AZ

Şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq



Ölkə paytaxtında möhtəşəm bir tarixi məkan yaradılıb. Zəfər parkı. Bu bizim 30 ildən sonra qazandığımız ərazi bütövlüyünün, qələbə uğurumuzun və Zəfər tariximizin daha bir abidəsi kimi qiymətlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər parkının açılışında iştirak ediblər. Cənab Prezident bu tədbirdə Azərbaycan xalqına müraciət edib. Müraciətdə çox ciddi məsələlərə toxunan cənab Prezident tək 44 günlük qələbəyə deyil bütövlükdə ötən əsrin 90-cı illərindəki hadisələrə bir daha aydınlıq gətirib. Əvvəlcə Zəfər günümüz münasibətilə xalqımızı təbrik edib. Deyib ki, bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm, Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm. Hər birimiz üçün əziz bir gündə Vətən uğrunda öz canlarından keçmiş qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin! 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. Qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir. Torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır, böyük dövlətlər, bu məsələni - Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu görürdük, bilirdik. İllər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Biz isə bu vəziyyətlə barışa bilməzdik. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox. Bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. İndi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır. Heç kim bizi dayandıra bilməz, öldü var, döndü yoxdur. Müharibə dövründə Ermənistan hərbi cinayətlər törətmişdir, dinc şəhərlərimizi bombalayırdı, “İsgəndər M”, “Toçka U”, “Elbrus” və digər dağıdıcı silahlarla hər gün şəhər və kəndlərimiz artilleriya atəşi altında idi. Amma bu, Azərbaycan xalqının iradəsinə bir zərrə təsir etmədi. Əksinə, dağıntılardan öz yaxınlarının meyitlərini çıxaran bizim soydaşlarımız bir amalla yaşayırdı ki, təki müharibə dayanmasın. Bu, təbiidir, çünki Azərbaycan o qədər də böyük dövlət deyil. Minsk qrupunun bütün həmsədrləri 30 il ərzində Ermənistanın arxasında dayanmışdı, biri pulsuz silah verirdi, biri pul verirdi, biri həm silah, həm pul verirdi, siyasi dəstək verirdi, bir məqsədlə ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlasınlar. 2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı demək olar ki, düşmənin belini qırmışdır. Ondan sonra cəmi bir gün keçdi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və müharibə dayandırıldı.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.



Seçilən
23
aia.az

1Mənbələr