AZ

Kiçik ölkələrin problemlərinə böyük dövlətlərin laqeydliyi...

COP29 əsas iqlim prioritetlərinin müzakirəsi üçün ən mühüm platforma kimi - Neokol?nialistlər yenə də məğlubdur!

Bakı ən mühüm problemin həllinə töhfə vəd edir

“Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək”

İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası müstəvisində hər il keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransları problemin həllində çoxtərəfli imkanların səfərbər olunmasına xidmət göstərir. 1990-cı illərin ortalarından etibarən inkişaf etmiş ölkələr üçün istixana qazı emissiyalarını azaltmaq üçün hüquqi cəhətdən məcburi öhdəliklər qoyan Kioto Protokolunu müzakirə etmək üçün təşkil edilən Tərəflər Konfransı (COP) həm də bu mənada, mühüm əməkdaşlıq platformasıdır.

Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti də iqlim dəyişikliyindən ən çox əziyyət çəkən və həssas vəziyyətdə olan kiçik dövlətlərin problemlərinin həllində yeni və mühüm bir mərhələ kimi qiymətləndirilir. Bu sammit çərçivəsində hədəflənən ən mühüm istiqamətlərdən biri də məhz kiçik dövlətlərin səsinin qlobal səviyyədə daha geniş eşitdirilməsi, onların iqlim problemlərinin həlli üçün xüsusi platformaların, maliyyə və texniki dəstək mexanizmlərinin gücləndirilməsidir.

Fransa həm də ekoloji terror törədir

Qeyd edək ki, Azərbaycan hər zaman və iştirakçısı olduğu bütün platformalarda kiçik dövlətlərin mənafeyinin qoruyucusu kimi çıxış edib. İstər Qoşulmama Hərəkatı çərçivəsində, istər qlobal pandemiya dövründə “vaksin bölgüsü” məsələsində, istərsə də neokolonializmə qarşı mübarizədə kiçik dövlətlərə verilən dəstək bunun bariz sübutudur. Bakı Təşəbbüs Qrupu tərəfindən aparılan fəaliyyət Fransanın dəniz aşırı ərazilərdə törətdiyi soyqırımları, qanunsuzluqlar, insan haqlarının kütləvi pozulması kimi hallarla yanaşı, həmin ərazilərə vurulan ekoloji zərərləri də ifşa edir. COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışında Prezident  İlham Əliyev bildirib ki, Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər: “Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik”.

Kiçik dövlətlərdən daha güclü dəstək...

Bu baxımdan, Azərbaycanın ev sahibliyi etdiyi COP29 həm də kiçik ölkələrin üzləşdiyi bəzi unikal problemlərə - yüksələn dəniz səviyyəsi, intensiv daşqın və quraqlıq kimi fəsadlara, eyni zamanda, iqlim dəyişikliyindən qaynaqlanan fərqli problemlərə qarşı mübarizə effekti yaradır. Bununla bağlı KİV-ə açıqlamasında bir sıra qurumların və dövlətlərin təmsilçiləri öz fikirlərini bölüşürlər - məsələn, Antiqua və Barbudanın iqlim məsələləri üzrə səfiri Ruleta Kamaço Tomas inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iddialı qlobal liderliyin və əhəmiyyətli maliyyə dəstəyinin kritik əhəmiyyətini vurğulayıb. Səfir Antiqua və Barbuda kimi kiçik ada dövlətləri üçün iqlim dəyişikliyinin ağır nəticələrinə diqqət çəkərək, beynəlxalq ictimaiyyəti həssas ölkələrə yardım öhdəliyini təsdiqləməyə çağırıb. “Biz gözləyirik ki, iqlim dəyişikliyi ilə bağlı qlobal liderlik əvvəlki kimi iddialı və təsirli qalacaq. Xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə təsirinə gəldikdə, dünya liderlərinin qarşılaşdığımız risk səviyyəsini azaltmağa kömək etmək əzmini təsdiqləməyə ümid edirik”, - o bildirib. Antiqua və Barbuda üçün ən kəskin problemlərdən biri haqqında danışan səfir iqlim dəyişikliyinə uyğunlaşmanın maliyyələşdirilməsinin vacibliyini vurğulayıb. R.Tomas iqlim dəyişikliyinin yaratdığı maliyyə problemlərinin həlli üçün kreditlərdən deyil, qrant alətlərindən istifadə etməyə, böyük ölkələri və emissiya mənbələrini real addımlar atmağa və hesabatlı olmağa çağırıb. O, həmçinin COP29-un təşkilində Azərbaycanın rolunu dəstəkləyərək, ölkənin iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini yüksək qiymətləndirib.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İqlim strategiyası və inkişafı üzrə idarəedici direktoru Harri Boyd-Karpenter türkiyəli jurnalistlərə açıqlamasında iqlim böhranının təsirləri ilə mübarizə aparmaq üçün zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəmək üçün 2030-cu ilə qədər 2,4 trilyon dollar lazım olduğunu bildirib. Onun sözlərinə görə, COP29 üçün prioritet Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) kontekstində iqlim maliyyələşməsi çərçivələrinin razılaşdırılmasıdır. O vurğulayıb ki, zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqlim maliyyələşdirilməsində gecikmənin hər ili bəşəriyyəti daha mürəkkəb nəticələrə gətirib çıxaracaq.

Bəli, Azərbaycanın bu qlobal problemdə rolu böyük dövlətləri iqlim dəyişikliyi ilə mübarizədə daha məsuliyyətli olmağa təşviq edəcək bir nümunə kimi dəyərləndirilir. COP29-un Bakıda keçirilməsi, Azərbaycanı həm regional, həm də qlobal səviyyədə iqlim dəyişikliyi məsələlərində aparıcı ölkələr sırasına çıxararaq kiçik dövlətlərin qlobal səylərdə daha güclü mövqe qazanmasına imkan yaradır. Bu addım kiçik dövlətlərin iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizədə daha güclü dəstəklənməsinə və onların maraqlarının COP çərçivəsində daha əhatəli şəkildə nəzərə alınmasına xidmət edir.

Böyük təhlükələr...

Ümumiyyətlə, kiçik ada dövlətləri və inkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyinin fəsadlarına ən çox məruz qalan ölkələr arasındadır. Bu ölkələr həm coğrafi, həm də iqtisadi cəhətdən iqlim dəyişikliyinə qarşı ən zəif müdafiəyə malikdir. Birləşmiş Millətlər Təşkilatlarının müvafiq hesablamalarına görə, iqlim dəyişikliyi səbəbilə əhali köçlərinin, su resurslarının tükənməsinin, kənd təsərrüfatı məhsuldarlığının azalmasının və dəniz səviyyəsinin qalxmasının əsas təsirini bu ölkələr görməkdədir. Prezident İlham Əliyev sözügedən tədbirdəki çıxışında neokolonializm və iqlim dəyişmələri ilə bağlı məsələyə toxunaraq vurğulayıb ki, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır: “Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur”.

Fərqli misallara müraciət edək - Maldiv adaları, 2100-cü ilə qədər tamamilə su altında qalmaq riski ilə üzləşir. Dəniz səviyyəsinin ildə 1 sm qalxması nəticəsində Maldiv adaları kimi kiçik ada dövlətləri ciddi ekoloji təhlükə altındadır. Bangladeş kimi ölkələr isə daha böyük miqyasda daşqınlarla üzləşir. İllik daşqın hadisələri artıq əhalinin 30%-ni birbaşa təsir altına alır.

Məsuliyyət və laqeydlik...

BMT-nin iqlim dəyişikliyi ilə bağlı qlobal sazişlərində böyük dövlətlərin inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi verməsi nəzərdə tutulur. 2009-cu ildə keçirilən COP15 Kopenhagen samitində ildə 100 milyard dollar dəyərində dəstək fondu vəd olunmuşdu. Lakin bu öhdəlik tam olaraq yerinə yetirilməyib. 2020-ci ildə bu məbləğin 83 milyard dollarına çatıldığı bildirilmişdi, yəni nəzərdə tutulan maliyyənin yalnız 83%-i təmin olunub. 2016-2019-cu illərdə verilən vəsaitlərin 71%-i kredit şəklində, yalnız 29%-i isə qrant olaraq verilib. Bu da az inkişaf etmiş ölkələr üçün əlavə borc təzyiqi yaradır. ABŞ, Kanada və Avstraliya kimi ölkələr COP öhdəliklərində böyük pay sahibləri olmalarına baxmayaraq, maliyyə dəstəyini tam təmin etmirlər. Məsələn, ABŞ 2021-ci ildə COP26 zamanı 11.4 milyard dollar maliyyə vədi versə də, indiyədək bu miqdarın yalnız bir hissəsi reallaşıb.

Paralel olaraq böyük dövlətlər dünya miqyasında karbon emissiyalarının əsas mənbəyi olaraq qalır. 2019-cu il məlumatlarına görə:

- Dünyada karbon emissiyalarının təxminən 47 faizi böyük dövlətlərin payına düşür;

- Əksinə, kiçik ada dövlətləri və az inkişaf etmiş ölkələr bu payın yalnız 0.5 faizini təşkil edir, lakin əks təsirə məruz qalan əsas dövlətlər də elə bu ölkələrdir.

İqlim dəyişikliyi ilə bağlı müzakirələrdə böyük dövlətlər öz iqtisadi maraqlarını müdafiə edərək emissiyaların azaldılması barədə ciddi addımlardan çəkinirlər. Bu, əsasən sənaye sektorunun iqtisadi zərurətlərlə əsaslandırılması və bərpa olunan enerji keçidində ləngliklə bağlıdır.

Bu problemlər isə adını “böyük dövlət”, “demokratiya keşikçisi” qoymuş ölkələr, adının qarşısına “beynəlxalq” yarlığı yapışdırmış təşkilatlar tərəfindən laqeydliklə qarşılanır. İrqi ayrı-seçkiliyi özünün əsas siyasi baxışına çevirmiş bu təşkilatların bəzi nümayəndələri isə kiçik dövlətləri aşağılamağa belə cəhd edirlər. Prezident İlham Əliyev bildirib ki, əgər Avropanın əsas diplomatı Cozef Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! “Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək”, - deyə dövlət başçısı qeyd edib.

“Yaşamaq üçün saziş” tövsiyyə olaraq qaldı...

Təəssüfləndirici haldır ki, kiçik dövlətlər COP samitlərində öz səsini duyurmağa çalışsalar da, onların təklif və tələbəri çox vaxt diqqətdən kənarda qalır. COP26-da Tuvalu, Fiji, Maldiv adaları kimi ölkələrin nümayəndələri emissiyaların təcili azaldılması üçün həyəcan təbili çalsa da, böyük dövlətlər yenə də lazımi dəstəyi göstərmədilər. Əvvəlki konfranslarda kiçik ada ölkələrinin nümayəndələri tərəfindən “Loss and Damage” (Ziyan və Zərər) adı altında böyük dövlətlərdən təzminat tələb olunsa da, təklif böyük dövlətlər tərəfindən rədd edildi. 2021-ci ildə Maldiv və Tuvalu nümayəndələri tərəfindən “Yaşamaq üçün saziş” təklifi təqdim olundu. Bu təklif qlobal istilik artışının 1.5°C-lə məhdudlaşdırılmasını tələb edirdi. Lakin COP26 qərarında bu hədəf yalnız tövsiyə olaraq qaldı.

Maliyyə dəstəyi tam yerinə yetirilməli, öhdəliklərə daha ciddi yanaşılmalıdır

Nəticə etibarı ilə COP sammitləri əsasən, qlobal iqlim dəyişikliyi ilə mübarizə üçün yaradılan ən mühüm platformalardan biridir, lakin böyük dövlətlərin laqeydliyi kiçik ölkələrin qlobal iqlim dəyişikliyi ilə mübarizəsini çətinləşdirir. Böyük iqtisadi güclər iqlim dəyişikliyi ilə bağlı tədbirlərdə qlobal məsuliyyətlərini daha ciddi qəbul etmədikcə, kiçik və həssas ölkələrin yaşadığı çətinliklər daha da dərinləşəcək. Bu məsələdə böyük dövlətlərin həm maliyyə dəstəyini tam yerinə yetirməsi, həm də iqlim dəyişiklikləri ilə bağlı öhdəlikləri daha ciddi şəkildə qəbul etməsi olduqca vacibdir.

Pərviz SADAYOĞLU

Seçilən
6
1
yeniazerbaycan.com

2Mənbələr