Donald Trampın tərəfdarı olan ABŞ konqresmeni Tim Burçett bildirib ki, yenidən ABŞ prezidenti seçilən respublikaçıların namizədi yadplanetlilərin həyatı ilə bağlı bütün məxfi sənədləri açıqlamaq niyyətindədir.
Lent.az xəbər verir ki, bu məlumat Trampın özünün verdiyi vədləri təsdiqləyir, o, yanvar ayında vəzifəyə gəldikdən sonra yadplanetlilər, uçan naməlum obyektlər (UNO) və yadplanetlilərlə təmaslar haqqında indiyədək geniş ictimaiyyətdən gizlədilən məlumatları tam açıqlamağı planlaşdırır.
Burcett, tam açıqlamanı həyata keçirmək niyyətində olduğunu təsdiqləyən Tramp ilə mövzunu müzakirə etdiyini söyləyib.
O əlavə edib ki, “hökumət rəsmiləri çox vaxt yadplanetlilərin varlığını inkar edir, dünyanın ən yaxşı pilotları isə öz təyyarələrinin yaxınlığında belə obyektlərlə qarşılaşdıqlarını iddia edirlər”.
Burçett Trampla söhbətlərinə əsaslanaraq, amerikalıların belə araşdırmaların nəticələrini qəbul etməyə hazır olduqlarına inandığını bildirib.
Bu açıqlamalar Trampın keçən ay podcast aparıcısı Co Roqan ilə söhbətindən sonra verilib. Tramp qeyd edib ki, Marsda və ya digər planetlərdə həyatın mövcudluğunu istisna etmək üçün heç bir əsas yoxdur. Onun fikrincə, “bəlkə bunlar bizim heç nə bilmədiyimiz həyat formaları və ya başqa bir məxluq növüdür”.
Tramp qeyd edib ki, yerdən kənar həyata maraq artmaqdadır. O, etiraf edib ki, əvvəllər yadplanetlilərin varlığına şübhə ilə yanaşırmış, lakin təcrübəli döyüş pilotları ilə söhbətlər onun baxış bucağını dəyişib.
“Bu insanlar etibarlı, görkəmli peşəkarlardır” deyən Tramp pilotların ona qəribə hadisələri, məsələn, kometa və ya meteor olmayan üzən yuvarlaq cisimləri təsvir etdiyini və müasir təyyarələrdən, o cümlədən F-22-dən daha sürətli hərəkət etdiyini danışıb.
“Ona görə də onlara inanmamaq üçün heç bir səbəbim yoxdur”, – Tramp bəyan edib.