AZ

Milli musiqi təhsili qurucusu

Siyavuş Kərimi – 70

Xəbər verdiyimiz kimi, bu günlərdə Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli Siyavuş Kəriminin 70 illik yubileyi qeyd olunub. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə o, Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Ölkəmizin hər bir yerindən yubilyarın ünvanına çoxsaylı təbrik məktubları, teleqramlar gəlib, mədəniyyət ocaqlarında yubiley gecələri keçirilib və bu kimi tədbirlər davam edir. Azərbaycan Milli Kitabxanasında “Xalq artisti, professor Siyavuş Kərimi” adlı kitab sərgisi təşkil olunub. Gənc heykəltaraş, Naxçıvan Dövlət Universitetinin (NDU) müəllimi Elxan Zeynalov Siyavuş Kəriminin şərəfinə büst hazırlayıb, AMK tərkibində İncəsənət Gimnaziyasının rəssamlıq şöbəsinin müəllimi Nəriman Məmmədov yubilyarın portretini ona təqdim edib. Yaxın günlərdə isə yubiley münasibətilə bəstəkarı Xalq artisti Siyavuş Kərimi, libretto müəllifi akademik Rafael Hüseynov olan, dahi şairimiz Nəsiminin yaradıcılıq və keşməkeşli həyat yolunu əks etdirən operanın premyerası təqdim ediləcək.

Fəxrlə bildirək ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və mədəniyyətin inkişafına böyük, əvəzolunmaz xidmətləri nəticəsində yaranmış olan Milli Konservatoriya Xalq artisti Siyavuş Kərimiyə dahi şəxsiyyətin əmanətidir və o da bu əmanəti gözəl qoruyur. AMK-nın ab- havası, tələbə-müəllim münasibəti, qaynar sənət mühiti buna bariz nümunədir.

Siyavuş Kəriminin 70 illik yubileyi münasibətilə “Sənət dolu ömür” adlı ilk konsertdə AMK-nın tələbələrindən ibarət “Milli Avaz”, “Uğur” xor kollektivləri, “Şəms-Qəmər” kamera xoru, “Ariflər”, “Buta” orkestrləri iştirak etdilər. Bu, bir-birindən gözəl musiqi əsərləri ilə zəngin bir hesabat konserti idi. Sonda rektor Siyavuş Kərimi əməyi keçən hər kəsə təşəkkür etməklə yanaşı, istedadlı tələbələri ilə qürur duyduğunu dilə gətirdi.

Yubileyə həsr olunmuş elmi-praktik konfrans xüsusilə yaddaqalan oldu. AMK-nın elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi Lalə Hüseynova başda olmaqla, etnomusiqişünaslıq kafedrasının təşəbbüsü ilə ərsəyə gəlmiş bu tədbirdə musiqi nömrələri də ifa edildi. Həmçinin AMK-nın mətbuat xidmətinin hazırladığı “Anın melodiyası” kitabçası təqdim olundu.

Konfransda yubilyarın həyat və yaradıcılığına aid ən müxtəlif səpkilərdə məruzələr dinlənildi. Professorlar Akif Quliyev, Jalə Qulamova, Cəmilə Mirzəyeva, Leyla Quliyeva, dosent Səadət Verdiyevanın çıxışları maraqla dinlənildi. Siyavuş Kəriminin musiqi əsərlərini müəllim və tələbələr təqdim etdilər. Konfrans “Nəsimi” operasından xor ifasıyla başa çatdı.

Ertəsi gün konservatoriyanın böyük zalında vokal kafedrasının yubileyə həsr etdiyi konsert keçirildi. Aparıcı AMK-nın müəllimi, Əməkdar artist Ramil Qasımov idi. O, özü Siyavuş Kəriminin “Sən yanımda ol” mahısını ifa etdi.

Yekun gecəsinə isə mədəniyyət və elm xadimləri, bir çox nüfuzlu simalar gəlmişdirlər. Xalq artisti, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Milli Məclisin Komitə sədri Polad Bülbüloğlu, eləcə də Fatma Abdullazadə, Ədalət Vəliyev, Elbəy Qasımzadə, Sakit Məmmədov, Nazim Kazimov, Murad Dadaşov, Əlibala Məhərrəmzadə, Hacı İsmayılov, İlham Əsgərov və bir sıra ölkələrin səfirləri Siyavuş Kərimiyə xoş arzularını bildirdilər.

Bəstəkarın əsərləri ifa olundu. Sonda isə gözəl bir fləş-mob nümayiş etdirildi. Yubilyara “Teatr xadimi” qızıl medalı, “Milli teatr” fəxri mükafatı və mötəbər qurumların təbrik məktubları təqdim olundu.

Azərbaycanın fəxri sayılan incəsənət xadimlərindən biri, milli musiqi təhsilinin inkişafında əvəzsiz xidmətləri olan Xalq artisti Siyavuş Kərimi ilə bağlı duyğular, bax, beləcə, sevgi ilə yoğrulub.

Aysel FİKRƏT,
AMK-nın mətbuat katibi

Seçilən
66
xalqqazeti.az

1Mənbələr