ABŞ administrasiyası İsrail Silahlı Qüvvələrinin Livanın paytaxtı Beyruta hava zərbələrinə qarşıdır.
“Far.Az” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini Vedant Patel jurnalistlər üçün müntəzəm brifinqdə bildirib.
Ondan çərşənbə günü 21 nəfərin ölümü ilə nəticələnən İsrailin Livan paytaxtına hava zərbəsi ilə bağlı Vaşinqtonun narahat olub-olmadığı soruşulub.
“Əlbəttə ki, biz narahatıq. Siz bizdən dəfələrlə eşitmisiniz ki, biz Beyrutda, xüsusilə sıx məskunlaşmış ərazilərdə bu cür müntəzəm əməliyyatları görmək istəmirik. Bu, İsraildəki tərəfdaşlarımızla əlaqələrimizdə xüsusi diqqət yetirəcəyimiz məsələdir”, – diplomat cavab verib.
Patel BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq İsrail və Livan arasında münaqişənin diplomatik həllinin vacibliyini bir daha vurğulayıb ki, bu da “mavi xətt”in (BMT sülhməramlılarının dəbilqələrinin rənginə görə Livan və İsrail arasındakı sərhəd – red.) hər iki tərəfindəki dinc əhalinin öz evlərinə qayıtmasına imkan verməlidir.