AZ

İlham Əliyev Efiopiya prezidenti ilə görüşüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasiye ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Taye Atske Sellasiye Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Efiopiyanın baş nazirinə çatdırmağı xahiş edib.
COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Taye Atske Sellasiye bu tədbirin mükəmməl səviyyədə təşkil edildiyini, uğurla keçirildiyini və burada iştirak səviyyəsinin çox yüksək olduğunu deyib. Qonaq dövlətimizin çıxışının dolğun və məzmunlu olduğunu vurğulayaraq, buna görə təşəkkürünü bildirib.
Efiopiya prezidenti ölkəmizə səfəri çərçivəsində Azərbaycanın "ASAN xidmət" təcrübəsi ilə tanışlığın onda çox böyük təəssüratlar yaratdığını və bu təcrübənin ölkəsində tətbiqi məsələsinə baxıldığını deyib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumunun imzalandığını qeyd edib.
Efiopiya prezidenti azad ticarət zonaları sahəsində Azərbaycanın təcrübəsinin ölkəsi üçün maraqlı olduğunu vurğulayıb, turizm, kənd təsərrüfatı, investisiyalar və digər sahələrdə əməkdaşlıq imkanlarına toxundu, böyük perspektivlərin olduğunu deyib.
İnkişaf etməkdə olan dövlətlər arasında həmrəyliyin gücləndirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
"ASAN xidmət" təcrübəsinə toxunan dövlətimizin başçısı bu sahədə Azərbaycanın hər cür dəstək göstərməyə hazır olduğunu deyib.
Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlarda, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub, iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın yaradılmasının vacibliyi vurğulanıb.
Efiopiya prezidenti dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət edib.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirərək, Efiopiya prezidentini və baş nazirini Azərbaycana rəsmi səfərə dəvət edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasiye ilə görüşüb.
Oxu.Az bildirir ki, bu barədə AZƏRTAC xəbər verir.
Seçilən
31
oxu.az

1Mənbələr