlət başçısı qeyd edib ki, COP sədrliyini öz üzərinə götürəndən etibarən Azərbaycana qarşı haqsız və ədalətsiz hücumlar olmuş, beynəlxalq mediada müxtəlif kampaniyalar təşkil edilmişdir ki, bunlar da qəbuledilməzdir. Azərbaycan Prezidenti dedi ki, belə təəssürat yaradılır ki, sanki dünyanı çirkləndirən inkişaf etməkdə olan dövlətlərdir.
Ruanda Prezidenti “Commonwealth” təşkilatı çərçivəsində də Azərbaycanla əməkdaşlıq məsələlərini qeyd edib.
Dövlət başçısı “Commonwealth” xətti ilə ölkəmizin kiçik ada dövlətlərinə maliyyə yardımı göstərdiyini və Azərbaycanın peyk imkanlarından istifadə edərək həmin ölkələrin iqlim dəyişikliyi nəticəsində qarşılaşdıqları məsələlərlə bağlı məlumat bazasının hazırlanacağını da bildirdi, Azərbaycanın praktiki baxımdan faydalı əməkdaşlığı daim dəstəklədiyini deyib.
Görüşdə Azərbaycanla Ruanda arasında ikitərəfli münasibətlər müzakirə olunub.
Ruanda Prezidenti Azərbaycanın “ASAN xidmət” təcrübəsinin çox maraqla qarşılandığını qeyd edib. Bu təcrübənin Ruanda da tətbiq olunması istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
ASAN və DOST xidmətləri haqqında məlumat verən dövlət başçısı burada göstərilən xidmətlərin keyfiyyətinin vətəndaşlar tərəfindən maksimum şəkildə müsbət qarşılandığını bildirib.
Görüşdə iqtisadi-ticari əlaqələr, sərmayələr sahəsində əməkdaşlıq, insanlararası təmasların daha da genişləndirilməsi məsələləri müzakirə olundu, birgə işçi qrupunun yaradılması razılaşdırılıb.
Ruanda Prezidenti qeyd edib ki, Azərbaycanla əməkdaşlığı daha da gücləndirmək niyyətindədir.
Pol Kaqame Prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib. Dövlət başçısı da öz növbəsində Ruanda Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib.

***16:43
Prezident İlham Əliyev Ruanda Prezidenti Pol Kaqame ilə görüşüb.
Yeniavaz.com
Seçilən
22
11
yeniavaz.com

10Mənbələr