AZ

BDU-nun yeni unikal layihəsi – Universitetdə “EKO MƏKAN” - FOTOlar

Bu gün Azərbaycan qlobal enerji və ekoloji təhlükəsizliyin təmin edilməsi və "yaşıl iqtisadiyyat"a keçid üçün strateji mexanizmlərin işlənib hazırlanması məsələlərində fəal mövqe tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" beş əsas Prioritetdən biri götürülüb.

Son illərdə Bakı Dövlət Universitetində (BDU) də ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə istiqamətində aparılan elmi-tədqiqiat işləri genişlənir, ekoloji maarifləndirmə və ekoloji məsuliyyətin artırılması üçün müxtəlif layihələr həyata keçirilir. BDU-nun alim və müəllimləri, yaradıcı tələbələri bu sahələr üzrə elm və təhsil platformasında birləşərək ekoloji problemlərin araşdırılması və həlli yollarının axtarılmasında fəal iştirak edirlər. Elm, innovasiya və təhsil ocağı kimi Universitet tələbə təşəbbüslərinin və "yaşıl iqtisadiyyat" sahəsində gənclər hərəkatının inkubasiya və akselerasiya mərkəzinə çevrilməyi qarşısına hədəf kimi qoyub. BDU dayanıqlı inkişaf üzrə ideyaların təşviqində fəal iştirak edir, Universitetdə ekoloji təhsil və tədqiqata, habelə ekoloji mədəniyyətin təşviqinə əsaslanan yeni təhsil proqramları yaradılır, enerji və resurs qənaətinə əsaslanan həllər tətbiq olunur, innovativ konsepsiyalı eko-məkan və sahələrin yaradılması yolu ilə müxtəlif dəyişikliklər həyata keçirilir.

2024-cü ildə BDU Ali Təhsildə Dayanıqlılığın İnkişafı Assosiasiyasına (The Association for the Advancement of Sustainability in Higher Education) üzv qəbul olunub. Qeyd edək ki, 2005-ci ildə yaradılmış Assosiasiya dünyanın 22 ölkəsindən olan 900-dən çox ali təhsil müəssisəsi və qeyri-kommersiya təşkilatını özündə birləşdirir, professor-müəllim heyətinə və tələbələrə dayanıqlı innovasiyaların iştirakçısı olmaq imkanı yaradır.

BDU ekoloji problemlərin həlli üzrə elmi-pedaqoji kadr potensialı və infrastrukturunu daim təkmilləşdirir və inkişaf etdirir. Universitetdə 5 kafedradan ibarət Ekologiya və torpaqşünaslıq fakültəsi, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. 2024-cü ildə ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə BDU-nun nəzdində ECOLEAD Klinikası yaradılıb. Universitetdə bakalavriat səviyyəsinin "Ekologiya" və "Ekologiya mühəndisliyi" ixtisasları və  magistratura səviyyəsinin "Ekologiya hüququ", "Ətraf mühit kimyası", "Ekoloji kimyəvi monitorinq", "Ekoloji kimya", "Ekoloji biologiya", "Biomüxtəliflik və təbiətin mühafizəsi", "Bioekologiya", "Ətraf mühitin mühafizə metodları və bərpası" və s. ixtisaslaşmaları üzrə kadr hazırlığı həyata keçirilir.

BDU tələbələri "yaşıl enerji", "yaşıl texnologiyalar" sahələrində layihələr hazırlayır və müxtəlif beynəlxalq tədbirlərdə təqdim edirlər. 2024-cü ildə Türkiyənin Antalya şəhərində keçirilmiş "TEKNOFEST-2024" Aerokosmik və Texnologiya Festivalında üçüncü yerə layiq görülmüş BDU-nun tələbə və gənc tədqiqatçılardan ibarət "ESST-6" komandasının "E-tarım sulama" layihəsi də məhz ekoloji problemlərin intellektual həllinə yönəlib. Layihənin məqsədi maya dəyəri ucuz, lakin keyfiyyətli ağıllı suvarma texnologiyasının yaradılması və tətbiq edilməsidir. Belə ağıllı suvarma sistemləri bitkiləri ehtiyacları olduğu qədər su ilə təmin edərək, su israfını maksimum səviyyədə azaltmağa və su sərfiyyatını effektiv şəkildə idarə etməyə imkan yaradır. Layihə çərçivəsində hazırlanması nəzərdə tutulan ağıllı damcı sulama sistemi suvarma proseslərini daha effektiv və sürətli hala gətirərək, kənd təsərrüfatında daha yüksək məhsuldarlıq əldə etməyə imkan verəcək.

Ölkəmizdə möhtəşəm COP29 konfransının keçirildiyi bir dövrdə BDU-da istifadəyə verilən "Eko Məkan" Universitetin bu istiqamətdə reallaşdırdığı yeni unikal və innovativ layihələrindən biridir. Noyabrın 14-də açılışı olan "Eko Məkan" tələbə və tədqiqatçıların ətraf mühitin qorunması sahəsində daha geniş məlumat və təcrübə qazanmalarını təmin edəcək, həmçinin müxtəlif tədbirlərin keçirilməsi və asudə vaxtın təşkilinə imkan yaradacaq.

Açılış mərasimində Milli Məclis (MM) sədrinin müavinləri Ziyafət Əsgərov və Musa Qasımlı, MM-in komitə sədrləri Anar İsgəndərov, Arzu Nağıyev, Sadiq Qurbanov və Şahin İsmayılov, MM-in komitə sədrlərinin müavinləri Fariz İsmayılzadə və Jalə Əliyeva, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və vitse-prezidenti akademik İradə Hüseynova, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Serbiya, Cənubi Koreya, Nigeriya, İraq və digər ölkələrdən COP29 konfransında iştirak edən qonaqlar, "LU-MUN Holding", "Bayramli Group", "Azecolab" şirkətlərinin rəhbər və əməkdaşları, həmçinin müxtəlif qurumların, elmi-tədqiqat müəssisələrinin nümayəndələri, BDU-nun professor-müəllim heyəti və tələbələri, çoxsaylı KİV təmsilçiləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm töhfə olan COP 29 çərçivəsində BDU öz ənənəsinə sadiq qalaraq yeni bir unikal pilot layihəyə imza atıb. Rektor "Eko Məkan"ın bir neçə mühüm özəlliyə malik olduğunu deyib: "Burada xarici ölkələrdən gətirilmiş və ən son texnologiyalar ilə təchiz edilmiş Akvaponik sistem ("Aquaponics system") quraşdırılıb. Bu sistem balıq və bitkilərin bir tsikl çərçivəsində fəaliyyətin tənzim edilməsi prinsipinə əsaslanır. Burada bütün məhsullar ekoloji cəhətdən təmiz məhsullardır, digər tərəfdən oksigen istehsalına imkan verən bioreaktor, rəqəmsal texnologiyaların tətbiqi ilə real zamanda hava parametrlərini ölçən, həmçinin havanın keyfiyyətini təyin edən xüsusi, ən müasir texnologiyalar quraşdırmışıq. "Eko Məkan"ın elektrik təchizatı əsasən günəş panelindən alınan enerji ilə həyata keçirilir. Bu, BDU-nun bir daha ekoloji prinsiplərə sadiq olduğunu, digər tərəfdən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyət göstərdiyini sübut edir".

Rektor qeyd edib ki, "EKO Məkan" ilk növbədə təhsilalanlar - tələbələr, magistrantlar, doktorantlar üçün nəzərdə tutulub. Tələbələrin tədris və təcrübə sahəsi kimi nəzərdə tutulmuş "EKO Məkan"dan yalnız BDU-da təhsil alanlar deyil, həm də digər universitetlərin, orta məktəblərin, liseylərin, kolleclərin tələbələri istifadə edə bilərlər: "Düşünürəm ki, bu layihə çox uğurlu olacaq. Layihənin həyata keçirilməsində "dövlət-özəl tərəfdaşlığı" prinsipinə riayət olunub. Elmi tədqiqatlara öz töhfəsini verən bir sıra özəl şirkətlər bu məkanın yaradılmasında yaxından iştirak ediblər. Onların sırasında "Bayramli Group", həmçinin "LU-MUN HOLDİNG" və "Azecolab" kimi şirkətlər var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də xüsusi təşəkkür edirik. "Eko Məkan"da onların təqdim etdiyi bir çox nadir bitkilər və ağaclar əkilib".

"Eko Məkan" yeni innovativ texnologiya və metodlarla "yaşıl enerji" ilə "yaşıl qida" istehsalı, "yaşıl atmosfer"in formalaşdırılması yollarının tələbələrə öyrədilməsi, həmçinin ictimaiyyətin maarfifləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. BDU-nun ərazisində təqribən 1000 kv.m sahədə yaradılmış "Eko Məkan" müasir texnologiyaları və ekoloji həlləri xüsusi bir yanaşma ilə bir araya gətirir. Burada ətraf mühitin müxtəlif ekoloji aspektlərini təhlil etmək və elmi biliklərin praktiki tətbiqinə şərait yaratmaq məqsədilə xüsusi sahələr yaradılıb:

Məkanda yaradılmış Akvaponik sistem ("Aquaponics system") müasir aqrar texnologiyalardan biri olaraq, suyun təkrar dövriyyəsi üsulu ilə (az su sərf etməklə) yüksək məhsuldarlığa nail olmaq imkanını laboratoriya şəraitində nümayiş etdirir. İnnovativ üsullarla bitki və balıq yetişdirilməsini özündə birləşdirən tsiklik sistem "Dayanıqlı Kənd Təsərrüfatı" yanaşmasını ehtiva edir.

Mikroorqanizmlər və ya biokimyəvi proseslər vasitəsilə bioloji maddələrin istehsalını təmin edən bioreaktorlar sənaye miqyasında müxtəlif bioloji proseslərin, o cümlədən biokütlə, fermentlər, antikorlar, peyvəndlər, bioloji yanacaqlar və digər biotexnoloji məhsulların istehsalı üçün geniş istifadə olunur. Bioreaktorlar əsasən qapalı sistemdə işləyir və müəyyən bir temperatur, pH, oksigen miqdarı, qarışdırma sürəti və qida maddələri kimi parametrləri tənzimləyərək mikroorqanizmlərin böyümə mühitini optimallaşdırır. "Eko Məkan"da quraşdırılmış mikroyosun Bioreaktoru fotosintez yolu ilə karbon qazından oksigenin alınmasını təmin edir və bioyanacaq, heyvan yemi, bioloji məhsul və s. kimi müxtəlif məqsədlər üçün istifadə edilə bilən biokütlənin formalaşması prosesinin laboratoriya şəraitində izlənilməsinə şərait yaradır.

"Eko Məkan"da enerji səmərəliliyini təmin etmək və bərpa olunan enerji infrastrukturunu qurmaq üçün fotovoltaik çeviricilərdən ("solar panel") istifadə olunur. Məkanın enerji təchizatı (xüsusi işıqlandırma, müxtəlif elektron ölçmə cihazlarının enerji təminatı, mobil qurğuların enerji qidalandırılması və s.) əsasən fotovoltaik çeviricilərin bazasında hazırlanmış enerji mənbələrinə əsaslanır. Bu, Universitetin ekoloji prinsiplərə uyğun fəaliyyəti ilə yanaşı, tələbələrə enerji səmərəliliyi və ekoloji təmiz enerji texnologiyalarının tətbiqi barədə biliklər verəcək.

"Eko Məkan"da ətraf mühitə dair məlumatların rəqəmsal şəkildə alınaraq təhlil edilməsi və tədqiqatların nəticələrinin rəqəmsal platformalar üzərindən paylaşılması məqsədilə rəqəmsal eko-informasiya sistemi quraşdırılıb.

Məkandakı "AQMesh" - Hava Keyfiyyətinin Rəqəmsal Monitorinqi Sistemi müxtəlif tipli sensorlar vasitəsilə atmosferdə müxtəlif qazların, o cümlədən azot dioksidi (NO₂), karbon dioksidi (CO₂), ozon (O₃), kükürd dioksidi (SO₂) və digər zərərli maddələrin miqdarını təyin edir, atmosferin çirklilik səviyyəsini anında izləməyə imkan verir.

"Davis Vantage Pro2" - Rəqəmsal Hava Məlumatı Sistemi küləyin sürəti və istiqaməti, külək vasitəsilə havanın soyuma və qızma indeksi, temperatur, rütubətlik, təzyiq və şeh nöqtəsi kimi parametrləri ölçməyə və xüsusi ekranda və mobil tətbiqlər vasitəsilə paylaşmağa imkan verir.

Ekoloji problemlərin həlli, iqlim dəyişikliyi və təbii resursların qorunması mövzularında gənclərin məlumatlandırılması, Universitetin elmi potensialı ilə ekologiya sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatları arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi layihənin əsas məqsədlərindən biridir. İnteraktiv seminar və təlim sahəsində tələbə və müəllimlərin iştirakı ilə "Eko Məkan"da müxtəlif ekoloji maarifləndirmə tədbirləri, təlimlər və praktiki seminarlar keçiriləcək. Qeyd edək ki, "Eko Məkan" BDU-nun bir sıra beynəlxalq uğurlara imza atmış Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin tabeliyində fəaliyyət göstərəcək. Bu Mərkəzdə tələbə və müəllimlər üçün təbiətə həsr olunmuş ekoturlar, təbiət yürüşləri və ətraf mühitin müxtəlif ekosistemlərinin öyrənilməsi üzrə tədbirlər də təşkil ediləcək, tələbələrin birbaşa iştirakı ilə ekoloji mövzularda elmi-tədqiqat layihələri və təcrübə proqramları, tələbələr arasında ekoloji layihələr üzrə müsabiqələr təşkil olunacaq, ekoloji məsələlərə dair innovativ həll yolları təqdim ediləcək.

Qeyd edək ki, layihə çərçivəsində həyata keçiriləcək tədbirlər yalnız BDU-nun tələbələri üçün deyil, ölkənin ümumtəhsil məktəblərinin şagirdləri və digər ali təhsil müəssisələrinin tələbələri, ümumilikdə geniş ictimaiyyət üçün nəzərdə tutulub. "Eko Məkan"da həyata keçiriləcək tədbirlər sayəsində ətraf mühitin qorunması mövzusunda geniş ictimai maarifləndirmə işləri aparılacaq, BDU-nun sosial fəaliyyəti daha da gücləndiriləcək.

"Eko Məkan"ın yaşıl sahələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi Hirkan şümşadı ("Buxus hyrcana"), Oleandr ("Nerium Oleander"), Avropa ərgəvanı ("Cercis siliquastrum"), Yapon birgözü ("Ligustrum japonicum texanum"), Budaqlı danaya ("Danae racemosa"), Həmişəyaşıl başınağacı ("Viburnum tinus"), Qərb tuyası ("Thuja occidentalis") və s. kimi nadir bitkilər də əkilib, xüsusi milli dizaynlı oturacaqlar quraşdırılıb.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) (Sustainable Development Goals - SDG) dəstək olacaq "Eko Məkan" gənclər və geniş ictimaiyyət arasında ekoloji təhsilin təşviqi, təbiətin qorunmasının vacibliyi barədə məlumatların çatdırılması baxımından SDG-4 (Keyfiyyətli təhsil), şəhər ərazilərində yaşıl sahələrin artırılması və şəhərlərin ekoloji cəhətdən dayanıqlı olması baxımından SDG-11 (Dayanıqlı şəhərlər və icmalar), iqlim dəyişmələrinin təsirlərinin azaldılması, bu dəyişmələrə uyğunlaşmaq, davamlı enerjidən və təbii resurslardan səmərəli istifadə üçün tədbirlərin həyata keçirilməsi baxımından SDG-13 (İqlim dəyişikliyi ilə mübarizə), təbiətin və yerüstü ekosistemlərin və bioloji müxtəlifliyin qorunması və bərpası, xüsusilə nadir və məhv olmaq təhlükəsi ilə üzləşən bitki növlərinin mühafizəsi baxımından SDG-15 (Yerüstü ekosistemlərin qorunması), və müxtəlif təşkilatlar, yerli və beynəlxalq tərəfdaşlar ilə birgə əməkdaşlıq çərçivəsində resursların və təcrübələrin paylaşılması, habelə ekoloji sahədə yeni təşəbbüslərin inkişafı baxımından SDG-17 (Məqsədlər üçün tərəfdaşlıq) məqsədlərinə uyğun fəaliyyət göstərəcək. Layihə DİM-lərə nail olmaq üçün ekoloji təhsil ilə yanaşı, biomüxtəlifliyin və ekosistemlərin davamlılığını təmin etmək üçün əhəmiyyətli nümunə hesab edilə bilər.

Layihə çərçivəsində BDU yalnız yerli ekoloji təşkilatlarla deyil, beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq etmək niyyətindədir. Bu əməkdaşlıq sayəsində ətraf mühitin qorunması mövzusunda qabaqcıl təcrübələrin Azərbaycana gətirilməsi və yerli ekoloji təşkilatların fəaliyyətlərinin beynəlxalq səviyyədə tanınması üçün zəmin yaradılacaq. Təşkil olunacaq könüllülük proqramları əsasında tələbələrin yerli və beynəlxalq ekoloji fəaliyyətlərə cəlb olunması planlaşdırılır.

Ölkənin şagird, tələbə və gənc tədqiqatçıları arasında yaşıl texnologiyalardan daha geniş istifadənin və elmi tədqiqatlarda ekoloji yanaşmaların tətbiqinin təşviqi, habelə Azərbaycanın "yaşıl artım" ölkəsinə çevrilməsi istiqamətində gənclər arasında əlaqələrin genişləndirilməsi baxımından "Eko Məkan"ın çöxşaxəli fəaliyyətinə inanırıq.

Qeyd edək ki, "Eko Məkan" dövlət-özəl tərəfdaşlığı çərçivəsində BDU ilə "Bayramli Group", həmçinin "LU-MUN Holding" və "Azecolab" şirkətləri ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi layihəyə xüsusi dəstək verib. Davamlı inkişaf prinsiplərini dəstəkləyən bu tərəfdaşlıq çərçivəsində hər bir tərəf öz resursları və imkanları hesabına "Eko Məkan" layihəsinin inkişafına dəstək verəcək, layihənin uzunmüddətli istifadəsinə və cəmiyyət üçün faydasının artırılmasına xidmət edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
50
3
milli.az

4Mənbələr