AZ

İqlim dəyişmələri müharibələrdən az əhəmiyyət kəsb etmir - Ərdoğan

İqlim mövzusu qlobal gündəmin ən kritik mövzularından biridir. Türkiyə ekoloji problemlərə müharibə, münaqişə və miqrasiya qədər ciddi yanaşır.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib.

Türkiyə lideri COP29 sessiyası çərçivəsində göstərdiyi səmimi qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə bir daha minnətdarlığını ifadə edib.

O, COP29-un əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, Azərbaycanda iqlim müzakirələri bu sahədə BMT-nin dialoqu üçün əsas platformadır.

Türkiyə Prezidenti xatırladıb ki, COP29 Liderlər Sammiti 80 ölkənin dövlət və hökumət başçılarını bir araya toplayıb. “Azərbaycanda keçirilən iqlim sammitinin əsas məsələsi “iqlim maliyyələşməsi” olub. İqlim dəyişikliyinin mənfi nəticələri ilə üzləşən inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün maliyyə mənbələrinin tapılması yolları müzakirə edilir”, - deyə Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, Liderlər Sammitinin iştirakçıları 2009-cu ildə Danimarkada keçirilən görüşdə elan edilmiş iqlim məqsədləri üçün 100 milyard dolların ayrılmasını müzakirə ediblər. “2025-ci ildən sonrakı dövr üçün planlar və yeni dəstək mexanizmlərinin formalaşdırılması imkanı da nəzərdən keçirilib”, - deyə Türkiyə Prezidenti davam edib.

Dövlət başçısı Bakıda keçirilən COP29 iştirakçılarına iqlim dəyişikliyi ilə mübarizədə Türkiyənin prioritetlərini təqdim etdiyini bildirib. “Ölkəmiz qlobal ekoloji səylərə öz töhfəsini verməyə davam edəcək”, - deyə o əmin edib.

Seçilən
17
11
publika.az

10Mənbələr