AZ

Qadının faciəli şəkildə ölməsinə səbəb olan BMW-nin sürücüsünə hökm oxundu

Abşeron Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Mahir Nəbiyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 16 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Mahir Nəbiyevin idarǝ etdiyi BMW markalı minik avtomobili ilə R.Məmmədovun idarə etdiyi “Mercedes” markalı betonqarışdıran yük maşını toqquşub. Nəticədə yük avtomobili aşaraq yol kənarındakı avtobus dayanacağına çırpılıb. Zərbənin təsirindən dayanacaq piyada, 1970-ci il təvəllüdlü Sevda Məmmədovanın üzərinə aşıb. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Hadisədən sonra Mahir Nəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilb. 

 

Kamal Məmmədov

 

Tarix: 15 Noyabr 2024, 09:05   
Seçilən
63
3
pravda.az

4Mənbələr