AZ

Fransanın müstəmləkəçi siyasəti bir daha ifşa edilib

Müasir dünyanın ən miqyaslı və mötəbər beynəlxalq tədbirlərindən olan COP29-un Bakıda keçirilməsi beynəlxalq birliyin ölkəmizə verdiyi önəm və Azərbaycanın bir dövlət olaraq siyasi nüfuzunun göstəricisidir. Noyabrın 12-də öz işinə başlayan bu beynəlxalq miqyaslı tədbirdə 196 ölkədən 72 min nümayəndə iştirak edir ki, onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir vardır.

Noyabrın 13-də isə Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan Kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Sammitdə çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş G20 ölkələrinin dünyada hava çirkləndiricilərinin 80 faizinin yaranmasına cavabdeh olduğunu deyib. “Sizin qəzəbli olmağa tam haqqınız çatır, mən də qəzəbliyəm. Çünki baş verən bu ədalətsizlik, dənizlərin səviyyəsinin yüksəlməsi sizin adaların gələcəyini təhlükə altına alır, sakinlər təbii fəlakətlərdən əziyyət çəkir, iqtisadiyyata böyük zərbə dəyir. Bu ədalətsizliyə son qoyulmalıdır”.

Baş katib diqqətə çatdırıb ki, kiçik ada dövlətləri yaranmasında heç bir rol oynamadıqları böhranın öhdəsindən gəlmək üçün dəstəyə layiqdirlər. Bu məqsədlə də iqlim maliyyələşməsinin uğurla razılaşdırılması tələb olunur.

Qeyd edək ki, SIDS iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz qalan həssas ölkələr kateqoriyasında yer almaqdadır. Adalardan ibarət və sahil ölkələrini öz sıralarında birləşdirən alyans dəniz səviyyəsinin artmasını və qlobal istiləşmənin digər fəsadlarını beynəlxalq müzakirələr gündəliyinə çıxarır. Alyansa 39 dövlət və beş müşahidəçi ölkə daxildir.

Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Toplantıda qeyd edilib ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər.

Prezident İlham Əliyev kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı bildirib: “Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm”.

İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.

Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Ölkəmiz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişdir. Ölkəmiz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişdir. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Azəqbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə ölkəmiz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişdir. Prezident İlham Əliyev Bakıda sammitdəki çıxışında bildirib ki, “Biz, həmçinin ərzaq təhlükəsizliyi, mədəni irsin qorunmasında yardım göstərmişik. Bir çox kiçik ada ölkələri bizim təqaüd proqramlarından yararlanıb, onların vətəndaşları Azərbaycandakı universitetlərdə təhsil alıb”.

Baham Adaları, Tonqa və Tuvalunun rəhbərlərinin bu ilin mayında ölkəmizə səfəri çərçivəsində qəbul olunmuş Bakı Kommünikesində COP29-un və iqlim maliyyələşməsinə çıxışın vacibliyinin xüsusi vurğulandığını xatırladan dövlət başçısı bildirib: “Bu ilin sentyabrında İtki və Zərərlər Fondunun fəaliyyətə başlaması ilə əlaqədar Bakıda ciddi irəliləyiş əldə olundu. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır”.

Prezident, həmçinin deyib ki, bu gün Fransanın və Niderlandın dənizaşırı əraziləri, xüsusilə də Sakit Okean və Karib adalarında olan ərazilər çox böyük, ciddi çətinliklərlə üzləşirlər. Onların iqlim dəyişmələrinin ən ağır təsirinə məruz qaldıqlarını vurğulayan dövləti başçısı qeyd edib: “Artan dəniz səviyyəsi, təbii fəlakətlər, biomüxtəlifliyin itirilməsi bu regionlar üçün böyük təhdid yaradır. Həmin dövlətlərin səsləri Metropoliten hakimiyyət orqanları tərəfindən kobud şəkildə təqib edilir”.

Dövlət başçısı bildirib: “Azərbaycan kiçik ada dövlətlərinə Qoşulmama Hərəkatının sədri kimi dəstək verib və COP29-un sədri olaraq öz dəstəyini verir. Biz öz dəstəyimizi gələcəkdə də davam etdirəcəyik”.

Dövlət başçısı öz çıxışında Fransanın müstəmləkəçi siyasətindən də danışıb. Fransa Polineziyası təbiətinin çox ağır deqradasiya ilə üzləşdiyini, Fransa tərəfindən orada çoxsaylı nüvə sınaqlarının aparıldığını vurğulayan dövlət başçısı deyib ki, Fransa torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır. Əgər biz işğal zamanı Əlcəzairdə 17 nüvə sınağının aparılmasını nəzərə alsaq, anlaya bilərik ki, planetin ekosisteminə nə qədər böyük zərər vurulub.

Dənizaşırı ərazilərdə olan cinayətlərə toxunan Azərbaycan Prezidenti bu yaxınlarda Fransa tərəfindən insan hüquqlarının pozulması hallarının baş verdiyini, Yeni Kaledoniyada nümayişlər zamanı Makron rejimi tərəfindən çox sayda vətəndaşın qətlə yetirildiyini və yaralandığını bildirib.

image-1

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
27
50
moderator.az

10Mənbələr