AZ

Ölkəmiz kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir

COP29 uğurla davam edir. Noyabrın 13-də konfrans çərçivəsində İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin (SİDS) Sammiti keçirildi. Bədxahların gözlədiklərinin əksinə olaraq tədbirdə 80-dən çox dövlət və hökumət başçısı iştirak etdi. Sammit Prezident İlham Əliyevin digər məsələlərlə yanaşı, Fransa və Niderlandın müstəmləkəçilik siyasəti ilə bağlı kəskin tənqidi fikirləri ilə yadda qaldı. Kiçik ada dövlətlərinin üzləşdiyi ekoloji problemləri, eləcə də Azərbaycanın onlara göstərdiyi hərtərəfli yardımı qeyd edən dövlət başçısı Paris və Amsterdamın bu torpaqlarda yürütdüyü müstəmləkəçilik siyasətini kəskin qınadı.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, konfransda yüz milyard ABŞ dolları məbləğində iqlim dəyişikliyi proqramları üçün maliyyələşmə barədə razılığa gəlindi və söhbət ölkələrin qəbul etmək niyyətində olduğu konkret maliyyələşdirmədən gedir. Əlbəttə ki, bütün bunlar Azərbaycanın və tərəfdaşlarının qarşılıqlı məhsuldar əməkdaşlığının bəhrəsidir.

Ancaq bütun bunlara baxmayaraq Azərbaycanın bəşəriyyətin qorunmasına yönəlik fəal təşəbbüslərinə və onun beynəlxalq nüfuzuna qarşı çıxanlar sammiti boykot etməyə çalışaraq “qara piar”la məşğul oldular. Baykotçuların bütün bu absurd hücumlarına baxmayaraq, COP29 uğurla davam edir. Azərbaycan bu mötəbər tədbirin ev sahibi və sədri kimi tərəflərlə konstruktiv işləməkdədir, inklüzivliyin təmin edilməsi və qlobal iqlim gündəliyində gözlənilən nəticələrə nail olunması səylərini davam etdirir.

COP29 böyük mühum platforma kimi bəşəriyyəti narahat edən problemlərin müzakirə ünvanıdır və bu mənada belə konfrans səsləri daha az eşidilən, çox hallarda problemləri nəzərə alınmayan və ya səsləri boğulan kiçik ada dövlətləri üçün ikiqat əhəmiyyət daşıyır. Belə ölkələrin haqq səsini hər zaman dəstəkləyən Azərbaycan COP29-da hər kəsin dinlənilməsi üçün platforma təqdim edir. Hazırda kiçik ada dövlətləri iqlim dəyişikliyindən çox əziyyət çəkir və bu məsələdə Qərbin böyük “payı” var. Özünüidarəetmədən məhrum olan bu regionlar öz narahatlıqlarını ifadə edə bilmir və onların səslərinə məhəl qoyulmur. Kiçik Ada Dövlətlərinin Sammitində beynəlxalq ictimaiyyət bu ölkələrin üzləşdikləri problemləri dinləmək şansı qazandı. Sammitdə Prezident İlham Əliyev bununla bağlı bir daha öz qətiyyətli mövqeyini ortaya qoydu, dünyaya səsləndi ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Dövlət başçısı inkişaf etmiş bütün ölkələri ölkələri məsuliyyətə çağırdı. Xüsusilə də müstəmləkə keçmişi olan ölkələri kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməyə səslədi. Eyni zamanda, Prezident Əliyev Fransa və Niderlandın bu torpaqlarda yürütdüyü müstəmləkəçilik siyasətini kəskin tənqid etdi.

Dövlət başçısı Parisin müstəmləkə cinayətlərinin siyahısını, o cümlədən dırnaqarası dənizaşırı ərazilərdə və Əlcəzairdə həyata keçirdiyi 200-dən çox nüvə sınağını, eləcə də Yeni Kaledoniya, Martinik və Qvadelupada Kanak etirazlarının bu yaxınlarda vəhşicəsinə yatırılmasını diqqətə çatdırdı. Prezident İlham Əliyev Fransanın qeyri-insani hərəkətlərini qeyd etməklə Avropa institutlarını ədalətli şəkildə tənqid etdi. Dövlət başçısı bəyan etdi  ki, Parisin bu qanunazidd əməllərinin “qoca qitə”nin ədalət institutunun qınamaması və zəruri qərarlar qəbul etməməsi ikili standartların bariz nümunəsidir.

Azərbaycan tək çağırışla kifayətlənmir. Dövlət başçımızın bildirdiyi kimi, ölkəmiz kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Bu yardımlar təbii fəlakətlərin fəsadlarını aradan qaldırılmasından tutmuş qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrini, eləcə də tələbə təqaüdü proqramlarını əhatə edir. Azərbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə göstərdiyi maddi və humanitar yardımlardan 80-dən çox ölkə və 20 kiçik ada dövləti faydalanmışdır.

Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin sammitdə məzmunlu və tutarlı çıxışında beynəlxalq platformada Azərbaycanın qlobal problemlərin həllində oynadığı mühüm rolu diqqətə çatdırdı.

Eyni zamanda, dünyaya açıq mesaj verdi ki, Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli aktoru kimi üzərinə düşən öhdəlikləri hər zaman yerinə yetirəcək və bu istiqamətdə həmişə ədalətin tərəfində olacaq.

Seçilən
51
25
xalq.az

10Mənbələr