Bu gün yazıçı Salam Qədirzadənin anım günüdür.
Kulis.az Ülvi Bahadırın mərhum yazıçının övladları - Leyla və Ruslan Qədirzadələrlə müsahibəsini təqdim edir.
- Sizinlə müsahibə ilə bağlı danışandan sonra yadınıza düşən ilk xatirə nə oldu?
L.Q: Xatirələr çoxdur. Mən atamı hər gün yad eləyirəm. İlk yadıma düşən isə bibimgilin bağında keçirdiyimiz xoş günlər oldu. Atamın qələm dostları da - Qabil, Əliağa Kürçaylı və başqaları tez-tez həmin bağa yığışardılar.- Necə ata idi?
L.Q: Hər kəs üçün öz atası ən yaxşı atadır, yəqin ki... O ki qaldı bizə olan münasibətə... Qardaşıma qarşı bir cür idi, mənə qarşı başqa cür, daha tələbkar. Atam köhnə bakılılardan idi. Harasa gedəndə mənə vaxt məhdudiyyəti qoyardı... Mən şərqşünaslıq fakültəsində oxuyurdum, dərsim ikiyə on beş dəqiqə işləmiş bitirdi.. evə qədər 15 dəqiqəlik yol var idi. Onda atam “Kirpi” jurnalının baş redaktoru vəzifəsində çalışırdı. Mən mütləq ikinin yarısında evdə olmalıydım. Olmayanda çox narahat olurdu. Harasa getmək lazım olanda özü aparıb gətirirdi bəzən.
- Ancaq sizə o sərbəstliyi tanıyırdı.
R.Q: Hə, mən daha sərbəst idim. Mənə məhdudiyyət qoymurdu. Ancaq təbii ki, yenə də bəlli çərçivələr var idi. Bir tərəfdən bu yaxşı idi. Bir nizam-intizam var idi. İndiki cavanlar kimi böyüməmişəm. Atadır da, narahat olurdu. Bu gün mən də qızıma görə elə narahat oluram. Oğlumun 40-dan çox yaşı var, ona görə də narahat oluram.
- Qaydaları pozanda necə reaksiya verirdi?
L.Q: Çalışırdıq, qaydaları pozmayaq. Şəxsən mən o qaydaları pozmurdum. Mümkün də deyildi. Hətta ailə qurandan sonra da mənə görə narahat olurdu. Yoldaşımla qonaqlığa gedirdik, zəng eləyirdi ki, hardasız, saat 10 olub. Belə narahat adam idi.
- Bilirik ki, qələm adamlarının öz kaprizləri olur. Xüsusilə, yazı prosesində.
L.Q: Onun kabineti ilə başqa otaqların arasında uzun dəhliz var idi. Atam kabinetdə işləyəndə həmin dəhlizdən barmaqlarımızın ucunda keçirdik, ki, səs salmayaq. Həmin vaxtlarda televizoru yandırmırdıq. Hətta şirinçayı qarışdıranda çalışırdıq ki, qaşıq stəkana dəyməsin. Səsə o dərəcədə həssas idi.
R.Q: Adətən gecələr işləyərdi. Gündüz vaxtı siz onu yazı masasında görməzdiniz. Otağına keçər, çaydanını qaynadar, siqaretini çəkər, səhərə qədər işləyər, elə orda da yatardı.
- Salam bəy hərtərəfli adam olub. Tanışları, dostları çox olub. Evə daha çox kimlər gəlib-gedərdi?
L.Q: Ən çox Qabil, Əliağa Kürçaylı, Mehdi Məmmədovun qardaşı Teymur. Teymur əmi onun uşaqlıq dostu idi. Hətta dostluqlarının 40 illiyini restoranda qeyd eləmişdilər. Anam da incimişdi ki, toyumuyzun ildönümlərini qeyd eləmirsən, dostluğunun yubileyini qeyd eləyirsən.
Biz Yazıçılar Evində yaşayırdıq, ikinci blok, ikinci mərtəbə. İndi həmin mənzildə qardaşım qalır. Qapı qonşumuz Abdulla Şaiqin oğlu akademik Kamal Talıbzadə, 3-cü mərtəbədə İlyas Əfəndiyev, 3-cü mərtəbədə Zeynal Xəlilin ailəsi, 5-də Bəxtiyar Vahabzadə qalırdı. Həmin binada İsa Muğanna, Əli Vəliyevin oğlu, yazıçı Afaqın atası Məsud Vəliyev, Qabil və başqa yazıçı və şairlər yaşayırdı. Gördüyünüz kimi, çox gözəl bir mühitimiz var idi.
- Valideynləriniz necə tanış olub?
L.Q: Atamı ikinci kursda Moskavaya. Qorki adına Ədəbiyyat İnstitutuna oxumağa göndərmişdilər. İsa Hüseynov, Əli Kərim və Nəbi Xəzri də həmin institutda oxuyurdular. Tələbə yataqxanasında bir otaqda qalırdılar. Əvvəllər həmin yataqxana məşhur rus yazıçısı Fadeyevin bağı olub. Dostlar Moskvaya, dərsə elektrik qatarı ilə gedərlərmiş. Anam da həmin qatarla Moskvaya gedirdi. Texnikumda oxuyurdu. O, həmişə qatarda kitab oxuyurmuş. Bu, atamın diqqətini çəkib. Beləcə tanış olublar. Demək olar ki, kitaba sevgi onları birləşdirib. Elə Moskvada da nikah bağlayıblar. 1952-ci ildə Bakıya gəliblər, 53-cü ildə də qardaşım doğulub.
- Bizdə bəlli mental çərçivələr var. Xüsusilə, o dövrdə bir rus qızını alıb bura gətirmək heç də xoş qarşılanmırdı. Sizdə necə oldu?
R.Q: Qohumlar anamı çox yaxşı qarşılayıblar. Nənəm, bibilərim ona milli yeməkləri bişirməyi öyrədiblər. Çox mehriban olublar. Ataları tez rəhmətə getmişdi. Atam da evin böyük oğlu idi. Onun qərarına hörmətlə yanaşdılar – həm nənəm, həm bibilərim, həm əmim. Ümumiyyətlə, bütün dost-tanışlar.
...Atam bir gün anamı Yazıçılar Birliyinə aparıb. Yazıçılar Birliyinin qarşısında Səməd Vurğunla qarşılaşıblar. Qeyd edim ki, Səməd Vurğun tez-tez Moskvaya gələr və orada təhsil alan azərbaycanlı tələbələrə hər zaman baş çəkərdi. Novruz bayramında şirniyyat gətirər, maddi yardım göstərərdi – axı o vaxt tələbələrin dolanışığı çətin idi... Atam Səməd Vurğunu anamla tanış etdi. O da soruşduki, bu xanım kimdir. Moskvada evləndiklərini biləndə deyib ki, deməli, məhəbbət vətənə qalib gəlib. Anam həmişə bu sözləri xatırlayardı...
- Ananızla evlənənə qədər atanızın həyatında bir qadın olub.
L.Q: Hər kəsin həyatında kimlərsə olur. O qadın da heykəltaraş olub. Bibimin rəfiqəsi idi. Aralarındakı münasibər o qədər dərin olmayıb ki, davam eləməyib.
- Salam bəy çox dürüst adam olub. Buna görə də “Kirpi”də işləyəndə çətinliklərlə qarşılaşıb.
L.Q: Hə, çox prinsipial idi.
İki dəfə onun adı Yazıçılar Birliyi tərəfindən fəxri ad almaq üçün təqdim edilən siyahıya salınıb və təsdiq üçün Mərkəzi Komitənin müvafiq şöbəsinə göndərilib. Hər dəfə də adının üstündən xətt çəkilib. Səbəbi isə məhz atamın prinsipiallığı ilə bağlı idi. İş orasındadır ki, fəxri adı təsdiqləyən məsul şəxs atamdan intiqam alırdı. Atam “Kirpi” jurnalının baş redaktoru işləyəndə həmin adamın qardaşı Azərİttifaqda vəzifədə idi. Orda yoxlama olmuşdu. “Kirpi”də bu hadisə ilə bağlı felyeton hazırlanmışdı. Onda da “Kirpi”də felyeton çıxdısa, həmin adam işdən çıxarılırdı. Çünki jurnal Mərkəzi Komitənin orqanı idi. Həmin adam zəng eləyib tələb etmişdi ki, felyeton çıxarılsın. Atam isə demişdi ki, yox, olmaz. Hər şey də bundan sonra başladı. Kitablarını ləngitdilər, saxladılar, ad vermədilər.
R.Q: Atam əvvəl “Kirpi”nin məsul katibi, sonra Seyfəddin Dağlının müavini olub. Seyfəddin Dağlı gedəndən sonra Ulu Öndər Heydər Əliyev xalq şairi Süleyman Rüstəmi yanına çağırıb deyib ki, “Kirpi”nin baş redaktoru vəzifəsinə kimi məsləhət görürsən? O da deyib ki, Salamdan başqa heç kim orda işləyə bilməz. Doğrusu, atam heç vaxt vəzifəyə can atmayıb. Lakin Heydər Əliyev atamı çağırıb jurnala baş redaktor təyin etmək istədiyini deyəndə, təbii ki, razılaşıb. Sadəcə iki xahişi olub. Ulu Öndərə deyib ki, birincisi, mən öz komandamı yığacam, ikincisi, mənə zənglər, təzyiqlər olunmayacaq. Heydər Əliyevin bu mövqe xoşuna gəlib. Deyib ki, mən də elə bunu səndən istəyirəm. Beləliklə, atam öz komandasını yığıb. Zənglər başlayanda isə Heydər Əliyevə zəng edib, vəziyyəti başa salıb. Ulu Öndər isə cavabında “belə də davam edin, prinsipial olun, heç kim sizə təzyiq göstərə bilməz”- deyib.
Lakin bəzi vəzifəli şəxslər bu cəhdlərdən əl çəkmirdi. Nəticədə, atamın səhhəti pisləşdi, hipertoniyaya yoluxdu.
- Öz istəyi ilə çıxdı işdən?
R.Q: Bəli. “Kirpi”nin əməkdaşları Təzə bazarda reyd keçiriblər. Xeyli pozuntular aşkar olunub. Bazarın müdiri (o vaxt bazarkom deyirdilər) yalvarıb-yaxarıb, rüşvət təklif eləyib ki, materiallar getməsin. Atam isə işçilərə deyib ki, yaxşı eləmisiniz, hazırlayın felyetonu. Yazı çıxhaçıxda məşhur bir xanəndə zəng eləyib və deyib ki, həmin adam mənim qohumumdu, xahiş eləyirəm onun adını çıxarın. Amma atam fikrindən dönməyib. Felyeton getdi, o adam da işdən çıxarıldı. Belə prinsipial adam idi.
L.Q: Amma bütün bu təzyiqlər izsiz keçmədi. Çox həssas insan idi atam. Səhhətində problemlər yarandı. O səbəbdən ərizəsini yazıb işdən çıxdı. Ancaq başqa səbəb də var idi. Jurnalın baş redaktoru işləyən müddət yaradıcılıqdan uzaqlaşmışdı. 9-6 rejimi ona uymurdu. Doğrudan da həmin dövrdə yaradıcılığında durğunluq yaranmışdı. Ordan çıxandan sonra məhsuldarlığı artdı. Axı o sərbəstliyi çox sevirdi. Gecələr işləyərdi. Rejimlə yaşamaq, səhər saat 9-da redaksiyada olmaq, 6-ya qədər inzibati işlərlə məşğul olmaq ona görə deyildi.
- Ona daha yüksək vəzifələr təklif olunub, ancaq o, imtina eləyib.
R.Q: Ona Mərkəzi Komitənin şöbə müdirliyi təklif olunmuşdu, o da demişdi ki, mən bundan sonrakı həyatımı yalnız yaradıcılığa həsr eləmək istəyirəm.
- Haqqında danışılanlara görə zəhmli olduğu qədər də zarafatçıl adam olub. Evdə, ailədə necə idi?
L.Q: Elə bil iki insan yaşayırdı bir bədəndə. Çox zarafatcıl idi. Əsl məclis adamı. Ancaq evdə, ailədə çox zəhmli idi. Biz onun daha çox ciddi tərəfini görmüşük. Ona görə istəyirdim ki, evə tez-tez qonaqlar gəlsin.
- Qələm adamları adətən orda-burda olur. Təhsilinizlə, şəxsi həyatınızla maraqlanırdımı?
R.Q: Bir o qədər də yox. Buna ehtiyac da yox idi. Hər ikimiz yaxşı oxuyurduq.
Mən şərqşünaslıq fakültəsini bitirmişəm. Fars dili mütəxəssisiyəm. İnstitutda əlaçı təqaüdü alırdım. İmtahanları da əla qiymətlərlə verirdim. Lakin bir fənn var idi - Dialektik materializm. Çox gərəksiz, mənasız bir fənn idi. İmtahana bir həftə qalmış oxudum, heç nə başa düşmədim. Bildim ki, 5 ala bilməyəcəyəm Və ömrümdə bircə dəfə atamdan xahiş elədim ki, mənə kömək eləsin. Beş almasaydım, təqaüddən məhrum qalacaqdım. Nə isə... həmin kafedra müdirinin harada yaşadığını öyrəndim. Atam bunu biləndə təəccübləndi. Dedi ki, müəllimin telefon nömrəsini bilmirəm axı. Dedim, bir məktub yaz, mən verim ona. Bir məktub yazdı, mən də vurdum qoltuğuma, maşına oturub getdim ora. Küçəni, bloku, mərtəbəni tapdım. Gecə saat doqquz idi. Soruşdu ki, kimsiniz? Dedim, mən Salam Qədirzadənin oğluyam. Evə dəvət elədi. Məktubu verdim. Dedi ki, bura niyə gəlmisən, zəng eləyərdin də. Dedim ki, telefon nömrənizi bilmirdim. Uzun sözün qısası, səhər qiymət kitabçama bir beş yazıldı. Etiraf edirəm, bu, atamın köməyi ilə aldığım yeganə qiymət idi. Başqa heç vaxt mənə görə kiməsə ağız açmayıb.
-Atanızın ən çox sevdiyiniz əsəri hansıdır?
L.Q: Mən onun satirasını çox sevirəm. Lirikası da gözəldir, ancaq satirası başqa aləmdir. Bizdə satirada indi durğunluq var. Yumor aşağı səviyyəli olsa da, var, amma satira heç yoxdur.
Atam çox güclü satirik olub. Ən çox sevdiyim satirik hekayəsi isə “Heykəl”dir.
Atamın bir çox hekayələrini tərcümə eləmişəm. İlk dəfə “Haram pul” povestini tərcümə eləmişdim. Onuncu sinifdə oxuyurdum. “Literaturnı Azerbaycan”jurnalında çıxmışdı. İlk qonorarımı da ordan almışdım. Atam da fəxr eləyirdi.
Bir də “Kəndimizdə bir gözəl var” romanını çox sevirəm. Həm də onu mənə ithaf eləyib.
O vaxt “Kəndimizdə bir gözəl var, “Qış gecəsi”, “46 bənövşə” kitabları əl-əl gəzərdi. Bestseller idi. Atamın kitabları ən yüksək tirajla (30 min nüsxədə) çıxan kitablar olub. Satışda qalmazdı. Bir dəfə elə özü də təzə çıxan kitabını mağazadan çətiniklə əldə etmişdi. Romanı ona bahasına satan satıcı bilmirdi ki, kitabı alan müəllifin özüdür.
- Əsərlərini yazandan sonra evə müzakirə eləyirdinizmi?
L.Q: Daha çox dostları ilə müzakirələr aparırdı. Bir dəfə mənə bir hekayəsinin əlyazmasını vermişdi. Onun səhvini tapmışdım. Yaş məsələsi ilə bağlı idi. Ondan sonra redaktor kimi mənə hekayələr göndərirdi ki, baxarsan.
- Özü daha çox kimləri oxuyurdu?
L.Q: Atamın çox zəngin kitabxanası var idi. Həmişə mütaliə edərdi. Ən çox Çexovu və Zoşşenkonu oxuyurdu. Heminqueyi çox sevirdi. Hətta kabinetində onun böyük portretini də asmışdı. Təbii ki, azərbaycanlı şair-yazıçılarının yaradıcılığını izləyirdi. Əliağa Vahidi çox sevirdi. Onlar həm də dost idilər.
R.Q: Bizim evə yazıçılar, qələm adamları çox gəlib-gedib. O vaxt bizə adi görünürdü. İndi adam fikirləşir ki, gör kimlərlə eyni masa arxasında oturmuşuq.
- Salam bəy boş vaxtlarında neyləyirdi? Hobbilər var idi?
L.Q: Yaxşı əl qabiliyyəti var idi. Çox yaxşı karikaturalar, sarjlar çəkirdi. Qabilin qocalığını (o vaxt onun 45-50 yaşı var idi) təsəvvür edib bir şarjını çəkmişdi, altından isə “Qoca Qabil” yazmışdı.
Ovçuluqla məşğul olub, sonradan uzaqlaşıb. Tüfəngi indi də durur. Çoxu kimi atam da ədəbiyyata şeirlə gəlib. Şeirlərinə iki mahnı da bəstələnib. Lap əvvəllər tar çalırdı. Tez-tez zarafatla xatırlayardı ki, imtahanda Üzeyir bəy onun ifasını dinləyib, sonra demişdi ki, sən get özünə başqa sənət tap, səndən musiqiçi çıxmaz. Hər dəfə də deyirdi, yaxşı ki, ona qulaq asdım.
- Özü necə musiqilər dinləyirdi?
L.Q: Qəribə olsa da, daha çox estrada musiqisini sevirdi. Aşıq mahnılarını çox da sevmirdi. Deyirdi ki, mənə bir qədər yaddır.
Ən çox dinlədiyi müğənnilər Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rəşid Behbudov olub. Türk şərqilərini, Emin Sabitoğlunun mahnılarını dinləyərdi.
- Əliağa Vahidlə dost idi. Bir maştağalı olaraq meyxanaya münasibəti necə idi?
R.Q: Meyxana o vaxt bu qədər populyar deyildi. Maştağadan çıxsa da, başqa cür adam idi o. Meyxanaya bir o qədər marağı yox idi.
- Son günlərini necə xatırlayırsınız?
R.Q: Yaş artdıqca xeyli mülayimləşmişdi. Sanki ömrünün sona çatdığını hiss edib uzun müddət küsülü qaldığı bacısı ilə barışmışdı.
L.Q. Noyabrın 7-də qardaşım hərbi toplanışdan gəlmişdi. Qeyd eləmək üçün restorana getməyə hazırlaşırdıq. Zəng elədim, anam telefonu götürmədi. Haçandan-haçana anam özü zəng elədi... Sən demə, atam dostu ilə maşınını düzəltdirməyə gedib, orda halı pisləşib. İnsult keçirmişdi. 7-si onu xəstəxanaya yerləşdirdik, 15-i isə rəhmətə getdi.
R.Q. Komada idi. Dedilər ki, evə aparmaq lazımdır. Ayağında göy ləkələr əmələ gəlmişdi, kapilyarlar partlamışdı. Danışmırdı.
- Xəstəliyi var idi?
R.Q: Yox, qəflətən oldu.
- Onsuzluğa alışa bildiniz?
L.Q: Zaman gedir. Necəsə alışırsan. Nəsə uğurum olanda fikirləşirəm ki, ruhu şaddır indi. 1987-ci ildə vəfat etdi. Görmədi müstəqilliyi. Bəlkə də, başqa cür dəyər verərdilər ona.
- 80-ci illərin sonu insanların gözünün açıldığı illər idi. Həmin dövrlərdə Salam bəy nələr danışırdı?
L.Q: Atamın ermənilərə qarşı barışmaz mövqeyi var idi. Onlara inanmırdı. Mən rus məktəbində oxuyurdum. Sinifimizdə erməni çox idi. Bizi bəşəri ruhda yetişdiridilər. Mənim də Raya adında yarırus-yarıerməni bir rəfiqəm var idi. Atam dostluğumuza etiraz edirdi, mən isə bəzən ondan buna görə inciyirdim də. İndiyə qədər sözləri qulağımdadır. Deyirdi ki, sən bilmirsən, bunlar necə adamlardır.
Atam bizimlə siyasi söhbətlər aparmayıb. Belə müzakirələri dostları ilə edərdi.
- Salam bəyin əsərləri senzuraya məruz qalıbmı?
R.Q: O dövrdə “Qlavlit” adlı bir qurum var idi. Satirik əsərlərində bir çox məqamları çıxarırdılar. Hətta musiqili komediyasında da bəzi hissələri çıxarmışdılar. Çox pis olurdu buna görə. Kim istəyərdi ki, əsərindən hissələr çıxarılsın.
- Onun əsərləri əsasında film çəkilibmi?
R.Q: Bəli. Eldar Quliyev atamın “Xəzan yarpaqları” hekayəsi əsasında “Biri var idi, biri yox idi” filmini çəkmişdi. Onun ilk filmi idi. Uğurlu alınmışdı.
- Atanız indi burda olsaydı, ona nə deyərdiniz?
L.Q: Çətin sualdır. Deyərdim ki, ata, bax, hər şey dəyişib. Biz müstəqil ölkədə yaşayırıq... Bir də adını daşıyan oğlumu göstərərdim ona...